Xəstə gənclərin əsgəri xidmətə aparılmasından əsgər ölümünədək olan gizlinlər
Səfərbərlik Xidmətinin yaradılmasında korporativ maraqların olması haqda KİV çox yazıb, çox deyib. Yəni bizim dediklərimiz yeni kəşf deyil. Sadəcə xatırlatmaqda yarar var – deyə, düşündüyümüzdən və həm də yaranışından bəri Azərbaycan ailələrinə faciədən başqa hələlik xoş bir şey bəxş etməyən bu qurumun fəaliyyətinə bir daha işıq salmaq istədik. Bu qurumun yaradılmasını “islahat” deyə bəh-bəhlə qarşılayanlar bir aylıq əsgərlərin xəstəlik sonucu olaraq ölməsi və valideynlərinə bir şücaət simvolu, qəhrəmanlar kimi deyil, tabutlarda təhvil verilməsi fonunda biz indi bəzi muzdur hərbi ekspertlərin sifətini görmək istərdik. Və sormaq istərdik ki, niyə biz onların tərifləyib, öydükləri islahatları, kadrları görmədik, əvəzinə həmin “islahatlar”ın nəticəsi olaraq xəstə gəncləri sağlam imkanlıların yerinə “dürtməklə” öz əlimizlə gələcəyimizin qədərini cızdıq və torpağa gömdük? Bunları görən insan heç utanmazmı? Ələ düşən fürsətdən yararlanaraq dərhal ölü əsgər siyahılarını daha da şişirtmək sevincini yaşadıqlarını desək, bəlkə də səhv etmərik. Bunu hər həftə ölü əsgərlərlə əlaqədar hesabat siyahısının bütün maraqlı olan və olmayan KİV-də dərc olunması da təsdiq edir. Nəyə və niyə sevinirik, görəsən? Bu, sadəcə anlamazlıq, təsadüf kmi bəsit və qeyri-real mahiyyətə söykənmir. Çünki təsadüf deyə bir şey yox, bu dünyada. Hər şey bir-biri ilə əlaqəli zəncirlə bağlıdır. Əslində, Hərbi ekspert Üzeyir Cəfərov da bu gerçəyi deyir və həyəcan təbili çalır. Qeyd edir ki, Səfərbərlik Xidmətində xəstə gəncləri əsgəri xidmətə aparmaqla təkcə məsələnin maddi tərəfini deyil, həm də siyasi tərəfini düşünmək lazımdır. Bəziləri düşünür ki, əsgərdən gələn ölü sayının artması Müdafiə Nazirliyi rəhbərliyini hədəfə gətirəcək və nəticədə Arzu Rəhimovun da daxil olduğu hakimiyyətdəki şəbəkə öz korporativ maraqlarına qovuşacaqlar. Bunu biz demirik, artıq bunu MN-ə hər an müxalifətdə olan hərbi ekspert deyirsə, demək, vəziyyət düşündüyümüzdən də acınacaqlıdır. Çünki hər bir normal dövlətin hədəfi öz vətəndaşının təhlükəsizliyi və rifahı olduğu halda, bizdə əksinə olaraq bir mənəvi-psixoloji terror, soyqırımla üz-üzəyik. Reallıq budur ki, bu gün biz media olaraq bəzi naqislikləri gün işığına çıxardığımızdan dolayı məhkəmələrdə can çəkişirik. Anlayırıq ki, həqiqəti söyləməyin bir bədəli var və biz bu bədəli ödəməyə hazırıq. Çünki bilirik ki, gec-tez həqiqət öz yerini tapacaq və doğru yanlışa qalib gələcək, düz əyrini kəsəcək. Bu, bir İlahi vəddir, dünyanın idarəolunma sisteminin gərəyidir və kimsə bu gerçəyin qarşısını ala bilməz. Biz də bu böyük prosesdə öz missiyamızı yerinə yetiririk. Və üzümüzü Səfərbərlik Xidmətinin rəisi general Arzu Rəhimova tutub, soruşuruq, necə ola bilər ki, bir aylıq çağırışçı əsgəri xidmətdə xəstələnir və dünyasını dəyişir? İddia edə bilərsiniz ki, dünyada belə şeylər ola bilər və s. Bu fikirdə haqsız deyilsiniz. Amma bu təsadüflərin sayı ədədi silsilə ilə artmaqda davam etdikcə, bu olaylar heç də təsadüflər təəssüratı yaratmır. Necə ola bilər ki, yenicə əsgəri xidmətə gedən gənc ürək-qan dammar xəstəliyindən dünyasını dəyişir? Axı ürək xəstəlikləri bir gündə, yaxud beş gündə ortaya çıxan xəstəlik deyil. Demək ki, bu gəncin ürək xəstəliyi bilərəkdən gözardı edilib və hansısa imkanlı balasının yerinə xidmətə “layiq” görülüb. Bu yazdığım hadisə havadan götürülməyib və konkret faktlara söykənir: “18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib”. Yaxud, başqa bir fakt: “Tərtərdə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. F. İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib. Mərhum F. İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. ” Bunlar yalnız bir ay əvvəl hərbi xidmətə çağrılmış iki gəncin, iki ailənin son faciəvi hadisələridir. Ancaq sonmu? Bunu deməyə cəsarət etmirəm. Çünki bu cür naşı, səriştəsiz Səfərbərlik sistemi və rəhbərliyi mövcud olduqca bu cür yanğınların ailə ocaqlarına düşməyəcəyinə necə əmin ola bilərsən?! Bəzi hərbi ekspertlərin təsdiq etdiyi informasiyalara əsasən, Səfərbərlik Xidmətinin rəhbərliyinin apardığı kadr “islahatı” da yerlərdəki hərbi-tibbi komissiyaların verdiyi qərarlar kimi nataraz aparılır. Məlumata görə, Xidmətin rəisi Arzu Rəhimovun verdiyi 18 kadr təyinatının hamısı eyni bölgədən, yəni Naxçıvan əsilli olub. Digər bölgələrin təmsilçiləri bizim olduğu kimi, Naxçıvanlı kadr da bizimdir. Amma istisnasız olaraq verilən 18 kadr təyinatının hamısının Arzu Rəhimovun yerlilərinin, yəni naxçıvanlı olmasını görəndə bunun insanlara başa salmaq və adını qoymaq çətin olur. Və indiyə qədər ixtisaslaşmış kadrları bir yana qoyub, yalnız sədaqət prinsipi üzrə yerlilərinizi yanınıza yığarsanız, bu, dövlət olmaz, olsa-olsa, məhlədəki “ciqrequ” oyunu olur ki, bunun da nəticəsində ən azından vətən uğrunda şəhid qəhrəmanlar deyil, xəstəlikdən dolayı dünyasını dəyişən ölülər alırsınız. Və bunun müqabilində qətiyyən kimsə düşünməsin ki, od yalnız düşdüyü yeri yandırar və ölülər yalnız onun aid olduğu ailələrə məxsusdur, acılarını da onlar çəkər. Bu, belə deyil. Bu, bir zülmdür və hamı bilsin ki, zülmlə abad olanın sonu bərbad olur və ailələrə düşən odun istisi olmasa da, tüstüsü səbəbkarları boğa bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?