Minsk şəhər məhkəməsi İsrail vətəndaşlığı daşıyan rusiyalı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Belarus Baş prokurorluğunun çıxardığı qərarı qüvvədə saxlayıb. RİA Novosti xəbər verir ki, hakim Lyubov Simaxina vəkillərin qərardan verdiyi şikayəti təmin etməyib. Məhkəmə qapalı keçirilib, Rusiya və İsrail diplomatları, jurnalistlər ancaq hökmün elan edilməsi zamanı zala buraxılıb. Xatırladaq ki, lapşin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səyahət etdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlara görə axtarışa verilib. Ötən ilin dekabrında onu Minskdə həbs ediblər. Lapşinin məsələsi ətrafında böyük hay-küy qalxıb. Ermənistan bloqqerin həbsindən və onun Azərbaycana ekstradisiyasına dair qərardan möhkəm narahatdır, bunun başqaları üçün də presedent olacağını nəzərə alır və bütün imkanları ilə Lapşini xilas etməyə çalışır. Rusiya XİN rəhbəri Sergey Lavrov da Lapşinin həbsinə və Azərbaycana ekstradisiyasına qarşı çıxıb. İsrail XİN isə Azərbaycan tərəfi ilə danışıqlar aparır ki, bloqqerin rəsmi üzr istəməsinin əvəzində onun təqib olunması dayandırılsın. Lakin göründüyü kimi Belarus məhkəməsi Lapşinin ekstradisiyasına dair qərarı qüvvədə saxlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?