“Gəl oğlum, gəl, çək, görürsən? Bu Şabran, bu da banan. Kişi özü yetişdirir...”
Şabranın sosial vəziyyətini işıqlandırmaq üçün ora yollanan AzadlıqRadiosunun müxbiri ilə əvvəlcə problemlərdən danışan sakinlər təklif ediblər ki, gəlmişkən, Bəhruz qardaşın həyətinə də baş çəksinlər. Kişi qışın oğlan çağında, özü də Şimal bölgəsində həyətində banan yetişdirib. Maraq bizi sakinlərin əhatəsində Bəhruz Zeynalovun qapısına gətirib çıxarır:
“Görürsən, üstündə “kukuruz”lar əmələ gəlib. Böyüyəcək, bu birilər kimi banan olacaq. Bu il quraqlıq oldu, bananları saxlaya bilmədim, çoxu töküldü...”
Lap qar içərisində qızılgül nağılına bənzəyir. Qışın oğlan çağında, şimal bölgəsi olan soyuq Şabranda bir həyətdə banan ağacı yetişdirib. Üstündə meyvələri də var.
Bir neçə il əvvəl Bəhruz Zeynalov Göyçaydan - bir dostunun həyətindən qırıb gətirdiyi şitili öz həyətində əkir. Heç qulluq da etmir. Düşünür ki, tropik meyvə ağacı hara, Şimal bölgəsi hara...
Bir də baxır ki, şitil böyüyüb ağac oldu, üstündə də meyvələri...
Bəhruz Zeynalov İkinci qrup əlildir. İşsizdir. Vaxtını həyətdəki banan ağaclarına qulluq etməklə keçirir:
“DEYİRDİLƏR TROPİK MEYVƏLƏRİ BURDA ƏKMƏK OLMAZ”
“Deyirdilər tropik meyvələri burda əkmək olmaz. Niyə olmur ki. Şimal zonası olanda nə olar... əsas odur ki, qulluq edəsən...”
Qulluq deyəndə ki, sən demə bu ağaclar şimaldakı alma, şaftalı, xurma ağacları kimi ciddi diqqət tələb etmirmiş. Bu ağacları qorumaq üçün nə xüsusi bahalı dərmanlara, nə bağbanların pulla aldığı gübrəyə ehtiyacı var:
“Eləcə peyindir, aradabir dibini bellə, peyini qarışdır torpağa, vəssalam... Mal peyinidir, elə qohum qonşuda kimin həyətində varsa, yığıb gətirib tökürəm ağacın dibinə”.
Banan ağacı əkildiyi vaxtdan dörd il sonra meyvə verməyə başlayır. Bu ağaclar da meyvə verib. Bir az da soyuqlar düşsün, Bəhruz Zeynalov ağacları sellofana bükəcək ki, şaxta vurmasın. Deyir, şərait olsaydı, bu ağacdan əməlli başlı bağ salardı:
“Nə dərman, nə gübrə lazımdır. Xərci çox deyil. Bircə su olsun...
Bu ağaclar çox su içir. Bunu çoxaltmaq da olar. Çox bala verən ağaclardır. Bircə şərait ola... Adam bunun şitillərindən əkə... bir-iki ilin içərisində bir hektar yerdə bananlıq salmaq olar”.
Sən demə belə də olurmuş – soyuq şimalda tropik meyvə yetişdirmək... Əsas odur ki, bağban bağban ola...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?