Bölgədə vəziyyət gərginləşməyə doğru gedir, “Fövqəlnazir”- in ətrafında isə halqa daralır
gundemxeber.az Bu gün Qax- Zaqatala bölgəsinin ölkənin ən gərgin bölgələrindən biri olduğunu desək yanılmarıq. Bu da səbəbsiz deyil. Ən əvvəl ona görə ki, 2012- ci ilin 07 və 18 mayında baş vermiş dağıdıcı zəlzələ burda minlərlə ailəni ağır sosial- iqtisadi problemlərlə, ən əsası isə evsiz- eşiksiz qoyub. Onsuz da problemlər məngənəsində boğulan sözü gedən regiona zəlzələ də əlavə çətinliklər gətirib. Digər tərəfdən isə etnik cəhətdən qarşıq və zəngin olan Qax- Zaqatala- Balakən bölgəsi son zamanlar maraqlı qüvvələrin həm də siyasi maraq müstəvisinə daxil olub. Bu barədə bir az sonra... Öncə baxaq görək haqqında danışdığımız bölgədə vəziyyət necədir, insanları hansı problemlər narahat edir? Narazılıq və şikayət... Bu ilin yazında bölgədə baş vermiş zəlzələ bir çox mənalarda yerli sakinlərin qəlbində və beynində səksəkə yaratdı. İnsanlar təkcə təbiətin fəlakəti ilə üz- üzə qalmadı. Düzdür hadisə zamanı yuxarıda qeyd olunduğu kimi minlərlə insanın evinə, təsərrüfatına ziyan dəydi, yüzlərlə ev bir neçə saniyə ərzində insanların gözü qarşısında yerlə- yeksan oldu. Həmin hadisənin canlı iştirakçısı və şahidi olan insanlar hələ də bu barədə danışanda həyəcanlarını gizlədə bilmirlər. Bu olay xüsusən həmin ərəfədə dərs ilində baş verdiyindən məktəblərdə xüsusi ilə dəhşətli və yadda qalan olub. İnsanların çadırlara köçməsi, ardi- ardına onların yaşadıqları yerə başda prezident olmaqla bir çox nazirlərin, yüksək vəzifəli şəxslərin gəlməsi, tez- tez kəndlərinin müxtəlif telekanallarda göstərilməsi problemin ciddiliyindən xəbər verirdi. Amma zaman keçdikcə insanlar vəzifəli şəxslərin TV- lərin onlara göstərdiyi “diqqət və qayğının” azalmasına, sonda isə immitasiya ilə əvəzlənməsinin şahidi olmağa başladılar. Və həmin insanların onlara bəxş etdiyi zülmə, əzaba görə Ana Təbiətə olan instinktiv qəzəbinin hədəfləri dəyişməyə doğru yön aldı. İnsanlar hadisənin səbəbkarı və törədicisi olan təbitədən deyil, onlara vəd verib vədinə əməl etməyən, uzun müddət onları çadırlarda yaşadıb əvəzində TV ekranlarında zəlzələ bölgəsinə yüksək diqqət və qayğı göstərdiyini elan edən dövlət məmurlarına qarşı qəzəblənməyə başladılar. Dəfələrlə bölgəyə səfər edən, zəlzənin acı nəticələrinin aradan qaldırılmasına bir başa məsul olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hər dəfə bəyan edirdi ki, orta məktəblər yeni dərs ilinin başlanmasına, evlər isə soyuqlar düşənə kimi istifadəyə veriləcək, yəni hazır olacaq. Amma təssüflə qeyd etmək lazımdır ki, sentyabrın 15- də başlanan yeni dərs ilində məktəblər hazır olmadı. Baxmayaraq ki bu barədə prezidentə və ictimaiyyətə yanlış məlumat verildi ki, guya bütün məktəblər dərs ilinə hazırdır. Soyuqlar düşsə, Qax, Zaqatala dağlarına artıq qar yağmasına baxmayaraq 3500- dən çox evin tikilməsi nəzərdə tutulsa da bu evlərin ötən 7 ayda heç 1/10 (onda biri- red.) tikilməyib. Yüzlərlə evin tikilməsinə belə başlanmayıb. İnsanlar isə yenə də uçuq, qəzalı evlərdə və ÇADIRLARDA (seçmə bizimdir- red.) yaşayırlar. Hökümət