Ağdaş rayonunda oğurluq hadisəsinin üstü isti izlərlə açılıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərində qeydə alınıb.
Ağdaş şəhər sakini Abbasov Elşən Mövlud oğluna məxsus şəhərin Heydər Əliyev prospektində yerləşən ayaqqabı mağazasına naməlum şəxslər qanunsuz olaraq gizli şəkildə daxil olaraq oradan 104 cüt ayaqqabı və bir ədəd "Toshiba" markalı noutbuk oğurlayıblar.
Oğrular sahibkara ümumilikdə 3500 manat maddi ziyan vurublar.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq hadisəsini törədən şəxslər - Ağdaşın Qarağan-Sədi kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Zaur Fəxrəddin oğlu və Qəbələnin Zarağan kənd sakini, 1975-ci il təvəllüdlü Hüseynov Eldar Sabir oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Əvvəllər Rusiyada törətdikləri cinayət əməllərinə görə həbsxanada birgə məhkumluq həyatı yaşayan Zaur və Sabir dindirilmə zamanı Ağdaşda ayaqqabı mağazasının şüşə pəncərəsini sındıraraq içəri daxil olduqlarını və oğurluq etdiklərini etiraf ediblər.
Məlum olub ki, onlar Ağdaş şəhərində kafedə birgə yeyib-içdikdən sonra gecə saatlarında əvvəlcə mağazadan noutbuku oğurlayaraq evə gediblər. Bir saat sonra evdən kisələr götürərək yenidən mağazaya qayıdan dostlar oradakı ayaqqabıları da oğurlayıblar. Onların isti izlərlə tapılmasına səbəb isə oğurluq hadisəsinin mağazadakı təhlükəsizlik kameralarına anbaan düşməsi olub. Onlar spirtli içki qəbul etdikləri üçün mağazadan oğurluq prosesini qeydə alan təhlükəsizlik kamerasından gec xəbər tutublar və sonda onları çəkən kameranı da vurub sındırıblar. Mağazadan oğurlanan əşyalar maddi sübut kimi tapılaraq geri qaytarılıb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?