Hər şey başqa cür olmalıydı, ancaq Milli Qvardiya qiyamçıların planını pozdu...
4 oktyabr hadisələrindən 20 il ötür.
Həmin hadisələrin mərkəzində olan və Surət Hüseynovun dəstəsini, eləcə də OMON-u zərərsizləşdirməkdə xüsusi xidmətlər göstərən Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanova müraciət edərək 20 il öncəyə qısa ekskurs etməsini xahiş edib:
“Bütün strateji obyektlərin mühafizəsi mənə həvalə edilmişdi”
"Bu gün əziz bir gün olduğu üçün fürsətdən istifadə edərək hər bir kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Həm də mənə verdyiniz suala cavab olaraq bildirmək istəyirəm ki,1994-cü ilin 4 oktyabr hadisələrini Müstəqil Azərbaycanın tarixində ən təlatümlü və suverenliyimizin sınağa çəkilməsi cəhdi kimi də unutmamaq lazımdır. Bu günlər ölkədəki separatçı qruplar xeyli fəallaşaraq dövlətçiliyimizi sarsıtmaq və süquta uğratmaq üçün hərəkətə keçmişdilər. Ölkə daxilində və xaricində bu kimi qruplara dəstək verən qüvvələr var idi. Ölkənin güc strukturalarının yuxarı eşalonlarında baş verən rəhbər dəyşiklikləri tam möhkəmləndirilməmişdi. Heç kimə sirr deyil ki, ölkə prezidenti Heydər Əliyevin fərmanı əsasında ötən bir il ərzində Milli Qvardiyanın bazasında formalaşan və Milli Qvardiya ilə birləşib Xüsusi Dövlət Mühafizə Xidməti adlanan hərbi qurum ölkə prezidentinin nəzarəti altında monalit hərbi qruma çevrilib, Dölətçiliyi və dövlət rəhbərinin mühafizəsini yüksək səviyyədə qorumaq təcürbəsinə yiyələnmişdi. Bir sözlə, artıq ölkə daxilində hər hansı silahlı dəstə dövlət çevrilişinə cəhd edərdisə qarşısını dərhal ala biləcək gücə malik qurum var idi. Bu günlər ərzində ölkənin cənub bölgəsində baş verən hadisələr, MTN-dən qaçış, bir neçə dövlət məmurunun güllələnməsi, yenidən Gəncədə baş verən qarşıqlıq, ölkə prezidenti Heydər Əliyevi narahat etməyə bilməzdi. 1 oktyabr tarixində Amerikadan BMT Baş Assambleyasından səfərdən vətənə dönən Heydər Əliyev yolüstü qardaş Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşmüşdü. Bu günlər ərzində Milli Qvardiyanın şəxsi heyəti, o cümlədən XDMX-nin bütün əməkdaşları Milli Qvardiyanın komandanı mərhum Tofiq Rəsulovun rəhbərliyi altında ayaqda idi. Mühüm dövlət idarələrinin- Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin, o cümlədən Az TV-nin mühafizəsi Mühafizə taborunun komandiri olaraq XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovun əmri ilə mənə həvalə edilmişdi. Mənim rəhbərliyim altında Milli Qvardiyanın şəxsi heyəti gecə- gündüz istirahət etmədən yüksək döyüş hazırlığı vəziyyətində xidmət aparırdı. Xarici səfərdən