Müasir dövrdə bukmeyker kantorlarının futbol üzərində nəzarətindən uzun-uzadı danışmağa ehtiyac yoxdu. Rəsmi və qeyri-rəsmi kantorlar bir çox oyunların nəticəsinə təsir etmək imkanlarına sahibdi. Təbii ki, hər şeyin başında pul gəlir. Rəsmi kantorlar əvvəlcədən əldə olunmuş razılaşmalara əsasən komandanın bəzi oyunlarının nəticəsini istədiyi kimi müəyyənləşdirir. Qeyri-rəsmi kantorlar isə başqa yollarla oyunları alırlar.
Bu kimi hallar Azərbaycandan da yan keçmir. Məsələn, ötən illərdə FIFA ölkəmizdə baş tutan və nəticəsi şübhəli olan oyunların siyahısını AFFA-ya təqdim etmişdi. Lakin asossiasiya bu qarşılaşmalarda heç bir hiylə tapa bilmədi, daha doğrusu tapmaq istəmədi. Həmin siyahıda yer alan oyunlar əsasən "Bakı" və "Turan"ın matçları idi. Bu qarşılaşmalara Asiya ölkələrindəki kantorlar vasitəsi ilə böyük məbləğdə pul qoyuluşları edilmişdi.
Bir neçə ildi fəaliyyət göstərən "Topaz"ın da dünyadakı digər kantorlar kimi oyunların nəticəsinə təsir etmək imkanına sahib olduğu sirr deyil. Qeyri-rəsmi anlaşmalara görə, Topaz Premyer Liqasında ("Topaz" həm də ölkə çempionatının rəsmi sponsorudu - red.) çıxış edən klublar mövsüm ərzində bir neçə oyununu kantora verir. Onlar isə nəticəni istədikləri kimi müəyyənləşdirib, həmin matçlara pul qoyuluşları edənlərin qazanmaq imkanlarını azaldırlar.
Cari mövsümdə cəmi 6 turun arxada qalmasına baxmayaraq artıq bəzi oyunların qumara qoyulması ilə bağlı məlumatlar var. İddia olunur ki, "Topaz" artıq bu mövsüm 5 matçın nəticəsini müəyyənləşdirib. Həmin siyahı belədi:
I tur Araz Naxçıvan - Neftçi 3:0
Debütant "Araz Naxçıvan"ın heyəti "Neftçi"ni nəyinki 3:0, heç 1:0 hesabı ilə yenməyə də qadir deyil. "Ağ-qaralar" 2-ci heyətlə belə Naxçıvan səfərindən 3 xalla qayıda bilərdi. Amma ilk turun oyununda bunun əksi baş verdi və "Araz Naxçıvan" "Neftçi"ni darmadağın etdi.
II tur Xəzər Lənkəran - Sumqayıt 0:1
"Xəzər Lənkəran"ın doğma meydanda "Sumqayıt" kimi komandaya uduzmasını heç kim proqnozlaşdırmırdı. Elə bunun nəticəsi idi ki, bütün proqnoz həvəskarları Lənkəran klubunun kiçik əmsallı qələbəsinə pul qoyuluşu etmişdi. Lakin "Fırtınalar meydanı"nda, 8500 çılğın lənkəranlı fanatın gözü önündə "Xəzər Lənkəran" "Sumqayıt"a 0:1 hesabı ilə yenildi.
IV tur Qarabağ - Bakı 2:2
Ağır günlər yaşayan, 18-19 yaşlı təcrübəsiz futbolçuların ümidinə qalan "Bakı"nın səfərdə "Qarabağ"dan xal almasını heç yuxudada görmək mümkün deyildi. Avrokuboklarda sözünü deyən, "Zalsburq", "Tvente", "Sent-Etyen" kimi komandalarla başa-baş mübarizə aparan "Qarabağ" gözlənilmədən özündən azı 20 dəfə zəif "Bakı" ilə nəyinki sülh bağladı, hətta məğlubiyyətdən son dəqiqələrdə canını qurtardı.
IV tur Xəzər Lənkəran - İnter 1:0
Heç də yaxşı günlər keçirməyən "Xəzər Lənkəran"dan "İnter"lə oyunda çoxları qələbə gözləmirdi. Çempionatın liderinin Lənkəran səfərindən ən azı bir xalla dönəcəyi proqnozlaşdırılırdı. Lakin bütün proqnozlar alt-üst oldu və meydan sahibləri 1:0 hesablı qələbə qazandı. Bu nəticəni "Topaz"ın "Xəzər Lənkəran"a "Sumqayıt"la oyuna görə yaranan "borcu"nu geri qaytarması kimi də dəyərləndirmək olar.
VI tur İnter - Bakı 7:0
"İnter"in ağır günlər keçirən "Bakı"nı böyük hesabla məğlub etməsində qəribə heç nə yoxdu. Amma "bankirlər"in birdən-birə 7 cavabsız qola imza atması müəyyən şübhələrə yol açır. Deyilənə görə, matçda 7+ variantının reallaşmasında "Topaz"ın "barmağı" var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?