Bakı İstintaq Təcridxanasında məhbusların saxlanma şəraitindən şikayətlər var«Gündə bir dəfə su verilir, nə hamam var, nə normal tualet…» Penitensiar Xidmət yayılan xəbərlərin əsassız olduğunu bildirir
"30 illik fəaliyyətin nəticəsidir ki, İnqtiqam Əliyev hələ də karantində saxlanır. Karantin dedikləri yer cərimə təcridxanasında bir balaca otaqdır. Səkkiz nəfər bu bapbalaca otaqda qalır. Hamı siqaret çəkir, amma siqaret çəkmək üçün eyvan və ya pəncərə yoxdur. Kameranın qapısındakı pəncərə gün ərzində açıq qalmalıdır, amma bağlayırlar. Temperatur çox yüksəkdir və bütün gün hamısı qan-tər içindədirlər. Nə hamam, nə də normal tualet var. Gündə 2 dəfə 1 saat ərzində su verilir. Günün qalan hissəsi 8 nəfər bir baçok suyun ümidinə qalır. Otaq havalanmır. İki balaca nəfəskeş var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər. İntiqam müəllim bu müddət ərzində bir dəfə də açıq havaya çıxarılmayıb", - bunları ötən həftənin sonu həbs edilən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin qızı Nərmin Kamil öz facebook səhifəsində yazıb.
İntiqam Əliyev avqustun 8-də Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dünən Penitensiar Xidmət İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə məlumat yayıb. (Lent.az)
Xidmətin yaydığı açıqlamada hər iki şəxsin saxlanma şəraiti ilə bağlı bəzi xəbərlərin əsassız olduğu bildirilir. "Müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyildir. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, hər iki təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir.
Qeyd edək ki, İntiqam Əliyev və Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədirlər».
Məlumatda daha sonra bildirilir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən hər iki şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib. 12 avqust 2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə İntiqam Əliyev və Leyla Yunusa baş çəkmələri üçün şərait yaradılıb. BQXK əməkdaşları tərəfindən həmin şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisə rəhbərliyinə heç bir irad bildirilməyib".
Azərbaycanda həbs yerlərində saxlanma şəraitinin yaxşı olmaması barədə şikayətlər daha öncə də olub. Hətta hazırda həbsdə olan ictimai sektor nümayəndələrinin əksəriyyətinin saxlanıldığı Kürdəxanıda yerləşən 1 saylı Bakı Təcridxanasının şəraitinin yaxşılaşdırılmasına dövlət büdcəsindən dəfələrlə vəsait ayrılıb. Bəs bu vəsaitlər hesabına hansı işlər görülüb? Nələr edilib? Bütün bunlara rəğmən niyə hələ də təcridxananın saxlanma şəraitindən şikayətçi olanlar var?
"Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair" "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı tərəfindən 2013-cü ildə hazırlanan hesabatda da deyilir: «…"Ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1 saylı Bakı İstintaq Təcridxanası müasir Avropa standartlarına uyğun dövlətin külli miqdarda vəsaiti hesabına tikilib. İlk vaxtlar buradakı işçi və xidmət personalının da Avropa həbsxanalarına uyğun formalaşacağı gözlənildi. Ancaq belə olmadı».
Hesabatda o da deyilir ki, istintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar - tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan və bəzən işgəncəyə məruz qalırlar. Kameralar 16-17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var. Bu da işıqlandırma yeri kiçik, havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır. Xəstələr sağlam adamlarla eyni kameralarda saxlanılır.
Azərbaycandakı saxlama və həbs yerlərindəki vəziyyətlə beynəlxalq (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestey İnternational, Human Rights Watch və s.) təşkilatların hesabatlarından da tanış olmaq olar. Son 3 ildə yayılan hesabatlardan görünür ki, Azərbaycanda həbsxana şəraiti yaxşı deyil. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılması probleminə səbəb olub (ABŞ Dövlət Departamentinin Hesabatından). Sənəddə deyilir ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoyulub. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsasən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırıblar. Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyub. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilmir. İstintaq təcridxanalarında uzun müddətli - 18 aya qədər saxlanma halları olub. Baş Prokuror qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzadıb və s.
Bu gün həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun yeməklə bağlı problemi var. Ailənin hər iki üzvü həbsdə olduğundan onlara yemək aparacaq ikinci bir nəfər yoxdur. L. Yunus həbsxanada verilən yeməkləri yeyə bilmir. İntiqam Əliyev isə 8 nəfərlə birgə qaldığı saxlanma təcridxanasında gün ərzində bircə dəfə su ala bilir. Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm azdır. Dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil.
Ancaq görünən odur ki, 2014-cü ildə bir məhbusun saxlanmasına 8,79 avro xərclənmir…
Sorğu
Yeni dizaynımız necədir?