ölkəyə dönən ölkə prezidenti mərhum Heydər Əliyev Gəncə bölgəsində baş verən yeni iğtişaşın, yeni qardaş qırğınının qarşısını almaq üçün televiziya ilə xalqa müraciət etdi. Heydər Əliyev tarixi çıxışında təəssüflə qeyd etdi ki, içərimizdə bəzi adamlar xarici qüvvələrin alətinə çevrilərək belə əməllər tuturlar: “Bunlar həm də hakimiyyət uğrunda mübarizəni dayandırmırlar. Əziz qrdaşlar, əziz bacılar, əziz həmvətənlər, bir deyin görək Azərbaycanda hakimiyyəti uğrunda nə qədər mübarizə gedə bilər? Nə qədər, nə vaxtadək? Heç bir il keçməyib ki, vətəndaş müharibəsinin qarşısını almışıq. Ötən ilin iyununda Gəncədə baş verən qardaş qırğının qarşısını aldıq. Biz Azərbaycanı parçalamaq istəyən qüvvələri təkləyib təcrid etdik.Halbuki Azərbaycan artıq parçalanmışdı. Cənubda da, başqa yerlərdə də bəzi cinayətkar qüvvələr Azərbaycanım ayrı- ayrı yaşayış məntəqələrini ələ keçirmişdilər. Biz bunların qarşısını aldıq, cinayətkarları tədric etdik. Onları qanun qarşısında cavab verməyə məcbur etdik. Budur, yeni hadisələr baş verir, Azərbaycanı yenidən sarsıtmaq, dağıtmaq, onun müstəqiliyinə qəsd etmək istəyirlər. Bütün bunları başqa cür qiymətləndirmək olmaz. Sentyabrın 22-də məhbusların qaçırılması, sonra dövlət xadimlərinə qarşı sui-qəsd və nahayət 2-si oktyabr axşamı saat 8-dən başlamış və indi də davam edən cinayət əməliyyatı bir-biri ilə əlaqəli olan, bir-birini tamamlayan hərəkətlərdir. Odur ki, biz bu hərəkətlərin qarşısını almalıyıq. İndi Azərbaycan xalqı ayağa qalxmalıdır. Hər bir vətəndaş, vətəninə sadiq olan hər bir qeyrətli vətənpərvər insan bu məsələləri özü götür-qoy etməli, öz mövqeyini bildirməli, içtimai-siyasi həyatımızda öz yerini tutmalıdır. Biz hamımız əl-ələ verməliyik, bu ağır vəziyyətdən çıxmaq üçün birləşməliyik.” Məncə 4 oktyabr hadisəsinin dövlətçiliyimiz üçün necə təhlükəli olduğu Heydər Əliyevin xalqa müraciətindən sonra bir daha bəlli oldu. Odur ki, belə bir ağır durumda XDMX-nin əməkdaşlarının, əsasən də mühafizəyə birbaşa cavabdeh olan Milli Qvardiyaçıların baş nazir olmasına baxmayaraq, Surət Hüseynovun ətrafındakı 150-dən artıq silahlı mühafizə dəstəsi ilə toqquşmaq ehtimalı hər an baş verə bilərdi. Bu isə yenidən qardaş qırğınına və qarşısıalınmaz proseslərə səbəb olardı. Ona görə də ilk növbədə Surət Hüseynovun həmin dəstəsini zərərsizləşdirmək lazım idi. Əks halda həm Nazirlər Kabineti, həm Prezident Aparatı hər an silahlı hücumla ələ keçirilə bilərdi. Amma biz Surət Hüseynovun bu niyyətinin qarşısını zərgər dəqiqliklə keçirilmiş əməliyyat nəticəsində almağa müvəffəq olduq...
