Yəqin xatırlayarsınız: bir müddət əvvəl Rusiyada Türkiyədən idxal olunan meyvələrin ağır maşınların altına töküb əzdirilməsi kadrları televiziyaların əsas xəbərinə çevrilmişdi. Moskvanın bu qəzəbinin səbəbi indi-indi məlum olub. Sən demə, səbəb təkcə buldozerlər altında əzilən meyvələrin Türkiyədən gəlməsi deyilmiş, həm də onu Rusiyaya göndərən şirkətin adıyla bağlıymış. gundemxeber.az xəbər verir ki, həmin meyvələr “Uçak” adlı bir firma tərəfindən Rusiyaya göndərilibmiş. Meyvələrin üzərində isə firmanın adı yazılan etiket varmış. Rus hökuməti bu etiketi Türkiyənin onunla “məzələnməsi”, bir müddət əvvəl Suriyayla sərhəddə düşürülən təyyarəyə eyham vurması kimi düşünübmüş. Lap, Məşədi İbadın sözü olmasın, “mənə meymun dediyin bəs deyil, əl də verib görüşürsən” misali.
Rusiya da buna adekvat cavab vermək üçün “Uçak” firmasına aid bütün meyvələri yox etmək qərarına gəlib. Bəzilərini dala qaytarıb, bəzilərini isə düşmən malı kimi ağır texnikaların altında əzib, videosunu çəkib televiziyalarda nümayiş etdirib.
“Uçak” firması isə meyvələrin üzərinə yapışdırılan etiketlə hər hansı bir fikir ifadə etmək istəmədiklərini, sadəcə mallarına öz markalarının adını yapışdırdıqlarını bildirir.
Firma öz adını sahiblərinin familyasından götürüb. Uçak soyadlı Hayrettin, Ali və Vahit qardaşları 1984-cü ildə qurduqları bu şirkət vasitəsilə Rusiya və Avropaya meyvə göndərirmişlər. Ticarətlərinin 50%-ni isə Rusiya bazarı ödəyirmiş. İki ölkə arasında çıxan təyyarə böhranından sonra Rusiyayla ticarət əlaqəsini kəsən Uçak qardaşları indi bu itkinin yerini Dubay, Səudiyyə Ərəbistanı və İsrailə göndərəcəkləri mallarla doldurmağa çalışırlar. Firma yetkililərindən olan Hayrettin Uçak bununla bağlı deyir: “Orada mal satdığımız şirkətlər "həm təyyarəmizi vurursunuz, həm də lağ edirmişsiniz kimi bizə etiketi təyyarə şəkilli məhsul göndərirsiniz" deyirlər. Sanki qəsdən etmişik kimi maraqlı bir təsadüflə üz-üzəyik. Təyyarə hadisəsiylə firmamızın adını eyniləşdirdilər. Məhsullarımız geri döndü. Bizim üçün bu, problem deyil. Rusiya etiraz edir deyə, 31 illik şirkətin adını dəyişdirəcək deyiləm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?