Wi-Fi və bu kimi simsiz şəbəkələrin yaradılması çoxdan nəzərdə tutulsa da, proses çox ləng gedir
Bəşəriyyəti 3-cü minilliyin astanasında “yaxalayan” mühüm qlobal texnoloji yenilik – internet, getdikcə insan həyatında az qala hava və su kimi mühüm elementə çevrilməkdədir. Bu gün artıq həyatın bütün sahələri bu texnoloji müstəviyə inteqrasiya etməkdədir. Bir sözlə, müasir həyatı internetsiz təsəvvür etmək qeyri-mümkündür. İnternet əsasən iki cür yayımlanır: simli və simsiz formalarda. Simsiz şəbəkə dedikdə nə nəzərdə tutulur və bu növ şəbəkənin digərindən üstünlüyü nədir?
İT üzrə mütəxəssis, Bangkok Universitetinin magistri Əli Galehban bizimlə söhbətində dedi ki, simsiz şəbəkə hazırda dünyada ən geniş yayılmış şəbəkədir. Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn, Tailandda simli şəbəkə demək olar ki, ləğv olunub. İnsanlar Wi-Fi, 3G kimi simsiz şəbəkələrdən istifadə edirlər.
“Burada (Tailandda) nəinki ictimai nəqliyyatda, istənilən yerdə, istənilən vaxt internetə qoşulmaq üçün cihazı işə salsan, onlarla simsiz şəbəkə tapa bilərsən” – İT mütəxəssisi bildirdi.
Əli Galehban müasir dünyada simsiz şəbəkənin artıq bir zərurətə çevrildiyini dedi.
“Qloballaşan dünyada insanların daimi olaraq bir-biri ilə əlaqədə olması üçün simsiz şəbəkə olduqca vacibdir. Simsiz şəbəkənin əsas üstünlüyü budur ki, harada olmağından asılı olmayaraq, istənilən anda pulsuz, kontur xərcləmədən internetə qoşulmaq olur.”
Hazırda dünyanın inkişaf etmiş ölkələrində getdikcə daha çox simsiz internetdən istifadə edilir. Çünki bu tipli internet xidmətlərindən hər yerdə - küçədə, metroda, avtobusda və s. yerlərdə faydalanmaq mümkündür. Həm də simsiz internet digərinə nisbətən daha az xərc aparır: əlavə kabel çəkməyə ehtiyac qalmır. Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir; simsiz internetin əhatə dairəsi qane edicidirmi?
I Avropa Oyunları zamanı Wi-Fi zəruri olacaq
Bir vacib məqamı qeyd etmək istərdik: Bakıda keçiriləcək I Avropa Oyunları dünyanın diqqətini yenidən Azərbaycana yönəltməkdədir. Bu nüfuzlu idman yarışını layiqincə keçirmək, dostları sevindirməyə, düşməni məyus etməyə nə qədər hazırıq? Əlbəttə, bunun üçün Bakıda nəhəg idman qurğularının tikintisi demək olar ki, yekunlaşmaq üzrədir. Bəs qonaqların razı qalması üçün bütün xidmətlərin keyfiyyətini nəzərə almışıqmı? Mətbuatda bu məsələlərlə bağlı vaxtaşırı açıqlamalar yayılmaqdadır. Belə açıqlamalardan biri də Wi-Fi zonaların yaradlması ilə bağlı idi. Jurnalistlərə açıqlama verən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirmişdi ki, Bakı şəhərində Wi-Fi zonaların yaradılması istiqamətində işlər görülməkdədir. Onun sözlərinə görə, paytaxtda keçiriləcək beynəlxalq idman tədbiri ilə əlaqədar olaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, münasib
danışıq tariflərinin, xüsusilə də rouminq danışıq qiymətləri ilə bağlı addımlar atılacaq. E.Vəlizadə həmçinin tədbirlə bağlı tikilən idman obyektlərinin infrastruktur kanalları ilə də təmin olunacaqlarını qeyd etmişdi.