...4 oktyabr 1994-cü il tarixinə qədər bir neçə dəfə dövlət əleyhinə xoşagəlməz hadisələr baş vermişdi. Baş nazir Surət Hüseynovla OMON-un hücumu qarşısında dövlətin yeganə güc mənbəyi Dövlət Mühafizə Xidmətinin tərkibində olan Milli Qvardiyanın şəxsi heyəti idi. 2-3 oktyabr 1994-cü il tarixində demək olar ki, bütün dövlət strukturları həyəcan içində idi. OMON-un silahlı şəxsi heyəti tərəfindən dövlət obyektlərinin tutulacağı gözlənilirdi. Milli Qvardiyanın qaravul xidməti uzun müddət idi ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin- Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin inzibati binaları ətrafında qarovul xidməti aparırdılar. 2 oktyabr 1994-cü il tarixində saat 17 radələrindən Prezident Aparatında müşavirə keçirilirdi. Verilən operativ məlumatlara görə OMON-çuların Prezident Aparatına və Ali Sovetə hücumu gözlənilirdi, OMON-çuların 8-ci kilometr adlanan Nizami rayonunun ərazisindəki hərbi bazasından hərbi texnika ilə çıxdıqları barədə məlumat verilirmişdi. Baş Mühafizə İdarəsinin rəisi Vaqif Axundov prezidentin yanında keçirilən müşavirədən çıxıb Prezident Aparatının həyətində Milli Qvardiyanın komandanı Tofiq Rəsulovu görəndə "OMON-çular Baş Prokurorluğa hücum ediblər, şəxsi heyəti ayağa qaldır" deyəndə Tofiq Rəsulov "Süleymanov hər yeri mühafizəyə götürüb, şəxsi heyət tam döyüş hazırlığı vəziyyətindədir" demişdi. 5 dəqiqədən sonra mən Milli Qvardiya komandanı Tofiq Rəsulovla bərabər generalın kabinetində idik. Rəis ölkə prezidentinə birbaşa zəng edərək Milli Qvardiyanın şəxsi heyətinin tam tərkibdə bütün obyektləri mühafizəyə götürdüyünü məruzə etmişdi. Bu zaman Prezident Aparatından əməliyat nöbətçisi zəng edərək rəisə məruzə edirdi ki, OMON dəstəsi Milli Qvardiya döyüşçülərinin dövlət obyektlərini mühafizəyə götürməsindən xəbər tutub Prezident Aparatına sarı hərəkətlərini dayandırıb Daxili İşlər Nazirliyininin inzibati binasının yaxınlığından Dram Teatrının qarşısındakı Füzuli meydanına sarı gedirlər. Rəis bizə söyləmişdi ki, ola bilsin manevr edirlər. "Süleymanov, hazır olun hər etimala qarşı"-demişdi. 20 nəfərə yaxın təpədən dırnağa qədər silahlanmış OMON-çular onlara birbaşa rəhbərlik edən daxili işlər nazirinin müavini polkovnik Rövşən Cavadovun qardaşı, Xətai rayonunun proukuroru Mahir Cavadovun başçılığı altında Baş Prokurorluğun inzibati binasına girərək baş prokuror Əli Ömərovu kabinetində tutmuşdular. Ölkə başçısının yanında olan güc strukturalarını rəhbərləri həyəcan içində idi. Heç kim bir qərar qəbul etmək iqtidarında deyildi. Gəncə hadisələrinə oxşar ssenari yenidən Bakının mərkəzində həyata keçirilirdi. Milli Məclisin sədri Rəsul Quliyev həyəcanından siqareti siqaretin dalınca yandırırdı. İlk öncə Baş Prokurorluqda OMON-çular tərəfindən hansı hadisələrin törədildiyi barəsində heç bir məlumat yox idi. Gecə səhərə qədər ölkə başçısı Heydər Əliyev Prezident Aparatıda iş yerində idi. Aldığımız məlumatlara görə OMON-çular, o cümlədən OMON-a birbaşa rəhbərlik edən Rövşən Cavadov Milli Məclisin sədri Rəsul Quliyevin və Baş prokuror Əli Ömərovun ilk öncə istefasını tələb edirdilər. Ölkə daxilində həyəcanlı anların davam etməsinə baxmayaraq sakitlik idi. Ölən və yaralanan yox idi. Səhər saatlarında Füzuli Meydanı istiqamətində arada bir 5-10 dəqiqə ərzində avtomat silahından atılan güllə səsləri aydın eşidilsə də hər hansı hadisə barəsində bir məlumat yox idi. Milli Qvardiyanın şəxsi heyətinə, o cümlədən komandir heyətinə az da olsa da gözlərinin acısını