Tələbələrdən rüşvət almaq istəməyən müəllim tədris hissə müdiri tərəfindən vurulub
Müəllimlər İnstitutunun Mingəçevir filialında imtahan sessiyası qanla başlayıb.
Universitetdən verilən məlumata görə, təhsil müəssisəsinin tədris hissə müdiri Vahid Quliyev elə həmin universitetin müəllimi Müsəllim Hümbətovu yanına çağırıb.
Bildirib ki, artıq imtahan sessiyası başlayır və tələbələrdən pul yığmalısan. Tədris hissə müdirinin bu istəyindən boyun qaçıran müəllim bildirib ki, tələbələrdən rüşvət almır. Bundan sonra isə Müsəllim Hümbətov və Vahid Quliyev arasında dava başlayıb. Müəllimlərin davası qanla yekunlaşıb. Belə ki, Vahid Quliyev əlindəki alətlə müəllimin başına vurub.
Hadisədən dərhal sonra Müsəllim Hümbətov məsələ ilə bağlı Mingəçevir polisinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edib.
Mingəçevir Müəllimlər İnstitutu ilə əlaqə saxlasaq da, bildirdilər ki, günün ikinci yarısı olduğu üçün universitetdə heç kim yoxdur. Sabah yenidən əlaqə saxlayaq. Məsələ araşdırılacaq.
“Müəllimlər İnstitutunun Mingəçevir filialında imtahan sessiyası zamanı tələbələrdən pul yığmaq və ya qanlı dava ilə bağlı yayılan məlumatların əsası yoxdur. İnstitutda belə bir hal baş verməyib”.
Bu barədə açıqlamasında müəllimlər institutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı deyib.
Rektor deyib ki, ötən həftənin 6-cı günü institutda xırda mübahisə yaranıb: “Vahid Quliyev qoca kişidir və etikadan kənar söhbət olduğu üçün müəllimə bir sillə vurub. Bu mübahisəni böyüdüblər. Yayılan məlumatlar araşdırılıb və həqiqətəuyğun olmadığı müəyyən olunub. Onlar kimdir ki, pul yığsınlar? Pul yığmağa müəllimin səlahiyyəti yoxdur. İmtahan sessiyası təzə başlayıb və orada nümayəndəmiz olur. Bir-iki nəfər var ki, institutu qarışdırmaq istəyirlər. Tam səmimi deyirəm ki, institutda belə bir şey olmayıb”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?