Fazil Mustafa: “Bu gün əgər Bakını işğaldan azad edib, ermənilərin ağzını əzən Nuru Paşanın adına burada bir küçə belə yoxdursa, Ayna Sultanovanın heykəlinin orada durması qanunauyğundur”
Sovet hakimiyyətinin qələbəsi, milli dövlətçiliyin süqutu uğrunda mübarizə aparmış, leninçi bolşeviklər nəslinin nümayəndəsi olan Ayna Sultanovanın Bakıda yerləşən heykəlinin götürülməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ictimai şəxslər hesab edirlər ki, bu kimi heykəllər yığışdırılaraq bir muzeydə saxlanılmalıdır. Lakin bunun əksini söyləyənlər də az deyil…
Onu da qeyd edək ki, Atatürk prospektində Ayna Sultanovanın heykəlinin yerləşdiyi park 2014-cü ildən təmirə bağlanıb.
Ərazidə olduğumuz zaman öyrəndik ki, hələ də parkın dəmir hasara alınması xaricində heç bir iş aparılmayıb. Müşahidə etdik ki, parkın içərisindəki yaşıllıq da artıq məhv olmaq üzrədir. Nələr məhv olsa da, Ayna Sultanovann heykəli parkda qoyulduğu kimi qalır. 2014-cü ildə parkda aparılan yenidənqurma işləri nəticəsində heykəlin oradan götürüləcəyi ilə bağlı şayiələr yayılmışdı. Lakin sonradan parkın ərazisinə daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama verildi ki, heykəl oradan götürülməyəcək. Elə o zamandan etibarən də parkda aparılan işlər dayanıb.
Əslində isə plana görə, parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulmuşdu.
Parkdakı heykəlin tarixinə gəlincə isə qeyd edək ki, heykəl 1986-cı ilin aprel ayında Vladimir Leninin anadan olmasının 116-cı ildönümü münasibətilə hazırlanıb. Müəllifi heykəltaraş Münəvvər Rzayevadır.
Yuxarıda da qeyd etdiyimiz kimi bu heykəlin oradan götürülməsi ətrafında müzakirələr tez-tez ictimaiyyətdə gündəmə gəlir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məsələni sosial şəbəkədə qaldıraraq bildirib:
“Yüzlərlə insanı 1930-37-ci illərdə sürgünə və represiyaya məruz qoyan bu xanım, 1937-ci ildə Hüseyn Cavid tutulub Keşlə həbsxanasında işgəncəyə məruz qalan zaman Azərbaycan Xalq Komissarları Şurasının sədri olaraq Müşfiqi yanına çağırıb diktə edir: "Cavid əleyhinə bir məqalə yaz!" Sözsüz ki, bu məqalə lazım idi ki, Cavidi şərləyib qətlə yetirmək üçün kommunistlərin əlində tutarlı dəlil olsun. Lakin Sultanova gözlədiyinin əksinə cavab alır. Müşfiq bunu necə yaza bilərdi, bir halda ki, Cavidə "əfəndim" deyirdi. Əfəndi olan bir şəxsi şərləmək bu qədərmi asandır? Sultanova israr edərkən Müşfiq deyir: "Mən əgər sol əlimlə Cavidin əleyhinə yazaramsa, sağ əlimlə sol əlimi baltalaram!" Bundan qəzəblənən Ayna Sultanova dərhal onu həbs edilməsini və qırımızı xətlə ölümə məhkum olunmasına imza atır..... Müşfiqsə 6 yanvar 1938-ci ildə Nargin adasında məhkəməsiz-filansız güllələnir.
Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib. O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək şərqdə ilk demokratik respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi. O Azərbaycan qadınlarını "qırmızı ordu"ya, yəni rus əsgərləri üçün alt paltarı tikmək və yamamağa məcbur edirdi.
