Pulunu xərcləməyə, qoymağa yer tapmayanlar, Allah eşqinə silkələnin…
Ülkər xanımla sözləşdiyimiz kimi xəstəxanada görüşməli idik. Həmin gün oğlu Pərvini hemodializə gətirəcəkdi. Amma öyrəndim ki, dərdli ananın səhər saatlarında öz vəziyyəti qəfildən pisləşib, hətta təcili yardım çağırıblar. Bu səbəbdən Ülkər xanımla söhbət üçün Xırdalan qəsəbəsində yerləşən evinə yollandım. Onun bu hala düşməsinin səbəbini bir azdan biləcəksiz. “Qafqazinfo” oğlu üçün çarpışan ailə və bir gəncin yaşadıqlarını sizinlə bölüşür.
“Ailəmizdə üç şəkər xəstəsi var. Camaatınsa, böyrəyi demək olar ki, xəstədir”
Ulkər xanım ailəsinin qarşılaşdığı problemlərdən danışır:“Ən əvvəl deyim ki, özüm və hər iki övladım şəkər xəstəsiyik. Uşaqlarım hamının yaşlı adam xəstəliyi kimi tanıdığı xəstəliyə hələ kiçik yaşlarında tutulublar. Oğlum Pərvin İbrahimov 8 yaşında olanda itdən, qızım Nurlana isə məktəbdə ayağının altına atılan partlayıcıdan( pirotexnika) qorxub. Kiçik yaşlarından xəstə kimi qeydiyata alınıblar. Oğlum Pərvinin böyrək problemləri isə 17 yaşından ortaya çıxdı. Qızım da da eyni problem olsa da, o vaxtında təcrübəli həkim Lalə xanım tərəfindən sağaldıldı. Ötən ilin yayında oğlumun vəziyyəti pisləşdi, hətta komaya düşdü. Belə ki, şəkərli diabet olduğundan insulin qəbul edir, böyrəklər süzmədiyindən, oğlumun durumu pisləşir, Pərvinə bu halda hələ qlükoza da vurmaq istədilər.” Bu arada Pərvinin atası İsmayıl müəllim söhbətə qoşulur: “ Səhlənkar həkimlərin adını demək istəməzdim, təssəvvür edin ki, şəkər xəstəsinə qlükoza vururlar, damar qəbul etmir. Nə yaxşı ki, xəstəxanada Zöhrab adlı həkim vardı. Sağolsun, o Pərvinin vəziyyətini qiymətləndirdi. Müayinə zamanı kreatinin yüksək olduğu ortaya çıxdı. Oğlum getdikcə zəiflədi. Noyabrda lap pisləşdi. Qanını təmizləmək üçün ötən dekabrdan hemodializə cəlb olundu. Diabetik nefropatiya diaqnozlu 26 yaşlı oğlumun vəziyyətini yaxşılaşdırmaq üçün ailəmiz çox çətinlik çəkdi. Qısa müddətdə Pərvin üçün 10 min manatdan çox xərcimiz çıxdı. Əvvəlcə özəl xəstəxanada dializ edilirdi. Çünki dövlət xəstəxanasında pulsuz hemodializ üçün aylar əvvəl növbəyə yazılmaq lazım idi. Hazırda Respublika Xəstəxanasında qanının təmizlənməsi üçün vaxtaşırı gedirik. Sağolsunlar, tibb bacıları, həkimlər qaygı, əməklərini əsirgəmirlər. Pərvinin hər iki börəyi funksiyalarını itirmiş vəziyyətdədir. Bizim təcili donor və maddi vəsaitə ehtiyyacımız var. Bir də sahibsizlik çox pis şeydi. Pul yoxdursa, ölüb getməlisən, vəssalam. ” İsmayıl müəllim böyrək axtarışından da danışdı. “Bizim qanunlar özbaşına böyrək tapmaq və bunun alqı-satqısı məsələsində də yetərsizdir. Qanuna görə, yalnız yaxın adamların orqanı doğmasına verilə bilər. Bizim ailədə, yaxınlarda isə belə orqan uyğunluğu yoxdur. Könüllü şəkildə orqanını bağışlayan, satan kənar şəxsləri isə cinayət məsuliyyəti gözləyir.”
Pərvin böyrək axtarırdı, ürəkdən əməliyyat olundu…
Gənc oğlanın anası Ülkər xanım oğlunun sinəsindəki kəsik izinə baxa-baxa dərdini açdı: “Həkimlər oğlumun homodializlə düzəlməyəcəyini deyirdilər. Pərvinə böyrək köçürülməliydi . Bunun üçün bir az pul toplamışdıq. Amma hazırlaşdığımız transplantasiya əməliyyatından qabaq başqa problem varmış. Belə ki, Neftçilər Xəstəxanasında exokardioqramma edilən Pərvinin sağ qulaqcığında tromb kütləsi aşkar olundu. Bunun səbəbini də həkimlər tam aydınlaşdıra bilmədilər. Çünki oğlumun heç vaxt ürək qüsuru olmayıb. Elə onlar da bunu təsdiqlədilər. Bu ilin martında təcili əməliyyata alınan Pərvinin bu gənc yaşında sinəsi yarıldı. Ailəliklə “Novruz”u xəstəxanada qeyd etdik. Seymur həkimin apardığı cərrahi müdaxilə uğurlu oldu. İndi Pərvin özünü yaxşı hiss edir.”