almalarına növbə ilə icazə verirdim. Güc strukturalarının rəhbərlərinin Prezident Aparatına tez-tez gedib gəlməsindən hiss olunurdu ki, dövlət rəhbərliyi tərəfindən OMON-çuları zərərsizləşdirməklə bağlı plan hazırlanır. Baş nazir Surət Hüseynov bir neçə gün idi ki, gözə dəymirdi. Ölkə rəhbərliyini həyəcanlandıran da bu idi. Baş nazir Surət Hüseynovun silahlı dəstəsi ilə OMON-çuların birləşməsi ölkəni yeni fəlakətlərə sürükləyə bilərdi. Bu həyatı Milli Qvardiyanın şəxsi heyətinin əksər üzvləri yaşamışdı. Bundan sonra isə yenidən bu həyatı yaşamaq istəmirdik. Ona görə də ölümümüz bahasına olsa da dövləti qoruyacaqdıq. Bundan ölkə başçısının da xəbəri var idi. 28 may 1994-cü il tarixində Milli Qvardiyanın qərargahına gəlib Milli Qvardiyanın şəxsi heyəti ilə görüşən ölkə prezdenti Heydər Əliyev Milli Qvardiyanın şəxsi heyətinin ona sadiq olduğuna tam əmin olmuşdu. Biz hiss edirdik ki, ölkə başçısı 2 oktyabr 1994-cü il tarixində ölkə daxilində OMON-çuların törətdikləri hərəkətə birbaşa müdaxilə etmədən manevr edir, dövlət çevrilişini hazırlanmasında iştirak edən yeni qüvvələrin və onlara dəstək verən simaların üzə çıxmasını, ya da ki, dövlət çevrilişinə dəstək verə biləcək xarici qüvvələrin kimliyinin məlum olmasını gözləyir. Gecədən Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin tank bölmələri Nizami rayonu istiqamətində hərəkət edərək OMON-un Qərargahını mühasirəyə almışdılar. Müdafiə Nazirliyinin rəhbərliyi çox böyük səhvə yol vermişdi. OMON-çular hərbi texnikaları ələ keçirməmiş təcili tədbir görmək lazım idi. Odur ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən buraxılmış böyük taktiki döyüş səhvini aradan qaldırmaq üçün təcili olaraq rəhbərlik OMON rəhbərliyi ilə danışıqlar aparmaq məcburiyətində qalmışdılar. OMON-çular da Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onlara bəxş olunan bu taktiki döyüş səhvinin mahiyyətinə varmamışdılar. Bir də ki, siyasi maraqlar hər iki tərəfdən yuxarı səviyyədə aparılırdı. Aşağı təbəqəli döyüşçülərə bunun bir əhəmiyyətli təsiri yox idi. Prezident Aparatından verilən məlumatlara görə ölkə başçısı Heydər Əliyevlə OMON-çulara rəhbərlik edən Rövşən Cavadov arasında kiminsə vasitəçiliyi iləsə danışıqlar aparılırdı. 3 oktyabr 1994-cü il tarixində günortadan sonra daxili işlər nazirinin müavini Rövşən Cavadov bir dəstə omonçunun müşayəti altında Baş Prokurorluğa gələrək oradan ölkə prezdenti ilə telefon əlaqəsinə girərək baş prokuror Əli Ömərovu sərbəst buraxıb OMON-çularla birlikdə 8-ci kilometirdəki OMON-un qərargahına gəlmişdi. Bu danışıqlar ərəfəsində dövlət rəhbərinin göstərişi ilə Müdafiə Nazirlyinin tank bölmələri OMON-un qərargahından geri cəkilərək Babək prospektində yerləşəm Müdafiə Nazirliyinin xüsusi təyinatlı 777 saylı hərbi hissəsinin bazasında cəmləşmişdilər. 1994-cü il 3-4 oktyabr gecəsi ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində hökümət qüvvələri ilə, o cümlədən hökümət qüvvələrinə rəhbərlik edən Rövşən Əkbərovun komandir olduğu Müdafiə Nazirliyinin 777 saylı xüsusi təyinatlı hərbi hissəsi ilə Surət Hüseynovun silahlı tərəfdarları arasında qanlı münqaişə baş vermişdi. Baş vermiş münqaişə nəticəsində hökümət qüvvələri tərəfindən 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdı. Ölkə prezidenti Gəncədə münqaişə zamanı ölən 3 nəfər hökümət qüvvələrinin üzvlərinə dərhal Milli Qəhrəman adı vermişdi. Gəncədə baş verən yeni qanlı olayın baş verməsi ilə artıq baş nazir Surət Hüseynovun kartı da açılmışdı...
