"Kür" FHN rəhbərinin “dekabrın sonuna kimi bütün evlər tikilib istifadəyə veriləcək” vədini araşdırır
gundemxeber.az “Kür” Vətəndaş Cəmiyyəti Qərərgahı 2012- ci ilin yazında baş vermiş Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabatını hazırlayır. Hesabatın hazırlanması məqsədilə sözü gedən qurumun əməkdaşları son günlər zəlzələ bölgəsində olublar. Fəlakətin aradan qaldırılması istiqamətində görülən işlər və bölgədəki mövcud problemlər araşdırılıb. Təsirə məruz qalan insanlarla görüşülüb, onların acınacaqlı yaşayış durumu ilə maraqlanılıb. Monitorinq zamanı “Kür” Cəmiyyətinin nümayəndələri Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsində tikdiyi evlərin, orta məktəblərin və uşaq bağçalarının sayı ilə əlaqədar bir müddət öncə elan etdiyi rəqəmlərin həqiqətə uyğun olub- olmaması, eləcə də evsiz qalan insanların hazırda qışı harda və necə keçirmələri ilə bağlı araşdırmalar aparıblar. Monitorinq zamanı zəlzələ bölgəsində digər bir sıra faktlar da qeydə alınıb. Əldə olunan nəticələr hesabata əlavə ediləcək. Hazırkı hazırlanan hesabatda bu ilin 23 noyabrında “Kür” Vətəndaş Cəmiyyəti Qərərgahı tərəfindən ictimaiyyətə təqdim olunan “Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər; mövcud problemlər, qarşıda duran vəzifələr” mövzusunda Hesabatda zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qeyd olunan bəzi məqamların araşdırılmasına da start verilib. Hesabatda zəlzələ bölgəsində fəaliyyət göstərən tikinti şirkətləri, onların əvvəlki fəaliyyətləri, gördüyü işlər, həyata keçirdikləri layihələr, tikinti- inşaat işləri, internet saytları, idarəetmə prinsipləri, işçilərlə əmək münaibətləri, həmçinin bu şirkətlərin vergi və sosial ödənişləri araşdırılır. “Kür” Cəmiyyəti hesabatın hazırlanması dövründə bəzi suallara dəqiq cavab almaq üçün yenidən Fövqəladə Hallar Nazirliyinə rəsmi İnformasiya sorğusu göndərib. Sorğuda “Kür” Cəmiyyətinin təklifinə uyğun olaraq 2012- ci ilin 07 və 18 mayında Qax- Zaqatala bölgəsində baş verən zəlzələ ilə bağlı görülən işlərlə əlaqədar FHN- nin saytında yeni bölümün yaradılması və bəzi məlumatların həmin bölümə yerləşdirilməsinə başlanılması müsbət hal kimi qiymətləndirilir və FHN- dən “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı sualların cavablandırılması istənilir; 1. Qax- Zaqatala zəlzələ bölgəsində tikildiyi qeyd olunan 682 fərdi yaşayış evləri hansı kəndlərdə hansı sayda və kimlərə tikilib (Zəhmət olmasa adlı siyahı təqdim olunsun)? 2. Zəlzələ bölgəsində indiyə qədər xərcləndiyi bildirilən 234.605,6 manat vəsaitlə hansı işlər görülüb? 3. Zəlzələ nəticəsində çadırlara köçürülmüş insanların qışı harda, necə keçirmələri üçün nə kimi tədbirlər görülür? Kirayələrdə qalan insanlara hansısa yardımların edilməsi (kirayə pulu, ərzaq yardımı, kompensasiya və s.) nəzərdə tutulurmu? 4. Qəzalı vəziyyətə düşmüş və tikintisinə qərar verilmiş uşaq bağçalarının fəaliyyəti hazırda necə tənzimlənir? Onlar harda yerləşdirilir və bu yerləşdirməyə görə hansısa quruma kirayə pulu ödənilirmi? Hələ ki, FHN tərəfindən sorğuya cavab verilməyib. Yaxın günlərdə “Kür” Cəmiyyətinin nümayəndələri yenidən zəlzələ bölgəsinə səfər edəcəklər. Bu dəfəki səfərdə bir daha mövcud problemləri araşdırmaq, bölgədəki son durumla bağlı monitorinq aparmaqla yanaşı FHN tərəfindən verilən vədlərin (“...mayın 7-də və 18-də Zaqatalada baş verən birinci zəlzələ zamanı dağılan bütün evlər dekabrın sonuna kimi tikilib təhvil veriləcək”-), eləcə də adı çəkilən qurumun bu istiqamətdə üzərinə götürdüyü digər öhdəliklərin nə dərəcədə yerinə yetirilib- yetirilməməsi araşdırılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?