Futbol üzrə Fransanın sayca II liqasında VI turun oyunları keçirilib.
Virtualaz.org xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Lans” klubu səfərdə gözlənilmədən “Havr”a 2:6 hesabı ilə uduzub.
“Lans”ın zəif rəqibinə biabırçı və ağlagəlməz hesabla uduzması böyük şübhə və təəccüb doğurur. “Lans” buna qədər keçirdiyi 5 matçın 4-də qələbə qazanıb, 1-də heç-heçə etmişdi. “Havr” isə “Lans”la qarşılaşmaya qədər 5 oyunun heç birini uda bilməmişdi. “Lans”ın uduzduğu komanda 5 oyunun 3-də qol vura bilməyib, digər görüşlərdə isə cəmi bir dəfə fərqlənməyə imkan tapmışdı.
Futbolda sensasiyalar qaçılmazdır. Amma autsayderlər cərgəsində yer alan bir komandanın qələbələri sıralayan liderə qəfildən 6 qol vuraraq zəfər çalması görüşün nəticəsinə şübhə ilə yanaşmağa imkan verir.
Futbol mütəxəssisləri arasında gəzən söz-söhbətlərə görə, “Lans”ın zəif rəqibinə qəsdən xokkey hesabı ilə uduzması istisna edilmir. Yəni oyunun nəticəsinin futbol qumarına hesablandığı güman olunur. Azərbaycanda yeganə leqal bukmeyker kontoru olan “Topaz”ın “Hafka” ləqəbi ilə tanınan H.Məmmədovun oğlu Kənan Məmmədovun nəzarətində olması da bəllidir. Ölkənin ən varlı klublarından sayılan “Bakı” da adıçəkilən iş adamına məxsusdur. “Bakı”nın cari mövsümün ilk turunda “Qəbələ”yə uduzduğu (1:2) oyunun da futbol qumarına qurban getdiyi barədə məlumatlar dolaşırdı.
Virtualaz.org saytı Sinqapurdakı bukmeyker kontorunda “Bakı”-“Qəbələ” oyununa 500 min dollar yatırılıb 14 milyon dollar götürüldüyü haqda da məlumat yaymışdı.
Belə söz-söhbətlər “Bakı”nın oyunları ilə bağlı ilk dəfə yayılmırdı. Bundan əvvəlki mövsümlərdə də “Bakı”nın oyunlarının nəticələri ilə bağlı əsaslı şübhələr meydana çıxmış, məsələ hətta UEFA səviyyəsinə qədər qalxmışdı. UEFA-nın şübhəli oyunlar siyahısında bu klubun 3 oyunu da vardı ki, onların araşdırılması AFFA-ya həvalə edilmişdi. Həmin oyunlarda “Bakı” öz meydanında “Neftçi”, “Qarabağ” və “Kəpəz”ə müəmmalı şəkildə məğlub olmuşdu.
Maraqlıdır ki, “Hafka”nın klubu hər üç qarşılaşmada da qapısından eyni sayda - 3 qol buraxmışdı.
Qeyd edək ki, böyük tarixə mailk “Lans” klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Komanda ciddi maliyyə problemi yaşadığından II liqadan III liqaya göndərilmişdi. Hafiz Məmmədovun maliyyə yatırımından sonra klubun yenidən II liqada oynamasına icazə verildi. “Lans”ın cari mövsümdə qarşısına qoyduğu məqsəd yenidən Fransanın yüksək liqasına dönməkdir. Komanda 2013/14 mövsümündən etibarən oyunlara üzərində “Land of fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) sözləri yazılan forma ilə çıxır. H.Məmmədov “Lans”la yanaşı İspaniyanın məşhur “Atletiko” klubuna da sponsorluq edir. Madrid klubunun da formasında “Land of fire Azerbaijan” sözləri yazılıb.
Onu da qeyd edək ki, son turda gözlənilməz yenilgiyə baxmayaraq “Lans” 13 xalla “Anje” ilə birgə 1-2-ci yerləri bölüşür.
Sorğu
Yeni dizaynımız necədir?