Bu sualın cavabını müəyyənləşdirmək üçün paytaxt şəhərimizdə kiçik bir araşdırma apardıq.
Metroda Wi-Fi var?
Bir çox istifadəçilərin fikrincə, Bakı metrosunun “Koroğlu”, “Azadlıq”, “Dərnəgül” stansiyalarında azad Wi-Fi internet xidmətləri var. Lakin araşdırmalarımız zamanı bu məlumatlar təsdiqini tapmadı. Olduğumuz “Koroğlu” stansiyasında isə simsiz şəbəkə olduğu dəqiqləşsə də, rəsmilərlən bu haqda açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı. Qeyd edək ki, “Koroğlu” stansiyasında bu xidmətin olduğu deyilsə də, bunu göstərən hər hansı tablo metroda vurulmayıb.
Fəal internet istifadəçisi, məktəb şagirdi olan Orxan bildirir ki, metroda bu tip xidmətlərdən istifadə edə bilmir. Onun sözlərinə ki, ümumiyyətlə, Bakı metrosunda Wi-Fi xidməti görməyib.
Wi-Fi zonalardan geniş istifadə etdiyini deyən tələbə İlham Musayev isə bu növ internet xidmətinin daha çox çayxana və kafelərdə olduğunu deyir. O, arzulayır ki, belə azad zonalar hər yerdə, o cümlədən metroda və digər ictimai nəqliyyat vasitələrində də olsa, yaxşı olar.
11-ci sinif şagirdi Anar Rəfibəyli isə bildirir ki, Bakının ictimai yerlərindən S.Vurğun parkında parkın özünün azad Wi-Fi zonası var. Lakin o, burada da parkda belə xidmətin olduğunu bildirən hər hansı plakatın olamdığını bildirir. Anar deyir ki, belə azad zonalar bulvar kimi populyar yerlərdə də olsa, gözəl olar. Bu gənclər internetdən əsasən evdə yaralana bilirlər.
Fəal internet istifadəçilərindən tələbə Məsimov Nicat deyir ki, paytaxt Bakıda bir çox yerdə hotnestə rast gəldiyini, lakin Wi-Fi zonalara rast gəlmədiyini deyir. “Bu tip xidmətləri əsasən restoran və kafelərdə əyləşənlər istifadə edə bilir”, - Nicat bildirir.
Adı var, bəs özü?
Bakıda bu tip xidmətin olduğu bildirilən digər məkan tarixi-qədim yer olan İçərişəhərdir. Lakin İçərişhər tarix-diyarşünaslıq qoruğundan bizə bildirdilər ki, buranın tam şəkildə azad Wi-Fi zonaya çevrilməsi layihəsi var, amma bu layihə hələ başa çatmayıb. Burada olduğumuz müddətdə WiFi-nin olduğunu müşahidə edirik, amma sürətin çox zəif olduğunu gördük.
Qeyd edək ki, Azərbaycanda GSM operatorlarından Azercell-in spesifik Wi-Fi zonaları mövcuddur. Lakin bu zonalar yalnız şəbəkə istifadəçiləri üçündür. Bu xidmət həm ödənişli, həm də qismən bahadır.
Nazirlik “hər şey yaxşı olacaq” deyir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bizə bildirdilər ki, nazirlik bu problemin həlli istiqamətində hələ 4-5 il bundan qabaq işləməyə başlayıb. Belə ki, "2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişafı üzrə strategiya" hazırlanıb və həyata keçirilib. Strategiya Azərbaycanda internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tuturdu.
Bu istiqamətdə tədbirlər davam etdirilir və internet istifadəçiləri getdikcə daha keyfiyyətli xidmətin şahidi olacaqlar.
