Artıq bir neçə gündür ki, Azərbaycanda Ramazan ayı qeyd olunur. İslam dünyasında 11 ayın sultanı kimi tanınan Ramazan ayında insanlar oruc tutur, namaz qılır, yaxşı əməllər edərək savab qazanmağa çalışırlar. Maraqlıdır, tanınmış simalar bu ayda oruc tutub, yaxşı əməllər üçün çalışırlarmı?
gundemxeber.az a24.az-a istinadla xəbər verir ki, əməkdar artist Abbas Bağırov oruc tutduğunu bildirib:
"Ramazan ayı mənim ən sevdiyim müqəddəs aylardan biridir. Tək bu ay deyil, ümumiyyətlə, hər zaman çalışıram yaxşı əməllər görüm. Bəli, mən də öz borcumu yerinə yetirərək orucumu tuturam. Arzu edirəm bu ayda oruc tutan, namaz qılan insanların bütün əməlləri qəbul olsun".
Əməkdar artist Elza Seyidcahan da oruc olduğunu deyib:
"Bəzi insanlar var ki, bütün ayları günah işlər görür. Ramazan ayı başlayan kimi Allah yanında günahlarının bağışlanması üçün oruc tutmağa başlayırlar. Mənim buna olan münasibətim heç də xoş deyil. Əgər savab qazanmaq, yaxşı əməllər görmək istəyirsənsə, bunu tək müqəddəs aylarda etmək lazım deyil. Mən və ailəm də hər il olduğu kimi oruc tuturam. Allah tutulan bütün orucları, qılınan namazları qəbul eləsin".
Xalq artisti Alim Qasımov da müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik etməyi və oruc tutmağı özünə borc bilib.
"Müsəlman aləmində 11 ayın sultanı kimi tanınan Ramazan ayı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, bu bayramda onlara əməli-saleh işlər görməyə dəvət edirəm. Hər il olduğu kimi bu il də oruc tutmağı özümə borc bilirəm".
Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı olaraq oruc tuta bilmədiyini, lakin bu əməlin vacib olduğunu bildirib.
Daha bir oruc tuta bilməyən müğənnilər arasında Eyyub Yaqubov yer alır. O da digər insanlar kimi bu ayın ən müqəddəs aylardan biri olduğunu və oruc tutan hər bir kəsə yüksək qiymət verdiyini deyib.
Müğənni Ayaz Qasımov da səhhəti ilə əlaqədar olaraq oruc tuta bilmədiyini söyləyib:
"Artıq bir neçə ildir ki, səhhətimlə əlaqədar olaraq oruc tuta bilmirəm. Mədəmdə olan problemə görə, həkim oruc tutmağı məsləhət bilmir. Amma səhhətim düzələn kimi mən də oruc tutmağı arzu edirəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?