Tələbələr xarici dil imtahanlarını niyə verə bilmirlər?
Redaksiyamıza Azərbaycan Turizm İnstitutu ilə bağlı şikayət məktubu daxil olub. Müraciət edən Malik Əjdərov iddia edir ki, bu ali təhsil ocağında külli miqdarda yeyinti faktları var və bu ali təhsil ocağının faktiki olaraq nurçularla sıx bağlantısı var. Müraciət müəllifi yazır: «Salam, Hörmətli redaksiya! Sizə bir müddət Azərbaycan Turizm İnstitutunda çalışmış bir müəllim müraciət edir. Belə ki, bu təhsil müəssisəsi haqqında son dövrlər mətbuatda gedən yazılar və xüsusi ilə sizin saytınızda dərc olunmuş materiallar mənə də öz bildiklərimi sizə çatdırmağa cəsarət verdi. Bu dırnaqarası təhsil ocağında təhsildən başqa hər bir şey var. Adının Boloniya prosesinin əsas olduğu bu institutda Boloniya prosesindən əlamət belə yoxdur. Dərs bölgülərinin düzgün bölüşdürülməməsi, tələbənin fərdi seçim etmək hüququ olduğu halda tələbənin əvəzinə tədris planı doldurulur və tələbələrdə əlavə akademik borclar yaranır və bunun nəticəsində də tələbələr vaxtında təhsil müddətlərini başa vura bilmirlər. Dərs prosesi zamanı dil dərslərindən tələbələr 71-81 arası qiymət aldıqlarına baxmayaraq dövlət imtahanından əksəriyyəti dillərdən kəsilirlər». Əvvəlcə bu məlumatla bağlı adıçəkilən ali təhsil ocağının prorektoru Eldar Aslanovla əlaqə saxladıq. Eldar Aslanov mətbuata açıqlamasında bildirdi ki, həqiqətən də xarici dil imtahanları ilə bağlı olaraq problemlər var. «Bizim institutda iki xarici dil tədris olunur. 180 saat ingilis dili, 180 saat rus dili məcburi qaydada tədris edilir. Üçüncü xarici dili isə tələbələr müstəqil şəkildə özləri seçirlər. Tədris zamanı tələbələr həqiqətən də yüksək nəticələr göstərirlər. Lakin dövlət imtahanlarında yaxşı nəticə göstərə bilmirlər. Bunun da səbəbi onların öyrəndikləri dilləri işlətməmələri ilə bağlıdır. Dili öyrənəndən sonra işlətmədiklərinə görə, dövlət imtahanlarından kəsilirlər. Bununla belə bildirim ki, bizim ali məkitəbə daxil olan tələbələrin 50-60 faizi diplom ala bilirlər. Hətta bu Avropada da, dünyanın inkişaf etmiş ölkələrində də belədir. Ona görə də biz heç kimə zəmanət vermirik ki, ali məktəbə daxil olandan sonra yüz faiz hər kəs diplom ala biləcək», - deyə Eldar Aslanov bizimlə söhbətində bildirdi. Bizə şikayət edən Malik Əjdərov iddia edir ki, Turizm İnstitutunda yeni pul silmə metodları ortaya çıxır. Malik Əjdərov yazır: «İnstitutda pul silməyin yeni metodunu tapıblar, belə ki, tələbələrə Opera bronlaşdırma prorqamının öyrədilməsi və təlim kursları adı altında nağd şəkildə pul vəsaiti toplanılır. Bu pullar şəxsən prorektor Eldar Aslanova təhvil verilir və heç bir yerdə qeyd olunmur. Bu isə dövlət büdcəsindən və vergi orqanlarından pul yayındırmaqdan başqa bir şey deyil. Hesablama Palatasının son hesabatında da ATİ-da külli miqdarda yeyinti olması haqda məlumatlar öz əksini tapmışdır». Bu məsələyə münasibət bildirən həmsöhbətimiz Eldar Aslanov faktı qismən təsdiqlədi. Tələbələrin adıçəkilən proqramla bağlı olaraq pul ödədiklərini, lakin bu pulu onlara deyil, Delta Şirkətinə ödədiyini dedi. «Bizim ali məktəbdə kimlərdənsə birbaşa olaraq pul yığılmır. Sertifikatlaşdırma ilə bağlı olaraq Delta Şirkətinə müraciət edən tələbələrimiz imtahan verib sertifikat almaq istəyirdilərsə, pullarını da özləri həmin şirkətə ödəyirdilər. Lakin 3 ay bundan əvvəl institutumuzda sertifikatlaşdırma təlimləri ilə bağlı Amadeus proqramı istifadəyə verilib və laboratoriya yaradılıb. Yaradılmış laboratoriyada təlim proqramları pulsuz ödənilir. Həmin kursların