“İnsan var problem var, insan yoxdur problem yoxdur” prinsipi işə düşüb
gundemxeber.az Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva dünyasını dəyişib.Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib. Xatırladaq ki, Gülər Əhmədova video qalmaqallarının baş qəhrəmanı və Elşad Abdullayevlə digər yüksək çinli rəsmilər arasında vasitəçilik rolunu oynayan Sevinc Babayeva istintaqın ilkin dindirməsindən sonra ölkəni tərk edib. Artıq hüquq mühafizə orqanları Sevinc Babayevanı interpool vasitəsilə axtarışa verib. Lakin bu cür mühüm və ölkədə ciddi ajiotaj doğuran hadisənin aparıcı simalarından birinin rahat formada ölkədən getməsi şübhəli məqamlar yaradıb. Son aylar adı qalmaqallı videolarda çəkilən deputat deyib ki, bu xəbəri hamı kimi, o da pis qarşılayıb. O, əlavə edib ki, bu haqda onda heç bir məlumat yoxdur və yaxşı olar ki, prokurorluqla əlaqə saxlayıb məlumatı onlardan öyrənək. “Özünüzə qarşı təhlükə hiss edirsinizmi” sualına gəldikdə Gülər Əhmədova deyib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək. Qeyd edək ki, Əhmədova açıqlamasında xəstə olduğunu xüsusilə vurğulayıb. "Hamı kimi mən də Sevinc Babayevanın vəfat etməsi xəbərini mediadan eşitdim. Hələlik, bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, o vəfat edibsə, bunun səbəbləri araşdırılmalıdır". Bu sözləri isə Elşad Abdullayev Sevinc Babayevanın ölüm hadisəsinə münasibət bildirərkən söyləyib. Vəkil Aslan İsmayılov isə Sevinc Babayevanı iş üzrə “ən çox məlumata malik olan və ifadə verməyə meylli olan, hadisəni təfərrüatı ilə danışa biləcək şəxs” kimi xarakterizə edib: ““Sevinc Babayevanın ölümü Elşad Abdullayevdən deputat mandatı üçün rüşvət alınması faktı üzrə açılan cinayət işinin istintaqını xeyli çətinləşdirəcək. Yayılan videolardan da bu aydın görünürdü. Ona görə də onun öldüyü doğrudursa, istintaqın işi ciddi şəkildə çətinləşəcək”. Vəkil qeyd edib ki, Sevinc Babayeva haqda yayılan xəbərlə bağlı indi hər hansı fikir bildirmək çox çətindir: “Çünki onun oğlunun prokurorluğa anasının Türkiyədə ölməsi xəbərini verməsindən başqa bir məlumat yoxdur. Bunu ətraflı öyrənmədən nəsə demək doğru olmaz. Baş Prokurorluğun açıqlamasında deyilir ki, oğlu Sevinc Babayevanın İstanbuldakı xəstəxanalardan birində ürək xəstəliyindən dünyasını dəyişdiyini söyləyib. Onun hansı xəstəxanada müalicə olunduğu, həqiqətən də orada olub-olmadığı, hansı şikayətlə xəstəxanaya müraciət etdiyi, Azərbaycanda olarkən hər hansı xəstəliyinin olub-olmadığı, olubsa, harada müalicə aldığı araşdırılmalıdır. Sevinc Babayevanın öz əcəli ilə keçindiyi, yoxsa öldürüldüyü də suallardan biridir. İndi bunu qəti demək mümkünsüzdür”. Elşad Abdullayevin vəkili Adil İsmayılov isə deyib ki, Sevinc Babayeva ölübsə, Türkiyənin hüquq mühafizə orqanları bu fakta qiymət verəcək: “İşin necə araşdırılmasını isə istintaqçılar müəyyən edəcək. Hadisələri qabaqlayıb hər hansı fikir bildirmək istəmirəm”. Baş verənlərlə bağlı açıqlama verən kriminoloq Əyyub Kərimov bildirdi ki, Sevinc Babayevanın ölkəni nə vaxt tərk etdiyi bilinmir: “Hələ dəqiq bilinmir ki, Sevinc Babayeva ilkin ifadəsindən sonra ölkəni tərk