...Milli Qvardiyaçıların mühafizə etdikləri obyektlərin ətrafında bu günlər ərzində bir hadisə baş verməmişdi. Milli Qvardiyanın şəxsi heyəti silaha sarılaraq hər an hazır vəziyyətdə durub baş verə biləcək hadisələrin qarşısını almaq gücünə malik idi. Tam səmimiyyətlə deyirəm ki, bu gün Azərbaycan xalqının var-dövətinə sahib çıxıb yüksək dövlət vəzifəsi daşıyan məmurların heç biri o zaman ölkə başçısının arxasında durub dövləti qorumaq iqtidarında deyildilər. Hərə öz başının hayında idi. Heydər Əliyev Milli Qvardiya döyüşçülərinə və ölkənin sadə vətəndaşlarının gücünə arxayın olaraq meydanda tək idi...
Ölkə başçısı Heydər Əliyev çox gözəl başa düşürdü ki, əllərində böyük silahlı qüvvə olan bu iki şəxs-Surət Hüseynov və Rövşən Cavadov dövlətçilik amilini şəxsi ambisyalarının qurbanına çeviriblər. Onların qarşısı vaxtında alınmasa, Azərbaycan Respublikası bir neçə hissəyə parçalanacaq. Pusquda duran məkrli düşmən- erməni ordusu dərhal hücuma keçib yeni-yeni torpaqlarmızı zəbt edəcəklər. Ölkə başçısının çağrışı ilə şəhər əhalisi Prezident Aparatının qarşısına axışırdılar. Etiraf etmək lazımdır ki, ölkə başçısı Heydər Əliyev çox uzaqgörən bir siyasi gediş etmişdi. Xalqın gücünü qiyamçılara göstərmək istəyirdi. Ortada dolaşan məlumatlara görə baş nazir Surət Hüseynovun arxasında Rusiyanın hərbi sənaye kompleksinin rəhbərliyi, OMON-cuların rəhbəri Rövşən Cavadovun arxasında isə Türkiyə dövlətinin əks- kəşfiyyatı dururdu. Şəxsən mən bu deyilənlərə o qədər də inanmırdım. Rusiya səfirliyindən fərqli olaraq bu neçə gün ərzində Türkiyənin ölkəmizdəki səfiri Altan Karamanoğlu hər gün, o cümlədən hərdən gündə bir neçə dəfə Prezident Aparatına gələrək prezdentlə görüşürdü. Postda duran qvardiyaçılar bunun şahidi idilər. Prezident Aparatının qabağında ölkə başçısının xalqa müraciət edəcəyini nəzərə alıb 100 nəfər qvardiyaçıya mülki forma geyindirərək yüngül plaş altında qundaqsız avtomatla silahlandıraraq mitinqə gələn əhalinin arasında yerləşdirmişdim. Qərargah rəisi Vaqif Mustafayev şəxsən mülki geyimli qvardiyaçılara rəhbərlik edir, onların hərəkətlərini mitinqə gələn əhalinin arasında tənzimləyirdi. Mənə Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulov tərəfindən məlumat verilmişdi ki, Rövşən Cavadovun ölkə başçısının qəbuluna gəlməsi gözlənilir. Odur ki, Prezident Aparatının əsas giriş qapısı yox, sol tərəfdəki birinci giriş qapısı baş idarənin əməkdaşları tərəfindən açılması üçün əvəlcədən hazır vəziyyətə gətirilmişdi. Rövşən Cavadova psixoloji təsir göstərmək üçün o bura toplaşan əhalinin baxışı altından keçib prezdentin qəbuluna getməli idi. Bu zaman mənə Prezdent Aparatından Qərargah rəisi Vaqif Mustafayev xəbər vermişdi ki, komandir, burada vəziyyət gərgindir, Rövşən Cavadov bir dəstə