Daha bir ömürlük məhbusun ölümü xəbəri yayılıb - 75 yaşlı Vaqif Hüseynov Qobustan türməsində şəkərli diabetdən və ürək xəstəliyindən vəfat edib.
Vaxtilə onun adı qalmaqallı cinayətdə - Samux rayonunun prokuroru Şəmşir Əliyevin qətlində hallandırılırdı. 1993-94-cü illərdə Samux Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən (prezident onun bu vəzifəyə təyinatını təsdiqləmədiyi üçün o, yalnız “icra əvəzi” oldu) Vaqif Hüseynov həm də 1993-cü ilin iyunundakı Gəncə hadisələrində iştirakçı kimi ittiham olunurdu.
Prokurorun qətlinə görə Hüseynovla bərabər onun oğlu və daha 2 nəfər də həbs olunur. 1996-cı ildə ata da, oğul da ölüm hökmünə məhkum edilir (Azərbaycanda ölüm hökmləri artıq 1993-cü ildən başlayaraq icra olunmurdu. Son dəfə bu hökm 1992-ci ilin iyununda - spiker İsa Qəmbər prezident səlahiyyətlərini yerinə yetirən dövrdə yerinə yetirilib).
2 il sonra ölkədə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənəndən sonra Vaqif Hüseynov da digər “ölümə məhkumlar” kimi Bayıl türməsindəki “5-ci korpus”dan Qobustan türməsinə köçürülür.
Beləliklə, Vaqif Hüseynov artıq 20 il idi ki, məhbus ömrü yaşayırdı. Son illərdə bir neçə xəstəlikdən əziyyət çəkən şəxsin xəstəxanada yox, türmədə vəfat etməsi isə ayrıca sualdır.
Ümumiyyətlə, sovet dövründə sağalmaz xəstəliyin son mərhələsində olan məhbusların son günlərini qohum-qardaşının əhatəsində keçirməsi üçün onların azadlığa buraxılması praktikası vardı. Və bu praktikanın tətbiqi heç də nadir hadisə deyildi. Müstəqil Azərbaycanda 1990-cı illərdə bu humanist addım qismən qalırdı, ancaq 2004-cü ildən bu yana bir dəfə də tətbiq edilməyib.
Hüquq müdafiəçiləri Hüseynovun yaşını və xəstəliklərini nəzərə alaraq onun azad edilməsini humanist addım kimi prezidentdən dəfələrlə xahiş etsələr də mraciət cavabsız qalıb.
75 yaşlı dustaq öz ölümü ilə yenidən ömürlük məhbuslarla bağlı problemi aktuallaşdırmaq üçün bir səbəb ola bilər. Çünki suallar və problemlər çoxdur.
Əvvəla, ömrünün yetərincə böyük hissəsini məhbəsdə keçirən yaşlı və xəstə ömürlük məhbuslara güzəşt etmək lazımdırmı? İkincisi, bu kateqoriyadan olan məhbusların vaxtından tez azad olunması üçün hansısa “tarif müddəti” varmı? Çünki onların arasında artıq 20 ildən çoxdur türmədə olanlar az deyil. Habelə son dövrlərdə ömürlük məhbusların ölümü ilə bağlı məlumatlar da artmağındadır.
Bəzi faktları sadalayaq.
2010-cu ilin fevralında Qobustan türməsində 77 yaşlı Yavər Hüseynov vəfat edir. Həmin vaxt o, ömürlük məhbuslar arasında ən yaşlısı idi və 16 ilini məhbəsdə keçirmişdi.
2012-ci ilin sentyabrında ömürlük məhbus Novruz Murquzayev vəfat edir.
Həmin ilin oktyabrında isə 52 yaşlı Elşən Məmmədov özünü asaraq intihar edir.
2014-cü ilin noyabrında 45 yaşlı Coşqun Ağayev qırtlaq xərçəngindən vəfat edir. O, 20 ildən çox məhbəsdə qalır. Qeyd edək ki, Ağayev 1994-cü ilin oktyabrında “Ölüm korpusu”ndan qaçan (bu, Bayıl türməsinin tarixində yeganə qaçışdır) 10 ölümə məhkumdan biri idi.
Elə həmin il Qobustan türməsində ağciyər xərçəngindən Xanağa Şıxəliyev vəfat edir. O, 2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilmişdi.
2014-cü ildə vəfat edən ömürlük məhbuslardan biri isə “Fedya” ləqəbi ilə tanınan Fazil Tağıyev olur. 76 yaşlı Tağıyev hələ SSRİ vaxtında - 1989-cu ildə 2 nəfəri qətlə yetirdiyinə görə ölüm hökmü almışdı. Ömrünün sonlarında o, görmə qabiliyyətini tamamilə itirmiş xəstə qoca idi. Hüquq müdafiəçisi Eldar Zeynalova verdiyi müsahibədə taleyi ilə tamamilə barışdığını və hətta azad etsələr belə türmədən çıxmaq istəmədiyini söyləmişdi. 9 il ərzində “Ölüm korpusu”nda güllələnəcəyi günü gözləyən “Fedya” 25 il ömürlük məhbus olur...
Ölüm hökmünün ləğv olunduğu vaxt (1998-ci ilin fevralında) Azərbaycanda 128 bu cür məhbus vardı. Onlardan artıq 40 nəfərdən çoxu vəfat edib.
İyunun 22-də vəfat etmiş Vaqif Hüseynov bu kateqoriya məhbuslar arasında ən yaşlısı hesab olunurdu (daha əvvəl ən yaşlı “Fedya” və 1939-cu il təvəllüdlü Arif Mahmudov idi).
Səfa Poladov və Arif Kazımov
Beləliklə, ölüm hökmü ləğv olunana qədər məhkum olunanların böyük əksəriyyəti artıq 20 ildən çoxdur məhbəsdədir. Məsələn, buraya “Qaranquş” dəstəsinin (Qubadlı özünümüdafiə dəstələrindən birinin) sağ qalmış üzvləri aiddir. Qobustanda saxlanan 3 OMON-çunun (Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun) həbsinin 20 ili isə gələn ilin yayında tamam olur.
Mövcud qanunvericiliyə görə, məhbus türmədə 25 il və daha çox müddət qalıbsa, o, məhkəməyə vaxtından əvvəl azad olunmaq xahişi ilə müraciət edə bilər. Bu ilə qədər Qobustan türməsində həmin “tarif müddəti”ni başa vurmuş 3 ömürlük məhbus vardı. Onlardan biri məhkəməyə müraciət etmədən vəfat etdi, digərinin xahişi məhkəmə tərəfindən rədd edildi, üçüncüsünün isə işi baxılmaq mərhələsindədir.
Görünən odur ki, bu qədər uzun müddətə cəmiyyətdən təcrid olunandan sonra sağlamlığını itirmiş və ətraf üçün çətin ki, təhlükəliliyini saxlamış məhbusların hətta “tarif müddəti” bitdikdən sonra da azad olunması ehtimalı sıfırdır. Çünki indiyədək bu cür presedentlə rastlaşmamışıq...
Sorğu
Yeni dizaynımız necədir?