Bu gün Ağdaş rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məşəd kəndində yerləşən Qaraçılar məhəlləsində keçirilən yas mərasimində qeydə alınıb. Qonşular arasında baş verən davaya getdikcə xeyli insan cəlb olunub. Təxminən 50 nəfərin iştirak etdiyi əlbəyaxa dava zamanı bıçaq və küt alətlərlə bir-birinə xəsarət yetirənlər olub. Hadisə zamanı 1964-cü il təvəllüdlü Ağamirzə Ağasəf oğlu Qasımov, 1971-ci il təvəllüdlü Valeh Şahı oğlu Əliyev, 1949-cu il təvəllüdlü Şahadur Xudu oğlu Məmmədov, 1960-cı il təvəllüdlü Ərəstun Əflatun oğlu Məlikov və 1952-ci il təvəllüdlü Ağayar Qulu oğlu Cümşüdov bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti orta ağırdır.
Məlumata görə, qonşular arasında iki ildir ki, qan düşmənçiliyi davam edir və onlar tez-tez dava edirlər. Belə ki, iki il öncə Məşəd kəndinin sakini olan ailəli bir oğlan qonşunun qızı ilə qeyri-rəsmi münasibətdə olub. Qızın əmisi qardaşı qızını namus üstündə qətlə yetirib və həbs olunub. Sonradan oğlanın qohumları ilə qızın qohumları arasında düşmənçilik yaranıb.
Hazırda kütləvi dava və bıçaqlanma hadisəsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?