maskalı OMON-çunun müşayəti altında Prezident Aparatına gəlib. Rövşən Cavadov DMX-nin rəisi Vaqif Axundovun müşayəti ilə prezident iqamətgahına daxil olandan sonra onu müşayət edən maskalı OMON-çular da Prezdent Aparatına daxil olmaq istəyirdilər. OMON-çuların hədəsi və nalayiq sözləri ilə üz-üzə qalan komandan ortada qalmışdı. “Alfa” dəstəsi də bir hərəkət edə bilmirdi. Dərhal Aparatın qabağına gələrək bu problemi aradan qaldırdıq. Milli Qvardiya komandanının qoluna girərək onun əsəbini sakitləşdirmək üçün prezdentin çıxış edəcəyi tribunaya yaxınlaşıb əhalinin arasında mənim göstərişimlə Vaqif Mustafayev tərəfindən mülki geyimli qvardiyaçıların yerləşdiyi yerləri göstərirdim. Qvardiyaçılar demək olar ki, 30 nəfərə yaxın maskalı silahlı OMON-çuların hər birinin ətrafında üç bir- iki bir durmuşdular. Milli Qvardiyanın komandanı Qvardiyaçıları mülkü geyimdə hazır vəziyətdə görəndə eyni açılmışdı. Hiss edirdim ki, OMON-çuların təhqir etməsi ona pis təsir edib. Bu zaman təxminən saat 24 radələrində ölkə başçısı Heydər Əliyev Rövşən Cavadovla birlikdə Prezident Aparatından çıxaraq bura toplaşan əhalinin qarşısında quraşdırılmış tribunaya yaxınlaşaraq əhali arasında duran silahlı hərbçiləri üzü maskalı görəndə bir neçə saniyəlik tərəddüd edərək Baş Mühafizə İdarəsinin rəisi general-mayor Vaqif Axundova sarı dönərək nəsə soruşurdu. Vaqif Axundov yaxında olan Milli Qvardiya komandanı Tofiq Rəsulovu yanına çağırıb əli ilə tirbunadan aşağıda duran maskalı hərbçilərin kimliyi ilə maraqlanandan sonra ölkə başçısına nəsə deyəndə ölkə başçısı gülümsəyərək tirbunaya yaxınlaşmışdı. Adəti üzrə yenə də əlini başına çəkərək gecənin bu vaxtında onun çağırışı ilə Prezident Aparatının önünə toplaşan insanları salamladı. Prezident Rövşən Cavadovun kürəyinə əlini qoyaraq “Rövşən Cavadov indi mənim yanındadı” sözünü xüsusi vurğulayanda meydana toplaşmış insanların gurultulu alqış sədaları aləmi bürümüşdü. Xarici qüvələrin təsiri altında olan baş nazir Surət Hüseynovun Gəncə şəhərində yenidən qiyama əl atdığını söyləmişdi. Surət Hüseynov tərəfdarlarının Gəncədə dövlət idarələrinə silahlı hücum təşkil etdiklərini deyib ölən və yaralananların olduğunu bildirmişdi. Ölkə başçısı çıxışının axırında da gecənin bu vaxtında Prezident Aparatının qarşısına toplaşan insanlara öz minətdarlığını bildirib, 5 oktyabr 1994-cü il tarixində gündüz saat 10 tamamda hamını “Azadlıq meydanı”nda təşkil ediləcək mintiqə dəvət etmişdi…"
