“Susmaqla Müsavat Partiyası etiraf etdi ki, bəhanələri keçərsizdir. Artıq buna özləri də əmindirlər”.
Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.
F. Qəhrəmanlı hesab edib ki, Müsavatın müxalifət qüvvələri arasında ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında bəyanatla çıxış etməsi qeyri-səmimi mövqedir: “Müsavat bəyanata qədər bir neçə gün ərzində öz mövqeyini əsaslandırmağa çalışdı. Cəmiyyət Müsavat Partiyasından niyə Milli Şuranı tərk etməsi ilə bağlı suallar soruşdu və buna həmin qurumun gətirdiyi arqumentlər isə yetərsiz oldu. Bu da Müsavata qarşı böyük ictimai qınaq yaratdı. Sonradan onlar gördülər ki, bu qınağın qarşısını almaq mümkün deyil, həmçinin onlara yönələn sualların da sayı artır.
Həmçinin, Müsavat Partiyası Milli Şuradan çıxmaqla bağlı verdiyi bəyanatda gətirdiyi arqumentlər ciddi şəkildə təkzib olundu, Milli Şuranın seçki bloku olması haqda dedikləri də öz təsdiqini tapmadı. Çünki Milli Şuranın Bəyannaməsində belə bir müddəa yoxdur”. Müsavatın Milli Şuranın Bəyannaməsini imzalamağı ilə öz üzərinə öhdəlik də götürdüyünü deyən AXCP sədrinin müavini qeyd edib ki, adıçəkilən təşkilat bu öhdəlikdən yayınmanın doğru-düzgün izahını da verə bilməyib: “Əvvəla siyasi polemikalarda iştirak etmək nə zamandan qəbahət sayılıb və qarşıdurma hesab olunub? Əksinə polemikalarda təşkilatlar mövqelərinin açıqlanması üçün tribuna hesab edirlər”.
Onun sözlərinə görə, Müsavat təmsilçiləri bir neçə uğursuz açıqlamadan sonra cəmiyyətdə mənfi reaksiya yaratdığının da şahidi oldular:
“Buna görə də Müsavat Partiyası mövqeyini əsaslandıra bilmədiyindən susmağa üstünlük verdi”.
Qeyd edək ki, iki gün əvvəl Müsavat Partiyası Milli Şuranı tərk etməklə bağlı qərar verib. Bundan sonra Müsavatın çıxmasının əleyhinə olan qüvvələrlə adıçəkilən partiya üzvləri arasında siyasi çəkişmə başlayıb. Müsavat Partiyası isə müxalifət qüvvələri arasında ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanatla çıxış edib.
Sorğu
Yeni dizaynımız necədir?