Paytaxtda fəaliyyət göstərən əksər bar-diskotekalar fahişəxanalara çevrilib; bu əxlaqsızlıq yuvalarını yüksək vəzifəli şəxslər himayə edir
Bakıda bar-diskoteka adı ilə fəaliyyət göstərən klublar dələduzluq, soyğunçuluq, özbaşınalıq və dərəbəylik yuvalarına çevrilib. Bu obyektlərə gedən müştərilərin əksəriyyətinin başına oyun olmazın müsibətlər açılır, obyekt işçiləri tərəfindən döyülür, söyülür, cibindəki pullar zorla alınmayana qədər girov saxlayırlar. Bar sahibləri əslində obyektlərini pritona, fahişəxanaya çeviriblər. Müştərilərə burada işləyən qızlar seks xidməti göstərir, bar sahiblərinə pul qazandırırlar.
Dərəbəylik, soyğunçuluq
Ümumiyyətlə, Bakıda qadın alveri ilə məşğul olmayan tək-tük bar tapmaq olar. Bir çoxu priton kimi fəaliyyətdədir və hüquq-mühafizə orqanları tərəfindən onlar barəsində heç bir tədbir görülmür. Çünki həmin yerləri nazirlər, polis rəisləri, hətta deputatlar himayə edir. Ona görə də, onların bu hərəkətinə görə, “gözün üstə qaşın var” deyən isə yoxdur. Nəticədə barlara gedən müştərilər soyulur, təhqir olunur və şikayətlərinə baxan olmur. Yada salaq ki, Bakıda klubların əxlaqsızlıq yuvalarına çevrilməsi faktı ABŞ Dövlət Departamentinin insan alverinə dair hesabatında da təsdiqlənib. Ötən ilin hesabatında vurğulanmışdı ki, məmurların nəzarətində olan pritonlar var və onlar yüksək səviyyədə hakimiyyət təmsilçiləri tərəfindən himayə olunur. Bara daxil olan müştəri oturan kimi ona yaxınlaşan fahişə dərhal, müştərinin fikrini öyrənmədən içki sifariş edir. Bu içkilər isə əslində o qədər baha olmasa da, sözügedən məkanlarda “ceyran belinə” qaldırılır. Müştəri hələ heç bir içki sifariş vermədiyini deyib etirazını bildirəndə isə içəridəki qolu zorlu “qoçu dəstələri” ona hücum çəkirlər. Bar rəhbərliyi isə içkini sifariş edən qızlara cavabdeh olmadığını, onların burada işləmədiyini bəhanə gətirərək “haqqı”nı tələb edir. Müştərilərin əksəriyyəti məsələnin böyüməməsi, polisin işə qarışmaması üçün tələb olunan pulu verməli olurlar.
Hansı barlarda özbaşınalıqdır?
Bar rəhbərlikləri isə iddia edirlər ki, içki müştərinin yanında sifariş edilib deyə ödəniş etməlidir. Halbuki, müştəri oturan kimi onun fikrini soruşulmadan masaya içki gətirilir. “Gündəm xəbər” olaraq araşdırma zamanı məlum oldu ki, belə hallar daha çox şəhərin mərkəzində, xüsusilə “Torqovı”da yerləşən klublarda baş verir. Araşdırma zamanı öyrəndik ki, hakimiyyətdə təmsil olunan nazirlər içində bu yuvaları saxlayanlar var. Bu nazirlərin adları bizə bəllidir. Sadəcə, etika naminə və məhkəmə perspektivi yaratmamaq üçün açıqlamırıq. Çünki həmin pritonların nazirə məxsus olduğunu rəsmi şəkildə sübut etmək çətindir. Onlar bu yerləri kurasiya etsələr də, sahibi kimi fiziki şəxslər göstərilir. Bir məqamı deyək ki, pritonlar şəbəkədir. Onlar bir neçə məmur tərəfindən idarə olunur. Bu şəbəkəyə taksi, sauna xidmətləri bağlıdır. Məsələn, Natəvan heykəlinin arxasındakı “Kakadu”, Tolstoy küçəsində, “Xaqani” Ticarət Mərkəzində bir qədər irəlidə “Sky life”, Füzuli meydanına yaxın olan ərazidəki “Lena”, Azadlıq prospektindəki “Prinses”, Bülbülə prospektində yerləşən “Qladiator” və saymaqla bitib-tükənməyən pritonlarda eyni hadisələrə demək olar ki, hər gün rast gəlinir. Həmçinin, Rəşid Behbudov adına Mahnı Teatrının yaxınlığındakı bar, “Night club”, “Eniqma” da bu qəbildən olanlardır. Barlarda müştəriyə ürəklərindən keçən qiyməti “oxuyurlar”. Müştəri etirazını bildirəndə onunla küçə jarqonunda danışırlar. Bar qoçuları müştəriyə dolayısı ilə eyham vururlar ki, bizim obyektlərin sahibləri vəzifəli şəxslərdir. Onlara batan olmaz.