edib. Əgər hüquq mühafizə orqanları Sevinc Babayevanı interpol vasitəsilə axtarışa veriblərsə, bu onun ölkədə olmaması deməkdir. Sözsüz ki, Sevinc Babayeva ölkədən elə belə çıxa bilməzdi. Təbii ki, onun ölkədən çıxarılması üçün hansısa qüvvələr tərəfindən müəyyən şərait yaradılıb. Lakin hansı yolla getməsini heç kəs deyə bilməz. Fakt budur ki, Gülər Əhmədova qalmaqalı ilə bağlı üz-üzə gələn qüvvələr var. Sevinc Babayeva təbii ki, daha da ciddi faktlar açaraq ortalığa qoya bilərdi.” Sevinc Babayevanın öldürülməsi versiyasını da istisna etmədiyini bildirən Əyyub bəy, “mümkündür ki, Sevinc Babayeva öldürülüb və ya öldürülsün. Belə bir məsələ vardır ki, “insan var problem var, insan yoxdur problem yoxdur.”. Əgər məlum olsa ki, Sevinc Babayeva sağ deyil onda onun danışa biləcəkləri hər bir şeyə nöqtə qoyulacaq ”, - deyə bildirdi: “Hansısa qüvvə Sevinc Babayevanın gizlədilməsini istəyirsə, digər ikinci və üçüncü qüvvələr isə onun istintaqa təhvil verilməsinə və ya öldürülməsinə çalışır. Düşünməliyik ki, bununla bağlı 3 qüvvə fəaliyyət göstərir.” Azərbaycanda bu ölüm xəbərinə münasibətdə çeşidli versiyalara yol açılıb. İlk versiya budur ki, ola bilsin, Sevinc Babayeva heç ölməyib və bütün baş verənlər onun ailə üzvlərinin ölkədən rahat çıxarılmasına, daha sonra da eynilə Elşad Abdullayev kimi, “təhlükəsizliyinin” tam təmin edilməsindən sonra danışdırılmasına hesablanıb. İkinci və əsas versiya isə budur ki, Sevinc Babayeva öldürülüb və onun ölüm faktı üzərində böyük siyasi oyunlar qurulacaq. Hazırda Sevinc Babayevanın ölümünün kimə sərfəli olacağı istiqamətində də çoxsaylı mülahizələr sadalanır. Mətbuatda dərhal Sevinc Babayevanın susdurulması, daha böyük faktlar açıqlamamsı üçün öldürüldüyü versiyası üzərində dayanılsa da, biz məsələyə daha geniş aspektdən baxmağın tərəfdarıyıq. Bəzi analitiklər Elşad Abdullayev məsələsindən xarici qüvvələrin necə və hansı məqsədlə istifadə edəcəyi, hətta Elşad Abdullayevin öldürülərək Azərbaycan hakimiyyətinin üzərinə atıla biləcəyi və bu qətl hadisəsi üzərində böyük oyunların qurulacağı mülahizəsini irəli sürürdü... İndi belə görünür ki, ilk qurbanlıq Sevinc Babayeva oldu. Doğrusunu, nəyin baş verdiyini bir Allah, bir də bu işi düzüb-qoşanlar bilsə də, sadə məntiq onu göstərir ki, Sevinc Babayevanın ölümü daha çox bütövlükdə Azərbaycan hakimiyyətinin, o sırada da konkret olaraq PA rəhbəri Ramiz Mehdiyevin əleyhinə işləyəcək və bu hadisə iç ziddiyyəti daha da dərinləşdirəcək. Həqiqətən, bu ölüm hadisəsini “susdurulmaq üçün öldürüldü” versiyası üzərində dayananların cavab verəcəyi bir çox qaranlıq suallar var: - Əvvəla, Azərbaycan hakimiyyəti Sevinc Babayevanın yerini bilirdisə, niyə o, tutulub Azərbaycana gətirilmir və ondan “lazımi ifadə” alınmırdı? - İkincisi, Sevinc Babayevanın danışmaq təhlükəsi var idisə, neçə vaxtdır axtarışda olan Sevinc Babayeva müasir texnologiyaların verdiyi imkanlardan faydalanıb bunu edə, Elşad Abdullayev kimi “səmimi etiraflara” başlaya bilməzdimi? - Üçüncüsü, ümumiyyətlə S.Babayevanın ölkədən qaçmasına niyə imkan verilirdi? Azər Talıbov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?