Mənzil-qərargahı ABŞ-da yerləşən və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən bir neçə iri beynəlxalq təşkilatın ölkəmizdə kütləvi iğtişaşların təşkilini maliyyələşdirməsi artıq ifşa olunub.
Milli Demokratiya İnstitutu ilə bağlı tarixçə bu baxımdan ibrət dərsi alınmalı olan əhvalatdır. İREX-in fəaliyyətində isə hətta aşkar erməni izləri də tapılmışdı.
Amma sən demə, təkcə bunlar da deyilmiş. Azərbaycanda “World Vision İnternational” təşkilatının çətiri altında daha bir şaxələnmiş ermənipərəst şəbəkə fəaliyyət göstərirmiş. Özü də bu təşkilat Bakının düz mərkəzində - Nizami (“Torqovı”) küçəsi, 92 ünvanında məskən salıbmış...
1950-ci ildə ABŞ-da yaradılan “World Vision İnternational” yevangelist xristian kilsəsinin dini və qeyri-kommersiya təşkilatıdır. Bu qurum zahirən humanitar yardım göstərmək məsələləri ilə məşğuldur.
İlk baxışdan xoş məramdır. Elə Britaniyanın Oxfam burjuy təşkilatının məramı da ilk baxışdan belə gözəgəlimli, dilə və ürəyəyatımlı görünürdü. Sonradan isə məlum oldu ki, Oxfam aclıq çəkənlərə və ehtiyacı olanlara yardım göstərmək əvəzinə Azərbaycan müxalifətinin radikal cinahını maliyyələşdirir.
Məlumat üçün deyək ki, “World Vision İnternational” Oxfam təşkilatından qat-qat güclü və qüdrətlidir. Təkcə buna diqqət edin ki, “World Vision İnternational”ın illik büdcəsi 3 milyard dollara yaxındır! Bu isə az qala müstəqil bir dövlətin büdcəsinə bərabərdir.
“World Vision İnternational” Azərbaycana 90-cı illərdə ayaq açıb. Bu təşkilat o zamankı hüquqi nihilizmdən və ideoloji boşluqdan sui-istifadə edərək 1994-cü il, avqustun 19-da dövlət qeydiyyatından da keçib. Onun Azərbaycandakı nümayəndəliyinin ilk rəhbəri Gürcüstan vətəndaşı Georgi Devidze idi.
Təşkilatın Azərbaycan nümayəndəliyi 2004-2014-cü illər ərzində 6 qrant sazişi əsasında 1,8 milyon manat vəsait alıb. Həmin pulların çoxu məhz son illər - 2012-2014-cü illərdə daxil olub. Burada bir məqama diqqət edin ki, Qərb fondlarının əksəriyyəti Azərbaycan hakimiyyətinin rəqiblərini məhz bu dövrdə fəal şəkildə maliyyələşdirməyə başlayıb (bu haqda əvvəlki yazılarımzda geniş məlumat vermişik).
“World Vision İnternational”ın Azərbaycan nümayəndəliyi yuxarıda göstərilən qrantlardan başqa bir ildə - 2011-2012-ci illərdə daha 2,4 milyon dollar və 140 min manat vəsait alıb. Bu tranşlar isə qrant deyil. Həmin pullar ianə pərdəsi altında birbaşa verilib.
Çox maraqlıdır ki, “World Vision İnternational”ın Azərbaycan nümayəndəliyinin donorlarının siyahısında ABŞ Dövlət Departamentinin, “ВР-Exploration” şirkətinin (bu şirkət “Şahdəniz” layihəsində də tərəfdaşdır), həmçinin Qərb hökumətlərinə yaxın təşkilatların və biznes qurumlarının adı var.