ödənişi isə tələbələrin ödədikləri təhsil haqqından çıxılır», - deyə prorektor bildirdi. Daxil olan faktın ardında daha sonra yazılır: «Ən qlobal məsələlərdən biri də nurçuluq ideyalarının institutda geniş yayılmasıdır. Bu cərayanla son dövrdə dövlət səviyyəsində mübarizə aparılmasına baxmayaraq, institutun əsas idarə heyətində bu cərayanın nümayəndələri təmsil olunmağa davam edirlər. İnstitutun ali rəhbərliyinin nurçularla sıx əlaqələri var, məhz bu əlaqələrin sayəsində QHT xətti ilə son üç ildə institutda bir çox layihələr işlənmiş və külli miqdarda maddi vəsait silinərək, nurçuluq ideyalarının yayılmasına sərf edilmişdir. Təəcüblü deyildir ki, prorektor da daxil olmaqla bir çox dekan, dekan müvinləri, kafedra müəllimləri Türkiyədə təhsil alan və yaxud bunlara yaxın şəxslərdir. Son olaraq sizin daim ədalətli və qərəzsiz mövqeyinizə arxayınıq və inanırıq ki, institutun hüquqşünası Aydın Kərimovun sizin əməkdaşı təhqir etməsi də deyilənlərin həqiqət olmasına dəlalət edir». Bu fakta da münasibət bildirən Eldar Aslanov deyir ki, rəhbəri olduğu qurumda ilahiyyat tədris edilmir. İslama münasibət yüksək səviyyədədir. «Bizim ali məktəbdə hansısa müəllim kimlərinsə gözünə nurçu kimi görsənirsə, bu bizim problemimiz deyil. Hətta mən nurçu olsam belə bunu gizlətmərəm. Burada qəbahətli bir şey yoxdur», - deyə həmsöhbətimiz bildirdi. Daha sonra isə qısa olaraq suallarımızı cavablandırdı: - Sizin ali məktəbin rəhbəri Cəfər Cəfərovun nurçularla sıx əlaqələrinin olduğu iddia edilir. - Mən bu suala Cəfər müəllimin əvəzindən, onu 20 ildir tanıyan adam kimi deyə bilərəm ki, o nurçu deyil. - Amma Cəfər Cəfərov nurçuların tədbirlərində daha çox iştirak edir, demək olar ki, bütün toplantılarında ön sıralarda görünür. - Burada qəbahətli bir şey yoxdur. Cəfər müəllim Qafqaz Universitetinin tədbirlərində iştirak edir. Qafqaz Universiteti Azərbaycanda yüksək müasir standartlara cavab verən bir təhsil müəssisəsidir. Rəsmən qadağan edilməyənə qədər biz onlarla əməkdaşlıq edəcəyik. Bu ali məktəbin, «Çağ» Öyrətimin tədbirlərində də iştirak edəcəyik. - Məlumatlara əsasən, Cəfər Cəfərov Hesablama Palatasının sonuncu dəfə açıqladığı yeyinti faktlarından sonra işdən uzaqlaşdırılacağı gözlənilir… - Bizdə belə bir məlumat yoxdur. Lakin onu qeyd edə bilərəm ki, Hesablama Palatası bizim ali məktəbdə heç bir yeyinti faktı aşkarlamayıb. Sadəcə olaraq nöqsanlar aşkarlanıb. Onlarla bağlı da biz arayışlarımızı təqdim etmişik. Bəzi struktur islahatlarımız 1997-ci ildə Nazirlər Kabinetinin təsdiqlədiyi əsasnamə ilə uyğun gəlməyib. Baloniya sistemində ali məktəblərin muxtariyyət hüququ anlayışı var. Biz də ona uyğun islahatlar həyata keçirmişik. Bununla bağlı olaraq təkliflər hazırlamışıq və Təhsil Nazirliyinə təqdim etmişik. - Hesablama Palatasının açıqladığı məlumatlarla bağlı nazir Əbülfəz Qarayevlə hansısa müzakirələriniz olubmu? - Bu məsələni müzakirə etməmişik. Çünki palata hesabatını bizim Mədəniyyət və Turizm Nazirliyinə tabe olmamız səbəbindən birbaşa nazirliyə yollayıb. Bu səbəbdən də müzakirə olmayıb. - Palatanın açıqladığı hesabatdan sonra Əbülfəz Qarayevlə görüşünüz olubmu? - Yox belə bir görüş olmayıb. Cənab nazirin işləri çoxdur. Amma ümidvarıq ki, cənab nazir bu il keçirilən məzun bayramında bizim ali məktəbə gəlib tədbirimizə qoşulacaq. Onu da əlavə edək ki, yaxın günlərdə Azərbaycan Turizm İnstitutunun nurçularla əlaqəsi iddia edilən QHT layihələri barədə detallı məlumatlar təqdim edəcəyik. RÜFƏT
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?