“Biz sosial şəbəkələrdə oğlum üçün pul yığacaq ailə deyildik”
“Pərvin ürək əməliyyatı keçirdiyindən növbəti böyrək transplantasiyasına bir az vaxt gərəkdir. Çünki orqanizmi yorğundur. Qanda hemoqlobinin miqdarı çox aşağıdır. Növbəti əməliyyatı Neftçilər Xəstəxanasının təcrübəli həkimi ,transplant nefroloq Elnur Fərəcov öz üzərinə götürüb. Bizə isə təxminən 20 min manata qədər pul lazımdır. O qədər çarəsiz qalmışıq ki, sosial şəbəkələrdə yardım üçün məlumat yayırıq. Bunu fikirləşdikcə, çox dilxor oluram. İnsanın başına durduğu yerdə çox iş gələ bilər. Unutmayaq ki, hər kəsin bu vəziyyətlə qarşılaşması qaçılmazdır. Övladımın normal həyata qayıtması, nələrdənsə asılı olmaması üçün çalışırıq. Xeyirpərvər insanlardan qismən də olsa yardım gözləyirik.”
Leyla və Validə xanımın əməyini unuda bilmərik
Bu arada qeyd edim ki, Ulkər xanım özü başqalarına yardım üçün tələsən xanımlardan biridir. Belə ki, vaxtiylə o həkim-endiokrinoloq Yeganə Sultanova ilə 1999-cu ildə “Azərbaycan Diabet Liqası” adlı qeyri hökümət təşkilatını qurublar. Həmin qht bir çox layihələrin reallaşmasında, şəkərli xəstələrə,uşaqlara yardımla bağlı işlər görüblər. Elə digər qht-lərlə əlaqələr də qurublar. Oğlu Pərvinin bu vəziyyətində ona daha çox Validə Abbasova(“Müşfiq” Əlil Uşaqlara yardım İctimai Birliyinin rəhbəri) maddi və mənəvi dəstək verib. Bu dəstək davam etməkdədir. Ülkər xanım Validə xanımın əvəzsiz yardımlarını hər söhbətində qeyd edir. Eləcə də, “Qafqazinfo”vasitəsiylə Neftçilər Xəstəxanasının rəhbərliyinə, o cümlədən Leyla Seyidbəyovaya “sağolsun” deyir. “Leyla xanımın dərdli insandan anladığını deyirlər, həqiqətən Validə xanımın vasitəçiliyi ilə onu tanımağa şad oldum. O, bir ana kimi bizim ailəmizə güzəşt etdi. Belə ki, Pərvinin ürək əməliyyatının nisyə olunmasına izn verdi. Hazırda məni ən çox bu borc maraqlandırır. 7280 manatlıq hesabın ödənilməsi üçün ona söz vermişik, o da bizi başa düşüb. Çox istəyərdim ki, tezliklə Leyla xanımın üzünü qara etməyim, borcumuzu bağlayaq. Böyrək köçürülməsi əməliyyatı barədə isə ondan sonra fikirləşərik.” Divanda halsız uzanan Ülkər xanımın nə böyük qəm içində olduğunu təxmin etmək çətin olmazdı. Ali təhsilli övladlarının işsizliyimi, oğlunun donor böyrək axşarışımı, borcunu necə bağlayacaq fikrimi, transplantasiyaya tələb olunan küllü miqdarda pulu tapmaqmı? Bu dərdlərlər, problemlər içində bu ananın necə başı ağrımasın? Bir daha qeyd etim ki, əgər birisinin sevincini görmək istəyirsinizsə, bu ana həmin birisi ola bilər. Bəziləri üçün bu məbləğ bir neçə günlük xərclikdi, amma bəzisi üçün bu savab qazanmaq üçün fürsət də ola bilər. O halda dünyanı, insanı elə insanlıq qurataracaq deyib, yardıma tələsin! Yardım üçün bank hesabını diqqətinizə çatdırırıq. Raminə Eyvazqızı
Bank of Baku ASC Xırdalan filialı AZN hesabı Hesab sahibi: İsmayılov İsmayıl Musa oğlu Hesab nömrəsi: 2801000000243823 IBAN: AZ68JBBK00003801000000243823 VÖEN: 1700038881 Kod: 510028 Müxbir hesab: AZ27NABZ01350100000000007944 S.W.I.F.T.: JBBKAZ22 USD hesabı Beneficiary: Ismayilov Ismayil Musa oghlu ACC N: 3811001000243823 IBAN: AZ06JBBK00003811001000243823 Beneficary Bank: Bank of Baku OJS S.W.I.F.T.: JBBKAZ22 Baku, Azerbaijan / Tel: (994 12) 341 01 41 / Fax: (994 12)341 01 42 Intermediary bank: Commerzbank AG CORR ACC: 4008867848 SWIFT: COBADEFF Frankfurt, Germany
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?