“World Vision İnternational”ın Azərbaycan nümayəndəliyi birbaşa təşkilatın Tiflisdə yerləşən Qafqaz ofisinə tabedir, ora hesabat verir. Ən maraqlı detal da elə buradadır: Qafqaz ofisinin işçi heyəti praktiki olaraq yalnız İrəvan ofisinin əməkdaşlarından təşkil olunub! Onların hamısı ermənilərdir, Ermənistan vətəndaşlarıdır və Ermənistanda da yaşayırlar!
Sübut üçün ofisin ştat cədvəlinə baxaq:
Ofisin strateji planlaşdırma şöbəsinin müdiri Liana Poqosyandır.
Mətbuat xidmətinin rəhbəri Narine Ohanyandır.
Maliyyə direktoru Narine Matevosyandır.
Kadrlar şöbəsinin müdiri Aida Arakelyandır. Və s.
Kim istəsə, işçilərin siyahısını götürüb baxa bilər. Hamısı ermənilərdir!
“World Vision İnternational”ın Bakı ofisinin bütün hesabatları Qafqaz, daha dəqiq desək, İrəvan ofisinə göndərilir. Həmin sənədlərdə demək olar ki, müfəssəl agentura məlumatları yer alır - Azərbaycan əhalisinin tərkibi necədir, aztəminatlı təbəqədən olanların sosial təminat səviyyəsi nə yerdədir, Azərbaycanın bölgələrində vəziyyət necədir, rayonlarda əhalinin milli və dini tərkibi necədir və s.
“World Vision İnternational”ın Qafqaz ofisində toplanan bu agentura məlumatlarının sonradan hara, kimlərə ötürüldüyünü təsəvvür etmək əsla çətin deyil.
Təşkilatın həyata keçirdiyi layihələrə gəlincə isə bu layihələr çərçivəsində müsəlman əhalinin öz dinindən uzaqlaşdırılaraq onların xristianlığı qəbul etməsi, xristianlığın aztəminatlı əhali, ölkənin az inkişaf etmiş bölgələrində təbliğinin gücləndirilməsi sahəsində fəal iş aparılıb.
Nəhayət, sonuncu detal. “World Vision İnternational”ın Bakı ofisinin əməkdaşları Qafqaz (oxu: İrəvan!) ofisinin əməkdaşları ilə birgə tezliklə Qarabağda da ayrıca nümayəndəlik açmağı planlaşdırırdılar! Niyə də olmasın?!
Bütün deyilənləri təhlil edəndə Azərbaycanın hüquq-mühafizə orqanlarına ünvanlanmalı olan təbii suallar meydana çıxır. Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri, habelə digər operativ xidmətlər bütöv bir agentura şəbəkəsini niyə diqqətdən kənar saxlayıblar? Axı bu şəbəkə təkcə ardıcıl və məqsədyönlü şəkildə informasiya toplamaqla kifayətlənməyib. Paralel olaraq həm də ölkə əhalisinin dini tərkibinin dəyişdirilməsi istiqamətində məqsədyönlü, ölçülü-biçili fəaliyyətlə məşğul olub! Bu, bizim milli təhlükəsizliyimizi bəyəm təhdid etmirmi?
Amerika təşkilatının Bakı şöbəsi milyonlarla dolları hansı məqsədlə, niyə alır və bu nəhəng pulları hara xərcləyirdi? Dövlət Departamenti və BP neft şirkəti özünün bütün gücünü azərbaycanlıların milli-mənəvi və tarixi-dini dəyərlərinə qarşı səfərbər etmiş bir təşkilatı maliyyələşdirməkdə hansı məqsədləri güdürdü?
Azərbaycanın regionlarında hansı informasiyalar toplanırdı? Bu informasiya nəyə görə sırf ermənilərdən ibarət ofisin sərəncamına verilirdi?
“World Vision İnternational”ın Qafqaz ofisi erməni xüsusi xidmət orqanları ilə nə dərəcədə bağlı ola bilər?
Bu çoxşaxəli və erməni qoxulu şəbəkə nəyə görə məhz bütün dünyada məşhur olan ABŞ təşkilatının çətiri altında fəaliyyət göstərir?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?