...Gecə sakit keçmişdi. Hamımız sevinirdik ki, şükr Allaha, yaxşı qutardıq, ikinci dəfə qardaş qırğınına yol verilmədi. Neçə günün əsəb gərginliyi, yorğunluq, yuxusuzluq Qvardiyanın şəxsi heyətinin canında idi. Təhlükə hələ tam ötüşməsə də OMON-çularla yenidən toqquşmaq ehtimalı bir qədər səngimişdi. Arada yaranan sakitliyi nəzərə alaraq Milli Qvardiya komandanı Tofiq Rəsulovun icazəsi ilə şəxsi heyətin bir hissəsinə müəyyən olunmuş yerdə dincəlmək üçün icazə vermişdim. XDMX-nin rəisinin göstərişi əsasında yaranmış sakitçilikdən istifadə edib, komandanla bərabər “Azadlıq Meydanı”na gəlib Hökümət evinin ətrafını nəzərdən keçirmişdik. Sonra da qərargah rəisi Vaqif Mustafayevə göstəriş vermişdik ki, bir dəstə qvardiyacı ilə “Azadlıq Meydanı”nı mühafizəyə götürsün. Vaqif Mustafayev komandanın göstərişi ilə gecə ilə bir dəstə qvardiyaçı ilə bərabər “Azadlıq Meydanı”na gedərək Hökümət evinin giriş çıxış qapılarını və ölkə prezidentinin çıxış edəcəyi tribunaya yaxın ərazini mühafizəyə götürmüşdü. Prezident Aparatında əksər siyasi partiyaların rəhbərliyinin iştirakı ilə ölkə başçısı Heydər Əliyevin iştirakı ilə toplantı keçirilirdi. Toplantı başa çatandan sonra ölkədə yalnız axşam saatlarında iki aylıq fövqəladə vəziyyət elan edilmişdi. 5 oktyabr səhər sübhdən XDMX-nin rəisinin və birinci müavini- Milli Qvardiya komandanının iştirakı ilə “Azadlıq Meydanı”nın mühafizə şəraitinə baxış keçirilmiş, rəis tərəfindən mühafizənin təhlükəsizliyinə cavabdeh olan “Alfa” və “Betta” dəstələrinin komandirlərinə, o cümlədən Milli Qvardiyaçıların komandiri olaraq mənə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi göstərişlər verilmişdi. XDMX rəisi general Vaqif Axundov kabinetində keçirilən toplantı zamanı bizə xüsusi tapşırıq vermişdi ki, 6 oktyabr 1994-cü il tarixində ölkə başçısı cənab Heydər Əliyevin yanında günortadan sonra ölkənin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə toplantı keçiriləcək. Görüşdən qabaq Milli Qvardiyanın komandanı Tofiq Rəsulovla idarənin rəisi Vaqif Axundov arasında ciddi bir məsələnin müzakirəsi gedirdi. Baş nazir Surət Hüseynov prezidentin yanında çağırılan toplantıya gəlməsə və yaxud Nazirlər Kabinetinə gəlib, prezidentin yanında keçirilən tədbirə qatılmasa, ölkə başçısının qərarı ilə Surət Hüseynovu müşayət edən qanunsuz silahlı dəstənin tərksilah olunması ilə bağlı müəyyən tədbir görülə bilərdi. Bu ehtimal olunan əməliyyatı İdarə rəisinin tapşırığı əsasında “Alfa” dəstəsi və bu sahəyə cavabdeh olan şöbənin əməkdaşları yerinə yetirlməli idi. Lakin baş nazir 6 oktyabr 1994-cü il tarixində səhər saat 11 radələrində 100 nəfərdən artıq hər növ silahlarla silahlanmış silahlı dəstənin müşayəti ilə Nazirlər Kabinetinə gəlmişdi. Baş nazirin silahlı dəstəsini Nazirlər Kabinetinə buraxmamaq göstərişi alan “Alfa” dəstəsinin üzvləri və mühafizə şöbəsinin əməkdaşları verilən tapşırığı yerinə yetirə bilməmişdi. Artıq hamıya bəlli idi ki, baş nazir güc nümayiş etdirmək qərarına gəlib. Yəqin ki, bu da ölkə başçısına qarşı bir təzyiq vasitəsi idi. Milli qvardiyaçıların mənə verdikləri