Ayna Musavat ordusunun zabitləri ilə gəzir, əldə etdiyi məlumatları bolşeviklərə ötürürdü. Bakıda sovet hökməti qurulandan sonra isə Ayna, partiyanın əmri ilə Həmid Sultanovla evləndi. Toy hədiyyəsi kimi isə ona bəylərin xanımlarından müsadirə edilmiş (şayiələrə görə, Gəncə qiyamı zamanı öldürülmüş ziyalıların) qızıl əşyaları verildi...
Sonradan oa da bolşeviklərə xidmət edən digər şəxslərin aqibətini yaşadı. Sovet hökuməti 1938-ci ildə A.Sultanovanı, qardaşı Qəzənfər Musabəyovu və həyat yoldaşı Həmid Sultanovu xalq düşməni kimi güllələdi”.
Deputat Fazil Mustafa musavat.com-a açıqlamasında Ayna Sultanovanın heykəlinin götürülməsi ilə bağlı aşağıdakıları bildirib: “Hələ ki biz elə Ayna Sultanovanın müəyyən dərəcədə düşüncəsini daşıyan çoxluğun içərisindəyik. Ona görə də heykəli sökmək hələ tezdir. O mənada ki, Ayna Sultanovanın heykəlini sökmək üçün gərək onun alternativini tapasan. Alternativ isə Məhəmməd Əmin Rəsulzadə, Nuru Paşa, Feyzulla bəy Qacar və digər bu kimi şəxslərdir. Bu şəxslərə lazımi dəyəri vermədən kiminsə heykəlini sökməklə məsələ həll olunmur. Hər şeyin yaxşı mənada alternativi var. Bu gün əgər Bakını işğaldan azad edib, ermənilərin ağzını əzən Nuru Paşanın adına burada bir küçə belə yoxdursa, Ayna Sultanovanın heykəlinin orada durması qanunauyğundur. Ona görə də bu heykəlin götürülməsinin indiki məqamda əleyhinəyəm. Alternativi təyin etmədən nəyisə sökmək boşluq yaradacaq. Elə xaosdan, boşluqdansa, heç olmasa Ayna Sultanovanın heykəlinin orada durması ən azından insanlar üçün istiqamət baxımından faydalı olar. Ən azı harasa gedəndə yolu təyin etmək üçün deyərlər ki, Ayna Sultanovanın heykəlinin yanındadır. İndiyə qədər “Karl Marksın heykəlinin yanı” deyirik. Halbuki, heykəl oradan götürülüb. Bizim şüurumuzda ora yanacaqdoldurma məntəqəsi, körpü deyil. Heykəli olmasa da şüurumuzda orada Karl Marks oturub. Kimi dindirsən, deyir ki, “Əzizbəyovun heykəlinin yanına gedirəm”. Baxın, heykəl götürülüb, ancaq bizim düşüncəmizdə hələ heykəl oradadır. Ona görə də nəyinsə sökülməsi onun yoxa çıxması demək deyil. Doğru alternativ tapılmalıdır. Əgər bu gün Fəxri Xiyabanda Əli Bayramovun məzarı üzərində “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilib” cümləsi yazılıbsa, ruslara satılmış şəxsin qəbrini görk olaraq saxlayırıqsa, niyə Ayna Sultanovanın heykəli sökülsün? Eyni zamanda heykəlləri də götürən zaman düşünməliyik ki, bunlar kiminsə sənət əsəridir. İnsanların da sənət əsərlərinə dövrün tələblərindən asılı olmayaraq bir qədər fərqli yanaşmaq lazımdır. Daş muzey kompleksi kimi bir yer yaratmaq, bu heykəlləri ora yığmaq lazımdır. Ən azı yaxın tariximiz haqqında insanlarda təsəvvür yaratmaq zərərli olmaz. Bu da bizim mənfi çalarlı olsa da, taleyindən ibrət götürüləsi tariximizdir. Çünki o insanların böyük əksəriyyəti sonradan törətdikləri əməllərin cəzasını hətta canları ilə ödəyiblər. Bu məsələ görk olaraq Azərbaycan cəmiyyətində yer almalıdır. Ona görə də heykəlin götürülməsinin ictimai şüurumuzda müsbət dəyişikliyə səbəb olacağını düşünmürəm”.|musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?