rəsmilərinin sadə insanları aldatması heç şübhəsiz onların narazılığına və hiddətinə səbəb olmaya bilməz. Həm də nəzərə alaq ki, dövlət büdcəsindən bu istiqamətdə 320 milyon manat vəsait ayrılıb. İnsanlar da haqlı olaraq düşünə bilərlər ki, dövlət pul ayırır, bəs niyə evlər, məktəblər vaxtlı vaxtında tikilib istifadəyə verilmir? Bu qədər vəsaitin, gen- bol vədlərin, bəy təriflərinin qarşılığında axı niyə bu evlər tikilmir və onlar nə vaxta qədər çadırlarda yaşamalıdır. Həmin məmurlar, onların ailəsi, övladları bu vəziyyətdə yaşayarmı? Və ya o məmurlar razı olarlarmı ki, onların özləri və ailə üzvləri bu vəziyyətdə yaşasınlar? Təbii ki, yox. Bəs belədirsə dövlət rəsmilərinin sadə insanlara, xalqa göstərdiyi bu münasibətin arxasında nə dayanır? Məhz bu vəziyyət, məmurların zəlzələ qurbanlarına göstərdiyi laqeyd, səhlənkar münasibət insanları təkcə narazı salmır, onları etiraz hərəkətlərinə keçməsinə zəmin hazırlayır. Yenə ayrı- seçkilik və korrupsiya... Bu gün Qax- Zaqatala bölgəsində insanları narazı salan faktorlar təkcə zəlzənin doğurduğu acı nəticələr, hökümətin bu nəticələrin aradan qaldırılması istiqamətində sərgilədiyi astagəl hərəkətləri və laqeyd münasibəti deyil. İnsanları hiddətləndirən əsas məqamlardan biri Kür daşqınları zamanı olduğu kimi burda da yerli icra hakimiyyəti orqanlarının FHN- nin komissiya üzvləri ilə əl- ələ verib qaz vurub qazan doldurmalarıdır. Yəni evlərin tikintisi zamanı insanlar arasında ayrı- seçkilik ayartmaq və onlardan rüşvət tələb etməsidir. Təbii ki, bütün bunlar zəlzələnin dağıdıcı təsirinə məruz qalmış insanların onların etirazına səbəb olmaqla ən həssas yeridir. Bu ağır vəziyyətdə rüşvət alıb rüşvət verməyi özlərinin həyat tərzi edənlərin şər içindən xeyr götürmək cəhdləri yerli vətəndaşlar arasında ciddi narazılıq yaradır. İşsizlik problemi... Bölgənin əsas problemlərindən biri digər bölgələrdə olduğu kimi işsizlik problemidir. Hamı bilir ki, hökümətin elan etdiyi yüz minlərlə iş yeri və məşğulluq vədi sabun köpüyündən başqa bir şey deyil. Və həmin iş yerləri kağız üzərindədir, reallıqda belə şeylər yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, bölgədə zəlzələ ilə bağlı aparılan geniş təmir- tikinti işlərində yerli əhali bir mənalı olaraq iştirak etmir. Halbu ki, onlar çox ümidli şəkildə tikinti işlərində iştirak edib ailələri üçün dolanışıq məvacibi alacaqlarını düşünürdülər. Onların tikintidə işləməkdən boyun qaçırmalarının isə səbəb çox sadədir: işçilərə verilən əmək haqları və ya günəmuzd o qədər azdır ki, yerli ustalar nə qədər ehtiyacları olsa belə bu şərtlər altında işləmək istəmirlər. Təsəvvür edin ki, hörgü hörmək, şkatur, alçiban, döşəmə vurmağın standart qiyməti var: kvadrat metri 2 manat. Təbii ki, bu da yerli usta və fəhlələri qanə etmədiyindən onlar Dağıstanda və digər yerlərdə günəmuzd işləməyə, ya da öz təsərrüfatlarında çalışmağı üstün tuturlar. Yerli gəlmişkən qeyd edək ki, bu amil həm də insanları hökümətdən, bölgədə tikinti işi aparan FHN- dən narazı salan məqamlardır. Tikintiləri aparan isə FHN rəhbərliyinə və onların