məlumata görə baş nazir Surət Hüseynovun silahlı dəstə üzvləri Nazirlər Kabinetinin binasının üstünə qalxmaq istəsələr də qvardiyaçılar onlara bu imkanı verməmişdilər. Bu fakt Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulovu bərk narahat etmişdi. O Vaqif Axundova “Alfa” dəstəsinin əməliyyatı yerinə yetirə bilməyəcəyini bildirmişdi. Prezidentə baş nazirin böyük silahlı dəstə ilə işə gəldiyi barədə məlumat verilməsini məsləhət görürdü. Çox gözlənilməz bir vəziyyət yaranmışdı. Rəis öz müavini, prezidentin şəxsi mühafizə xidmətininn rəisi Bəylər Əyyubovun vasitəsi ilə baş nazir Surət Hüseynovun böyük bir silahlı dəstə ilə işə gəldiyi barədə ölkə başçısına xəbər çatdırmışdı. Baş mühafizə idarəsinin rəisi Milli Qvardiya komandanın məsləhətindən sonra məni yanına çağırmışdı. Milli Qvardiyanın komandanı ilə birlikdə Baş mühafizə idarəsinin rəisi mənimlə yarım saatdan artıq söhbət etmişdilər. Ölkə başçısı hər an baş nazirin silahlı dəstəsinin tərksilah olunması barəsində göstəriş verə bilərdi. Bu yarım saat ərzində rəisin yanında 3-lükdə taktiki döyüş planını nəzərdən keçirib müzakirə etmişdik və general mənə konkret göstərişlər vermişdi. Hərbi sirr olduğu üçün bu göstərişlərin nədən ibarər olduğunun detallarına toxunmuram. Qısası onu bildirirəm ki, general Vaqif Axundovun komandan Tofiq Rəsulovla bərabər mənim qarşıma qoyduqları tapşırığı Milli Qvardiyaçılarla və Milli Qvardiyanın tərkibində olan xüsusi təyinatlı bölüyün üzvləri ilə birlikdə zərgər dəqiqliyi ilə yerinə yetirdik. Prezident Aparatında ölkə başçısının yanında keçirilən toplantıya silahlı dəstənin müşayəti ilə gedən baş nazirin silahlı dəstəsinin qabağını məharətlə aldıq və baş nazirin silahlı dəstəsinin bir üzvü belə Prezident Aparatına daxil ola bilmədi. Həyətdə ortalıqda qalan baş nazirin silahlı dəstəsi Aparatın və Nazirlər Kabinetinin hündür yerlərindən onlara sarı Milli Qvardiyaçıların tuşladıqları silahları görəndə sakit olaraq silahlarını çiyinlərinə alıb Aparatın həyətini tərk etdilər... P.S. Moderator.az "Youtube”da yerləşdirilən tarixi müşavirəni ikinci dəfə bu yazıya yerləşdirmək zorundadır. Çünki əgər plan baş tutsaydı Heydər Əliyevin Surət Hüseynovu uşaq kimi danladığı həmin müşavirənin ssenarisi başqa cür olmalıydı. Yəni 100-dən artıq silahlı dəstə üzvü Prezident Aparatına soxularaq müşavirə gedən otağın qapısınadək getməli və artıq bu dəfə prezident deyil, baş nazir ultimatumla çıxış etməliydi. Ancaq Milli Qvardiya bu dəfə də prezident Heydər Əliyevi xilas etməyi bacardı. Məhz ona görə də planının baş tutmadığı xəbərini alaraq müşavirə otağında təklənmiş vəziyyətdə qaldığını anlayan baş nazir prezidentin danlağına səbrlə dözməyə məcbur oldu... /Moderator/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?