Qazax seçki dairəsindən mandat almış rektorun seçicilərinə ögey münasibəti
gundemxeber.az Artıq ölkədə seçicilərin seçki məntəqələrinə gedərək səs vermə maraqları tamam azalıb. Ona görə ki, əhalinin səs verəcəyi real namizəd kənarda qalaraq seçki qutusundan başqa bir namizədin çıxması, bundan əlavə seçilən şəxsin verdiyi vədlərə əməl etməyərək, işlərini yalnız özünün şəxsi marağı əsasında qurması seçici arzularını puça endirir. Nədənsə Qazax rayonun seçicilərinin deputat sarıdan bəxti gətirmir. Elə 107 saylı Qazax Seçki Dairəsindən seçilmiş millət vəkili Vəliyev Əhməd Abdulkərim oğlunun timsalında da deyilən fikirlər açıq-aydın şəkildə özünü göstərir. Seçilməmişdən qabaq millətə təqdim etdiyi seçki platformasında çox şirin və yağlı vədlər vermiş Əhməd Vəliyev seçicilərə verdiyi vədi kağız üzərindəcə qoymalı oldu. Doğrudur, elmi cəhətdən böyük karyera qazanmış Əhməd Vəliyev haqqında apardığımız araşdırma göstərir ki, sözügedən millət vəkilinin yalnız öz karyerasını qorumaq üçün belə bir ali pillədə oturmağı vacib imiş. Rayonda bir nəfər əlini qatlayıb deyə bilməz ki, mənim deputatım hayıma səs verib, mənə kömək göstərmişdir. Yalnız öz qohum-əqrabasından başqa... Məsələn, Əhməd Vəliyev Milli Məclisə seçilən kimi özünün yerdə köməkçisini yaxın qohumu Nemət Nəbiyevi təyin etmişdir. N.Nəbiyevdən aldığımız şifahi sorğuya görə, köməkçiyə müraciət edənlər yalnız sosial yardımla əlaqədar olub. Bu ilin oktyabr ayının 2-də isə ölkə başçısnın sərəncamı ilə Nəbiyeva Sakibə Ələs qızı “Respublikanın Əməkdar Müəllimi” adına layiq görülmüşdür. Bu qadın Əhməd Vəliyevin qohumu olmaqla, onun doğulduğu kənddə, yəni Alpout kənd tam orta məktəbində fizika müəlliməsidir. Rayon təhsil işçilərinin və təhsil şöbəsinin bir nəfər səlahiyyətli nümayəndəsinin dediyinə görə əməkdar müəllim adını almış Sakibə xanımın şagird yetişdirməkdə heç bir göstəricisi olmamışdır. Ölkədə bir neçə təhsil müəssisəsinin, çoxlu sanballı obyektlərin sahibi olan Qazağın millət vəkili Əhməd Vəliyev Qazax şəhər sakini, ailədə 4 nəfər seçicisi olan Durdanə Süleymanova 17.07.2012-ci ildə onun üstünə ünvanladığı ərizəyə hələ də cavab gözləyir. Belə ki, oğlu Xıdırbəyli İbrahim Azər oğlu 30.09.1996-cı ildə “Odlar Yurdu” Universitetinin “Gömrük işinin təşkili və idarə olunması” fakültəsinə daxil olmuş, sonra da univeristeti bitirmişdir. Lakin universitetdə pullu təhsil olduğu üçün X.İbrahim diplomunu almaq üçün tələb olunan vəsaiti ödəyə bilməmişdir. Valideyn ərizədə, ölkədə ən bərk gedən obyektlər sahibi kimi tanınan və gündəlik gəliri hesaba gəlməz Əhməd Vəliyevdən diplomun alınmasında köməklik göstərilməsini bir seçici kimi xahiş edir. Hansı ki, Əhməd Vəliyev bu işi bir kəlmə sözlə də həll edə bilər. Çünki, o birbaşa “Odlar Yurdu” Universitetinin sahibidir. Buradaca sual olunur? Bir deputat ki, öz səlahiyyəti daxilində bir işi həll edə bilməsin, başqa sahədə seçiciyə necə kömək edə bilər? Bu gün onun nələrəsə nail olması və ya haralarda tanınması seçicini maraqlandırmır. İqtisadi çətinlik içərisində yaşayan seçicilər öz arzularının sorağındadırlar. Seçki qabağı Əhməd Vəliyevin 2010-cu il 7 noyabr tarixi üçün hazırladığı platformanın “Bundan sonra nə etməyi düşünürəm?” başlıqlı fikirlərinə diqqət verək: “Qazağın və qazaxlıların bütün problemlərini özümün problemim hesab edərək həll olunmasını Milli Məclis səviyyəsində, Dövlət orqanları və digər strukturlar qarşısında qaldıraraq həllinə çalışacağam.” Bəs necə olur ki, Əhməd Vəliyevə olunan sadə bir xahiş bu günə kimi cavabsızdır? O, hansı seçicidən və kimə köməklikdən danışır? Artıq Əhməd Vəliyevin xarici görünüşü də seçicilərin yadından çıxıb. Axırıncı dəfə seçicilərlə nə vaxt görüşməyini də əksəriyyət xatırlamır. Üstəlik, Milli Məclisdə deputatın səsini də eşitmirlər. Bəli, doğurdan da Əhməd Vəliyev özü üçün çalışırmış. Belə olan halda seçici hansı gələcək arzularla öz namizədi ilə çiyin-çiyinə dura bilər və hansı həvəslə seçki məntəqələrinə üz tuta bilərlər? İlham Hacalı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?