yaxınlarına məxsus şirkətlərdir ki, həmin şirkətlərin başında “Gilan” Holdinq, “Azenko”, Azəri- Trans MMC və digərləri dayanır. Vəziyyətdən yararlanmaq istəyənlər və ya “Sadval” in fəallaşması, səfirin səfəri Haşiyəyə çıxıb qeyd edək ki, gələn il 2013- cü ildə Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı artıq indidən ölkə içi və kənar bir çox qüvvələr fəallaşmaya start verib. Xüsusən ölkə dışında gedən proseslər daha maraqlıdır. Xüsusən, Rusiyanın Azərbaycana yönəlik hərəkətləri diqqəti cəlb edir. Moskvada “Milyarderlər İttifaqı”- nın yaradılması, özünü avar və ləzgi xalqlarının müdafiəçisi hesab edən “Sadval” təşkilatının fəallaşması, son günlər isə etnik zona olan Azərbaycanın Qax- Zaqatala bölgəsinə Rusiyanın ölkəmizdəki səfirinin səfər etməsi kifayət qədər diqqət çəkən məqamlardır. Əldə etdiyimiz məlumatlara görə xüsusən bölgəyə səfər edən səfir azsaylı xalqların nümayəndələri ilə görüş zamanı onlara öz haqlarının müdafiəsi uğrunda mübarizə aparmalarına dair sətiraltı mesaj verərək etnik qrupları bu yöndə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa çağırıb. Son zamanalar Qax- Zaqatala bölgəsi ilə işləyən yeganə qurum “Kür” Vətəndaş Cəmiyyəti Qərargahıdır. Təbii ki, səfir bu çağırışı ilə etnik qrupların milli düşüncəli ictimai fəalların idarə etdiyi “Kür” cəmiyyəti ilə deyil, çox güman ki, “Sadval” təşkilatı ilə əlaqə qurmasını nəzərdə tutur. Azərbaycan hökümətinin reaksiyası... Son baş verənlərə Azərbaycan höküməti ləng də olsa cavab vermək zorundadır. Xüsusən uzun fasilədən sonra prezident İlham Əliyevin Çeçenistan prezidenti Kadırovu qəbul etməsi, Fövqəladə Hallar nazirinin səfirin səfərindən dərhal sonra bölgəyə səfər edib hüquq mhafizə oqranlarının rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirməsi diqqət çəkən məqamdır. Amma yaxın zamanlarda “Sadval”- ın və Rusiya xidmət orqanlarının dəstəyi ilə gərgin və narazı elektoratın olduğu Qax- Zaqatala bölgəsində müxtəlif qarşı durmaların olacağını güman etmək olar. Artıq dünən bu qarşıdurmaların işartıları baş verib. Belə ki, 15 minə yaxın avarın yaşadığı Zaqatalanın Dinçi (keçmiş Danaçı) kəndində işləyib maaşalarını ala bilməyən fəhlələrin üsyanı olub. Yerli sakinlərin də dəstək verdiyi üsyan zamanı bir neçə nəfər iş icraçısı (prorab) döyülüb, yeni tikilmiş evlər sökülüb. Qax- Zaqatala olayları K. Heydərovu bitirə bilər Hazırda Qax- Zaqatala bölgəsində görülən işlərin məsuliyyəti və rəhbərliyi FHN- nin üzərindədir. Hazırda bölgəyə sözü gedən nazirliyin xətti ilə minlərlə işçi heyəti və texnika cəmləşib. Məntiqlə yanaşsaq həm də hələ ki, bölgənin sorumluluğu və qəhrəmanı da Kəmaləddin Heydərovdur. Amma nəzərə alsa ki, bölgədə kifayət qədər problem, yeyinti, təyinatdan kənar xərcləmələr, korrupsiya elementləri və ümumilikdə yerli sakinlər arasında narazılıq var, bu sorumluluğun FHN şefi üçün nəyin hesabına başa gələcəyini düşünmək olduqca ağırdır. Nəzərə alaq ki, ölkənin 10- yaxın tanınmış KİV nümayəndəsi ilə birlikdə bölgəyə səfər edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı yaxınlarda birbaşa K. Heydərovun və