Gəncədən bir az qərb tərəfdə Qərbi Azərbaycandan qaçqın düşmuş azərbaycanlıların yaşadığı bir kənd var - Dağ Cəyir. 1990-cı illərdə sakinlər kənddəki orta məktəbi eyni ildə bitirmiş 4 gəncin Təhsil Nazirliyinin xətti ilə Türkiyəyə oxumağa göndərilməsi ilə fəxr edirdilər. İndi isə vəziyyət dəyişib və həmin kənddəki orta məktəb üçün 4 rəqəmi yenə önəm kəsb eləyib: kənddəki məktəbdə 4 əsas fənn - kimya, fizika, biologiya və xarici dil üzrə müəllim yoxdur. Vəziyyət gərgindir və son bir neçə ildə 65 yaşı tamam olmuş müəllimlərin məcburən pensiyaya göndərilməsi də bunda rol oynayıb. Camaat isə əndişədədir və övladlarına hansısa qeyri-ixtisas müəlliminin dərs keçməsinin nəticəsinin pis olacağından qorxurlar. Onsuz da son illərdə kənddən ali məktəbə girən uşaqların sayı xeyli azalıb və son 10-11 ildə cəmi 5-6 nəfər ali təhsil alıb. Halbuki, kənddə çox gözəl orta məktəb binası tikilib və uşaq sayı da tam sinif komplektləşdirməyə imkan verir. 120 evlik kənd hər sinifə 10 uşaqdan çox verə bilir. Əslində, Dağ Cəyirdəki vəziyyət o qədər də ağır deyil. Ölkədə elə məktəblər var ki, müəllim sayı dərsləri tam keçməyə imkan vermir və buna görə siniflər birləşdirilir, bir müəllim eyni anda 2 müxtəlif sinfə dərs keçir. Bu da təbii ki, təhsilin kefiyyətini aşağı salır. Ekspert araşdırmalarına görə, son 10 ildə 800-ə yaxın məktəbdən ali məktəbə girən olmayıb. Və bu məsələdə müəllim çatışmazlığı dı rol oynayıb. Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün ANS PRESS-ə verdiyi məlumata görə, ölkənin məktəblərindən təxminən 2 minə qədər müəllim çatışımır: “Müəllim çatışmazlığı əsasən ucqar dağ kəndlərində müşahidə edilir. Xüsusən də Qubanın, Qusarın dağ kəndlərində. Mərkəzdən 25-30 kilometr aralı yerləşən kiçik kəndlərdən söhbət gedir”,- deyə təhsil eksperti vurğulayır. Bu problem bir neçə il qabaq da gündəmə gəlmişdi və onda ölkə məktəblərində 3 minə qədər müəllimin çatışmadığı aşkar edilmişdi. Buna görə də pedoqoji təhsil verən ali məktəblərdə təyinat məsələsi gündəmə gəldi. Bununla bağlı xüsusi dövlət proqramı da vardı və proqrama görə, təyinatla göndərilən gənc müətxəssisləri yaşayış yeri, ev tikmək üçün torpaq sahəsi ilə təmin etmək, onlara ikiqat əmək haqqı, yol pulu və odun pulu vermək nəzərdə tutulurdu. “Proqram müəyyən bir müddət işlədi və sonra dayandırıldı. Amma proqram çərçivəsində rayona gedən gənclər müəyyən problemlərlə üzləşirdilər. Yerli icra hakimiyyətləri proqramdan irəli gələn vəzifələri yerinə yetirmirdilər. Təyinatla gedənləri incidirdilər. Müəllimlər deyilən güzəştlərə nail ola bilmirdilər, ona görə də “imtina” alıb geri qayıdırdılar”,- deyə Məlahət Mürşüdlü vurğulayır. Təhsil ekspertinin fikrincə, problemin kökündə həm də bir müəllimə düşən şagird sayının az olması durur: “Məktəblərdə bir müəllimə düşən uşaq sayı 7-8 arasında dəyişir ki, bu da siniflərin komplektləşdirilməsinə, müəllimlərə normal dərs saatının təmin edilməsinə imkan vermir”. Məsələn, 120 ailənin yaşadığı Dağ Cəyir kəndində məktəbə təxminən 120 uşaq gəlir və onlara 15 müəllim dərs keçir. Yəni bir müəllimə 8 şagird düşür. Hələ bu kənddə vəziyyət yaxşıdır - hər sinifə 10-dan yuxarı uşaq düşür ki, buna görə siniflərin birləşdirilməsi praktikasından istifadə edilmir. Amma şagird sayı 10-dan aşağı olduqda siniflər birləşdirilir. Hazırda Azərbaycanda şəhərdə yaşayan əhalinin yaylağına çevrilmiş və daimi şəkildə 50-60 ailənin yaşadığı yüzlərlə dağ kəndi var ki, həmin kəndlərdə siniflərin birləşdirilməsi qaçılmazdır. Təbii ki, bu da təhsilin səviyyəsinə təsir göstərir. Postsovet məkanının bəzi ölkələrində bir müəllimə düşən uşaq sayı Azərbaycana baxanda 50%-dən yüksəkdir. Məsələn, Rusiya məktəblərinin 