Fahişədən 1 saatlıq istifadə 50 manat
Məsələn, “Coral”, “Prins” barlarında mühafizə xidməti təşkil olunub. “Diana” barında da analoji vəziyyətdir. Onlar mühafizəçi üslubunda geyinir və mədəni şəkildə nəzarət edirlər. Yuxarıda sadaladığımız klublarda olduğu kimi, mülki geyimlilər müştərinin üstünə şığıyıb, onu “asıb-kəsmirlər”. Barlarda fahişələrin 1 saatlıq “xidmət”i 50 manatdır. Bundan əlavə 20 manat taksi, 25 manat sauna və 15 manat da barda içki və siqaret pulu ödəmək var. “Relax” adı ilə məşhur olan R.Behbudov küçəsində “yuva”da isə “xidmət” fərqlidir. Burda içki, taksi, sauna xərcləri ödənilmir. Barda qızlarla “görüşmək” üçün xüsusi otaqlar ayrılıb. Qız seçimi edilib pul ödənilir, müştəriyə ödənilən məbləğin çeki qaytarılır, qız vərəqə bugünlük hesabatını qeyd edir. Yəni neçənci müştərini qəbul etdiyini. Burada yarım saatlıq intim isə 50 manatdır. Şəhərin Bülbül prospektində yerləşən “B52", ”Qladiator", “Şlyapa” və “Bird club” gecə barlarında da analoji vəziyyətdir. Onu da deyək ki, Departamentin sonuncu hesabatında deyilir ki, Azərbaycan məcburi əməyə sövq edilən kişi, qadın və uşaqlar, eləcə də seksual istismara məruz qalan qadın və uşaqlar üçün mənbə, tranzit və təyinat ölkəsidir: “Azərbaycanlı kişilər və oğlanlar Rusiyada məcburi əməyə sövq edilir.
Azərbaycanın adı siyahıda
Azərbaycanlı qadınlar və uşaqlar isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İranda seksual istismara məruz qalır. Qadın və uşaqlar Azərbaycanın daxilində də məcburi əməyə, o cümlədən dilənçiliyə məcbur edilir”. Yada salaq ki, dünyaca məşhur BBC korporasiyasına daxil olan “Lonely Planet” jurnalı dünyanın ən əyləncəli gecə həyatına malik şəhərlərinin reytinq cədvəlində Bakını səkkizinci sırada göstərmişdi. Orada deyilirdi ki, müsəlman ölkələrindən ilk dəfə olaraq siyahıya Azərbaycanın paytaxtı Bakı da düşüb. Jurnalın ekspertləri bunu sürpriz hesab etmirlər. “Lonely Planet” yazırdı ki, Bakı özünün gecə barları, gecə klubları və dəbdəbəli restoranları, lüks sayıla bilən digər dəbdəbəli əyləncə məkanları ilə əcnəbi qonaqları cəlb edir. Bunun ən böyük səbəbi isə bu tipli məkanlarda hər cür əyləncənin olmasıdır. Jurnalın ilk onluğunda birinci yeri Serbiyanın paytaxtı Belqrad tutur, səkkizinci yerdə isə Bakıdır. Jurnalın ekspertləri Bakının gecə həyatına görə Dubayla yarışdığını da xüsusi vurğulayıblar. O da qeyd olunur ki, Bakının gecə həyatı biznesi onun sahiblərinə və himayədarlarına böyük qazanc gətirir. Çünki qiymətlər çox yüksəkdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?