Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin imzaladığı sərəncama əsasən gürcü nazirlər bundan sonra ayda 3,6 min dollar deyil, 3 min dollar, başqa sözlə 2300 manat maaş alacaqlar. Ölkə mətbuatı qərarı yeni təyin olunmuş bəzi nazirlərin özlərinə dəbdəbəli maşınlar və bahalı mobil telefonlar alması ilə bağlayırlar.
Azərbaycanda isə nə qədər qəribə səslənsə də, nazirlər gürcü həmkarlarından xeyli az maaş alırlar.
Maliyyə Nazirliyi hökumət üzvlərinin maaşı ilə bağlı ANSPRESS-in sorğusuna cavab verməkdən imtina edib. Bununla belə, mətbuatda gedən məlumatlara əsasən, baş nazirin maaşı 1925 manat, nazirlərin əmək haqqı isə 1500 manatdır. Amma bəzi ekspertlər hökumət üzvlərinin gəlirləri ilə bağlı qaranlıq məqamlar olduğunu deyirlər.
Ekspert Əlimməməd Nuriyev şübhələrə son qoymağın yeganə yolunu nazirlərin öz gəlirləri barədə şəffaf məlumat verməsində görür: "Bu isə yalnız gəlir deklarasiyasının tətbiqi ilə mümkün ola bilər. Deklarasiyanın formasının hazırlanması 2005-ci ildən Nazirlər Kabinetinə tapşırılsa da, 8 ildə heç bir addım atılmayıb. Bir sözlə, bəyannamənin hazırlanması elə gəlirini bəyan etmək istəməyən şəxslərin ümidinə qalıb".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?