Nazirlikdən o da bildirildi ki, genişzolaqlı internetin inkişafı, həm də internet tariflərinə də təsir edəcək, gələcəkdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək. Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün dövlət tərəfindən vəsait də ayrılıb. Bundan başqa, "Delta Telecom" və "Azertelecom" ilkin provayderləri internetin buraxılış qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verirlər.
“Bizdə niyə yoxdu?”
Online media üzrə mütəxəssis Rəşad Əliyev qeyd edir ki, bəzi postsovet ölkələri simsiz şəbəkələrin yaradılması istiqamətində Azərbaycanı qabaqlayıb. Məsələn, Latviyada artıq neçə ildir, bu problem həll olunub. “Bizdə də olsa, çox yaxşı olar” – o, deyir.
“Nar mobile” şirkətinin əməkdaşı Nizami Ələmşahov sualımıza qismən ironiya ilə cavab verdi: “Məni evdəki Wi-Fi qane edir... əslində mən heç bilmirəm ki, Azərbaycanda bu zona hansı ərazidədir. Bu zonalarda Wi-Fi ödənişsizdir ya yox. Hələ ki, rastıma çıxmayıb. Amma belə zonalar yaradılsa, əlbəttə, yaxşı olar. Həm də geniş ərazini əhatə etmək şərtilə”.
Sazz.Az internet provayderinin mətbuat xidmətinin rəhbəri Cahan Əliyeva bizimə söhbətində bildirdi ki, Azərbaycanda Wi-Fi zonalarını yaratmaq üçün yetərincə maliyyə resursları mövcuddur. Ləngimə yalnız bu işin zəif koordinasiya olunması ilə bağlı ola bilər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bizimlə söhbətində WiFi-dan problemsiz istifadə etdiyini deyir: “Bir problem görmürəm. İşdə də, evdə də istifadə edirəm. Sadəcə, qiyməti bir az aşağı salsalar, daha yaxşı olar”, - deyə M.Ələsgərli əlavə etdi.
Gənc fəal Pərviz Əzimov isə Wi-Fi xidmətindən narazılığını bildirir: “Xeyr, bu xidmət məni qane etmir. İlk növbədə kafelərdə olan simsiz internet çox zəifdir. Eyni kafedə 5-6 nəfər internetə daxil olanda, artıq yüklənmə mümkünsüz olur. İkincisi də ölkədə azad Wi-Fi zonalar demək olar ki, yox səviyyəsindədir. Ancaq televiziyalarda, mətbuatda ağız dolusu elə danışırlar ki, guya hər şey qaydasındadı”, - deyə P.Əzimov fikirlərini tamamladı.
Azərbaycanda ictimai nəqliyyatdan nə qədər sərnişin istifadə edir?
Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-may aylarında 537 milyon sərnişin daşınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımaların həcmi 9,1 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilir ki, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Komitədən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Bakı metrosundan 99,9 mln. sərnişin istifadə edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 9% çoxdur. Bakı Metropoliteni 1967-ci ildə istifadəyə verilib. Hazırda metropolitenin 23 stansiyası və 1 deposu var. İctimai nəqliyyatdan istifadə edənlərin böyük bir auditoriya təşkil etdiyini əks etdirən bu rəqəmlər, ictimai nəqliyyatda Wi-Fi şəbəkənin yaradılmasının nə qədər zəruri olduğunu göstərir.
Hər bir halda... Əlbəttə, bir gün gələcək, təkcə paytaxt Bakı şəhərində deyil, Azərbaycanın bütün rayonlarında və şəhərlərində istər simli, istərsə də simsiz internetin yaylması zərurətə çevriləcək. Bu baxımdan ümid etmək olar ki, bizim ölkəmizdə də internet sarıdan problem olmayacaq.
Lakin zərurətə çevrilən bütün məsələlər Azərbaycanda reallaşırmı? Bu sualın cavabı artıq ayrı söhbətin mövzusudur...
Sorğu
Yeni dizaynımız necədir?