FHN- nin fəaliyyətinin araşdırılmasına həsr olunmuş şok hesabatın anonsunu verib. “Kür” Cəmiyyətinə FHN- nin öz daxilindən, Prezident Aparatından və FHN şefinin hakimiyyət daxili əleyhdraları tərəfindən ötürüldüyü istisna edilməyin məlumatların yer aldığı hesabatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilir. Həmin hesabatda dövlət büdcəsinin talan edilməsi, zəlzələyə ayrılan pulların ölkənin başqa- başqa yerlərindən kimlərin adlarına hansı işlərin görülməsi, eləcə də zəlzələ bölgəsində evlərin tikintisi zamanı yol verilmiş mənimsəmələr və s. yer alıb. Əldə etdiyimiz məlumatlara görə Kür daşqınları ilə bağlı və Qax- Zaqatala zəlzələ tikintisi kimi sosial məsələlərlə yanaşı bir çox siyasi problemlərin də həll olunması FHN şefinə tapşırılıb. O cümlədən, “Milyarderlər İttifaqı”- nın zərərsizləşdirilməsi, zəlzələ bölgəsində siyasi vəziyyətin nəzarətdə saxlanılması, “Sadval”- ın təsirlərinin minumuma endirilməsi və s. Amma görünən odur ki, K. Heydərovun bu yüklərin altından qalxa biləcəyi çox müşkül məsələdir. Birincisi, ona həvalə edilmiş işlər sosial- siyasi yönümlü olmaqla çox çeşidli və ağırdır. Digər tərəfdən onun hakimiyyət daxilində çox ciddi rəqibləri var. Hətta bəziləri düşünür ki, 2013- cü il prezident seçkiləri K. Heydərov üçün son seçkilər ola bilər. Yəni bu seçkilər zamanı o da vəzifəsini, karyerasını və var- dövlətini itirə bilər. Hətta hakimiyyət daxilində ona bu qədər çox çeşidli sosial- siyasi yönümlü işlərin tapşırılması, eyni zamanda hazırda onun adamları tərəfindən yol verilən çox saylı korrupsiya və mənimsəmə faktları onu bitirmək üçün “mina” rolunu oynayır. Hazırda onun əsas eleyhdarlarından olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin revanş götürməsi, 2 gün öncə isə rayon icra hakimiyyətləri başçılarını “Ağ ev”-ə cəmləyib müşavirə keçirməsi, ona “get” deyən başda dövlət başçısı olmaqla bütün rəqiblərinə müqavimət, Moskvaya isə “mən varam” mesajı verməsidir. FHN şefinin son zamanlar kifayət qədər güclənməsi onun hakimiyyət daxili digər rəqiblərinə dövlət başçısının yanında onun postəliyev dövrünə hazırlaşmasına dair pıçıltıların meydana gəlməsinə stimul verib. Böyük etimad və imtiyazlardan siyasi iflasa və ölüm hökmünə gedən yol Bu arada əldə etdiyimiz məlumata görə 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları ilə bağlı FHN şefindən narazı qalan İmişli, Saatlı, Sabirabad, Salyan və s. sakinləri dövlət başçısına onun fəaliyyəti ilə bağlı imza toplayırlar. İmza kampaniyasının yaxın günlərdə Qax- Zaqatala bölgəsinə keçəcəyi də gözlənilir. Kampaniyada K. Heydərova qarşı olan hakimiyyətdaxili qüvvələrin də marağı və iştirakına dair bilgilər var. Göründüyü kimi FHN şefinin vurulması təkcə elitar təbəqədə deyil, sadə insanlar, narazı xalq kütlələri tərəfindən də həyata keçirilməsinə başlanılıb. Yaxın vaxtlarda K. Heydərov qabaqlayıcı tədbirlər görməsə, dostlarını sevindirəcək, rəqiblərini məyus edəcək addımlar ata bilməsə ona göstərilən böyük etimad və verilən imtiyazlar onun siyasi iflasına, ölüm fərmanına çevrilə bilər...
Sorğu
Yeni dizaynımız necədir?