1-ci - 4-cü siniflərində bir müəllimə 18 uşaq, 5-ci - 11-ci sinflərində isə 12 uşaq düşür. Bu da əksər hallarda normal sinif komplektləşdirməyə imkan yaradır. Azərbaycanda isə, göründüyü kimi, yox. Amma təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, yaxın zamanlarda bu problem həll ediləcək: “Məktəblərdə fərqli siniflərin birləşdirilməsi praktikasından əl çəkiləcək. Yəni müəllim sayı azdırsa, birində 17, o birində 20 şagird olan qoşa siniflər birləşdiriləcək. Amma sinif təkdirsə, onda uşaq sayının neçə olmasından asılı olmayaraq, o, birləşdirilmyəcək”. Təbii ki, bu addım kiçik ucqar kəndlərdə müəllimə olan tələbatı xeyli artıracaq, çünki siniflər birləşdirilməyəcək və hər sinifə ayrıca dərs keçiriləcək. Əcaba, bir az da artacaq müəllim qıtlığını aradan necə qaldırmaq, şəhərdə qeyri-ixtisas işlərində papağı günə yandıran müəllimləri kəndə necə göndərmək olar? ANS PRESS-i araşdırmasına görə, postsovet məkanında bu sahədə ən cazibədar addımı Rusiya atıb. Məsələn, Dağıstanın dağ kəndlərinə müəllim işləməyə gedən gənc mütəxəssislərə torpaq sahəsi və özünə ev tikmək 1 milyon rubl (təxminə 30 min dollar) ssuda verilir. Əgər gənc mütəxəssis təyinat yerində 5 il işləyirsə, həmin pulun yarısı, əgər 10 il işləyirsə hamısı ona bağışlanır. Yəni belə bir praktika Azərbaycanda da tətbiq edilə bilər. Həmçinin dağ kəndlərində yaşı 65-ə çatmış müəllimlərin məcburən pensiyaya göndərilməsi dayandırıla bilər. Hazırda belədir ki, pensiya yaşı çatmış müəllim rayon İcra Hakimiyyətinin başçısının icazəsi ilə daha iki il də işləyə bilər, ondan sonra isə məcburən pensiyaya göndərilir. Əslində isə dağ adamlarının qocalması çox gec başlayır. Dağ adamları, xüsusilə kişilər hətta 70-75 yaşında nəsilvermək qabiliyyətinə malik olurlar. Adətən 65 yaş müəllimlərin ən yetkin çağına təsadüf edir ki, onların həmin mərhələdə pedoqoji fəaliyyətdən uzaqlaşdırılması təhsil sistemi üçün əvəzsiz itkidir. Keçən il Rusiya bu nüansı nəzərə aldı və məllimlər üçün təcili (25 il iş stajından sonra) pensiyaya çıxmaq imkanını ləğv elədi. Həmçinin ölkədə pensiya yaşını 60-dan 68-ə qaldırdı. Müəllimlər üçün yuxarı yaş senzinin olmadığı, həmçinin Rusiya kişiləri arasında orta yaşın 63-ə bərabər olduğu nəzərə alınarsa, Kremlin müəllimləri ömrünün axırına kimi məktəbdə saxlamağı düşündüyünü açıqca görmək olar. O zaman mentalitetcə bizə çox yaxın olan postsovet qonşumuz rusların bu təcrübəsindən ən azından dağ kəndlərində niyə yararlanmayaq? Az uşaqlı kəndlərin məktəb problemini həlli etməyin bir üsulu da var - distant təhsil. Avstraliya və Finlandiyi kimi əhalisinin xeyli hissəsi bir-birlərindən aralı fermer təsərrüfatlarında yaşayan ölkələrdə distant təhsil xeyli inkişaf edib. Bir vaxtlar belə təhsil prosedurunda televiziyadan istifadə edilirdisə, hazırda kompüterlər və internet texnologiyaları bu üsulu canlı dərs prosesinə xeyli yaxınlaşdırıb. Yəni müəllim öz şagirdlərini monitorda onlayn rejimdə görə və interaktiv şəkildə onların dərsə hazırlaşmasını qiymətləndirə bilir. Göründüyü kimi, ucqar kəndlərin sakinləri də çox ucuz, səmərəli və modern olan bu üsuldan yararlana bilərlər. Lakin təhsil eksperti Məlahət Mürşüdlü hələ ki, Azərbaycanın distant təhsilə hazır olmadığını vurğulayır: “Bizdə məktəblər hələ buna hazır deyil. Bu, təkcə internetlə dərs oxumaq deyil. Proqramlar, dərsliklər, mövzular, kurslar hamısı internetdə olmalıdır ki, şagird məktəbə gəlmədən hazırlaşa bilsin. Bizim texniki imkanlar hələ o səviyyəyə çatmayıb”,- deyə təhsil eksperti vurğulayır. Yəni ümid yenə də müəllimlər üçün stimullaşdırıcı tədbirlərə qalıb və hökumət bunun üstündə baş sındırmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?