Azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Hafiz Məmmədov yenə Fransa mediasının gündəmindədir.
Fransada “Lans” futbol klubunu 20 milyon avroya alandan sonra az qala Napoleon qədər məşhurlaşan “Hafka” barədə bu dəfə “France Fotball” nəşri yazıb.
Virtualaz.org saytı xəbər verir ki, qəzetin bu günlərdə hazırladığı məqalədə H.Məmmədovun Avropa banklarının birində “qarantiya altına alınmış hesabda 1 milyard avro pulunun olduğu” bildirilir. Daha sonra deyilir ki, onun ümumi kapitalı isə bir neçə milyard avrodur.
Məqalədə Fransanın “Mets” klubunun keçmiş müdafiəçisi, 2010-2011-ci illərdə “Bakı” futbol klubunda (bu klubun da sahibi “Hafka”dır) oynamış Stefan Barbikoninin “Lans” klubunun yeni sahibi, azərbaycanlı oliqarx Hafiz Məmmədov haqda fikirlərinə yer verilir. “Bakı” klubunda oynadığı vaxtlarda Hafiz Məmmədovla görüşən S.Barbikoni “France Football” nəşrinə açıqlamasında oliqarxın “Lans” klubu üçün “əsl tapıntı” olduğunu deyib.
“O istəsə, 20 milyon yox, lap 40 milyon avro da verə bilər! Onun üçün futbol qətiyyən qazanc mənbəyi deyil. Hafiz Məmmədovun bir neçə milyard avro pulu, Londonda, Dubayda, Bakıda və Moskvada fəaliyyət göstərən çoxsaylı neft-qaz, taksi, tikinti şirkətləri var” - deyə S.Barbikoni bildirib.
“Bakı”nın keçmiş oyunçusu “Hafka”nın Fransa futboluna pul qoymasının motivlərini “özünü təbliğ etmək istəyi” ilə izah edib.
Xatırladaq ki, Stefan Barbikoni bundan əvvəl Fransa mətbuatına Hafiz Məmmədovun “Bakı” klubunun braziliyalı oyunçusunun uşağının anadan olması münasibətilə ona “bir uşaq arabası dolu pul verdiyini” demişdi. S.Barbikoni danışırdı ki, “Hafka” “Bakı” klubunun bazasına nadir hallarda gəlirdi, gələndə də onun gəlişinə bir neçə gün əvvəldən hazırlıq görülürdü.
“Hamı onun qarşısında tir-tir əsirdi” - deyə keçmiş oyunçu xatırlayırdı.
“Lans” klubunun keçmiş müdafiəçisi, kapitanı və məşqçisi olmuş Jan-Gay Vallem isə “France Football”a açıqlamasında deyib ki, Hafiz Məmmədov bu kluba 20 milyon avro qoyubsa, deməli, onun nəsə gizli motivi olmalıdır.
“Əgər o, 20 milyon avro yatırırsa, deməli burada nəsə etmək istəyir” - deyə keçmiş kapitan bildirib.
Bəs Hafiz Məmmədovun kapitalının mənbəyi haradandır?
Nəşrin bu sualına Vallem belə cavab verir: “Bu, niyə sual doğurur? Hafiz Məmmədovun pullarının “Monako”ya yatırılan pullardan nə fərqi var?”
Lans şəhərinin meri Silven Robert isə deyir ki, H.Məmmədov “Lans”ı klubun aktivlərini kredit borcuna görə girov saxlayan bankdan alıb.
“Əgər onunla bağlı hansısa şübhələr olsaydı, müqavilə heç vaxt imzalanmazdı. Fransada nəzarət ciddidir. “Lans” hazırda yaxşı oynayır, stadion doludur. Əsas olan budur, bütün gələcək layihələr barədə isə bundan sonra danışmaq olar” - deyə mer bildirib.
Silven Robert “France Football”a açıqlamasında ötən il Hafiz Məmmədovla birgə iki həftə keçirdiyini inkar edib: “Lakin mən onunla görüşəndə Hafiz Məmmədovun çox qəribə adam olduğunu gördüm. O, mənə Luvr muzeyi, klubla bağlı primitiv suallar verdi. Təsəvvür edirsinizmi? O, hətta Luvrun nə olduğunu bilmirdi, amma sual verməyə və dinləməyə vaxt tapırdı”.
Mer hesab edir ki, Hafiz Məmmədovun pullarının mənşəyi elə də problem deyil: “PSJ klubunu pensiya fondu alanda heç kim bilmirdi ki, onun səhmdarları kimdir”.
“France Football” yazır ki, “Lans”ın yeni “müəmmalı bossu” Hafiz Məmmədovun “ən azı 1 milyard avroluq qorunan bank hesabı” var. Həmin bank hesabının Avropa banklarının birində olduğu bildirilir. Bu yaxınlarda Fransa Futbol Federasiyasının xüsusi komissiyası “Lans” klubuna transfer qadağası qoyanda bunu klubun maliyyə vəziyyətinin hələ sabit olmaması ilə əsaslandırmışdı.
Ancaq H.Məmmədov klubun sahibi kimi kifayət qədər maliyyə imkanlarının olduğunu göstərmək üçün Avropadakı bankların birində “qarantiya altına alınmış hesabda” 1 milyard avro pulunun olduğuna dair sənədləri təqdim edib. “Lans”a tətbiq edilən transfer qadağası bundan sonra götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?