"Necə ola bilir ki, mən dövlət başçısının qəbuluna düşə bilirəm, AzTV-nin efirinə yox”
“Mən heç kəsin yanında başıaşığı deyiləm. Düz 40 ilə yaxın AzTV-nin solisti olmuşam. Lakin son illər xoşagəlməz bir vəziyyət yaranıb ki, mən bunu anlaya bilmirəm. Mən AzTV-nin solisti kimi ixtisara düşmüşəm. İndi AzTV-nin efirlərində başqa sənətkarlar cərəyan edir. Mənim kimi sənətkar AzTV-nin efirinə çıxa bilmir. Necə ola bilir ki, mən dövlət başçısının qəbuluna düşə bilirəm, AzTV-nin efirinə yox”. Bu sözləri ANS PRESS-ə açıqlamasında Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiyanı şərh edərkən söyləyib. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirib.
İ. Quliyeva deyib ki, onun şəxsiyyətinə və sənətinə bütün ölkədə hörmət qoyulur, hətta dövlət başçısı belə ona qarşı həmişə qayğıkeş və diqqətli davranır: “Bu yaxınlarda Heydər Əliyevin 90 illik yubileyi belə onun adını daşıyan mərkəzdə prezident İlham Əliyevin qəbulunda olmuşam. Mənə çox böyük diqqət göstərilir. AzTV-də bir neçə il əvvəl baş verən bu rəhbərlik dəyişikliklərinin də müsbət nəticələri olub. Sədr Arif Alışanovun mənə, mənim də ona çox böyük hörmətim var. Yəni Arif Alışanovdan narazı deyiləm. Hələ də AzTV-nin xəbərlərinə baxıram, lakin orada pis işlərlə məşğul olan mənfi adamlar var. Söhbət televiziyanın Musiqi Departamentinin rəhbəri Nadir Axundovdan gedir. O, burada monopoliya yaradıb. Şəxsi malikanəsi kimi davranır. Nadir Axundovla heç kim bacara bilmir. İndi mənim kimi sənətkarların yeri böyük tədbirləri bağlamaqdır. Lakin onun öz favoritləri var. Mən dünyanın sülh səfiriyəm. O isə mənə vaxtı keçib deyir. Mənim adımı solist siyahısından çıxarıblar. Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Baxın AzTV-nin efirinə və görün orada kimlər oxuyur, sizə dastanlar danışarlar”.
Xalq artisti deyib ki, ixtisara düşməklə həm də iş yerini itirib: “Ora mənim iş yerim idi. Mən yaşlansam da formadayam, səsim yerindədir. Xalq hələ də məni ayaq üstə alqışlayır. İndi Azərbaycanın bölgələrində və xaricdə 50 illik sənət fəaliyyətimlə bağlı hesabat konsertləri verməyə başlayacam. Yekun konsert isə Heydər Əliyev sarayında olacaq. Bu isə məni diri-diri qəbrə qoymaq istəyir. Qərara gəlmişəm ki, yaranmış bu durumla bağlı prezident İlham Əliyevə rəsmi müraciət edim. Bu qədər olmaz axı. Elə bil ki, mən yoxam. Yenə sağ olsun özəl televiziyalar məni çox əziz tuturlar. Amma nə üçün Nadir Axundov kimə arxayındır? Baxın son 5 ildə AzTV-də bir dənə konsert çəkilişim olmayıb. Bu adam əzraildir düşüb AzTV-nin canına. Bu insanı nə havalandırıb sadəcə bilmək istəyirəm. Mən hələ çox şeylər danışa bilərəm, düşünürəm ki, hələlik bu qədər kifayətdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?