Sən bir kənd kimisən,qoca! Küləyi əsməyən, yağışı yağmayan, dolusu düşməyən, bacaları tüstüləməyən, qəbirstanlığı dağıdılan, yolları itən, çıraqları sönən, uşaqları da yetim qalan, qos-qoca bir kənd... Fələk səni əzdi, canını cox incitdi, bilirəm, Aldı hər şeyini əlindən- becərdiyin torpağı, suyundan içdiyin bulağı, bəslədiyin arıları, yayın cırhacırında dincəldiyin yaylaqlara kimi. Başına dönüm, bu olanlardan sonra fələklə işin olmasın, ha! Qoca, indi sənin ziyarətə gedəsi qəbirstanlığın da yoxdu. Bir kimin-kimsən də qalmayıb. O qəriblikdə uyuyanlar səni qınamırmı? “Görüşümüzə niyə gəlmirsən?!” - demirlərmi? Barı, heç olmasa, yuxularına gəlirlərmi? Yuxularında aranı-dağa daşıyırsanmı? İnanmıram yuxularına da gələlər, yuxular görüb yozasan, Yurd-yuvası dağılan adamın yuxusumu olar, a zalım?! Qoca, bilirsənmi, heç sənin o dünyada da getməyə yerin olmayacaq?! Özünə yalandan təsəlli vermə ki, torpaqlar qaytarılar, anamın ziyarətinə gedərəm, atamın baş daşını öpərəm, babamın məzarında hönkür-hönkür ağlayaram, nənəmə də yasin oxutduraram... Aldatma özünü qurbanın olum, qoca! Ruhun da oralara uçub getməyəcək, Bundan əmin ol. Bilirsən niyə? Çünki, ruhlar azadlığı sevir, Yəqin bilirsən, sənin kəndinə ermənilər qalın-qalın sədlər çəkib. Özün düşün, o səddlərdən ruhlar keçə bilərmi heç?! Keçməz qoca, keçməz...
Sorğu
Yeni dizaynımız necədir?