“Əzrayıl həmdəmim, məzar yoldaşım” deyən Aşıq Ələsgərin Göyçədə viran olunmuş məzarüstü abidəsindən söhbət gedir
Ötən “İz”də Qarabağda işğal altında qalan tarixi abidələrdənsöz açılmışdı.
Bu dəfə ustadlar-ustadı Aşıq Ələsgərdən, onun Göyçədə qalmış məzarüstü abidəsindən söhbət gedir.
Abidə 1972-ci ildə böyük aşığın anadan olmasının 150 illik yubileyi şərəfinə ucaldılıb.
Yubiley Azərbaycanda böyük təntənə ilə qeyd edilib. Aşıqın ikicildliyi işıq üzü görüb.
Adı dillərdə gəzib, qoşmalarına mahnılar yazılıb.
Və doğulduğu Ağkilsə kəndindəki məzarüstü abidəsinin açılışına Azərbaycandan böyük nümayəndə heyəti gedib.
Amma bu abidənin ömrü gödək olub.
80-ci illərin sonlarında baş verən məlum və məşum olaylardan sonra aşığın abidəsi də dağıdılıb, yerlə bir edilib...
Ustad aşıq belə amansız münasibəti öz sağlığında da görüb.
1918-19-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğından sonra göyçəlilərlə birgə o da kəndi tərk etmək məcburiyyətində qalıb. İki il Yanşaqda, bir neçə ay Tərtərdə yaşayıb.
Aşıq Ələsgər bir də Ağkilsəyə 1921-ci ildə - ömrünün sonlarında qayıdıb.
Elə aşığın ilham qaynağı- sevimli Səhnəbanusu da bu olaylardan qaçarkən dağlarda donub...
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Çoxlarının bəlkə də eşitmədiyi bu Aşıq Ələsgər misraları da ustad aşığın ömrünün sonlarında yaranıb...
Maraqlıdır ki, mart ayı Aşıq Ələsgərin həm doğulduğu, həm dünyadan köçdüyü aydır.
AzadlıqRadiosunun “İz” proqramı Novruz ərəfəsində Göyçəli Aşıq Ələsgəri öz ayında bir daha yad edir.
Martın 12-də saat 23-də AzadlqRadiosuna köklənin.
Ustad aşığın 1 əsr 5 ilə sığan həyat tarixçəsini birgə vərəqləyək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?