Elektron elanla vətəndaşı aldadıb, apteklərdə 22 manata təklif olunan adi kremi ona qeyri-adi məhsul kimi təqdim edərək 44 manata satıblar. gundemxeber.az Xəzər TV-yə istinadən məlumat verir ki, internet satışla bağlı bu fırıldaqçılıq Bakıda Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zaur İsaqovun başına gəlib.
[b][/b]Dərmanın heç bir fayda vermədiyini görən Zaur İsaqov zəng edərək, onu satanlardan pulunu geri qaytarmağı xahiş edib. Ən maraqlı məqam isə budur ki, Zaur İsaqov təsadüfən aptekə girən zaman ona 44 manata satılan dərmanın aptekdə 22 manata satışa qoyulduğunu görüb və aldadıldığına tam əmin olub. Məsələ ilə bağlı mövqe bildirməsi üçün dərmanı istehsal edən “Xender” firmasının Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Özünü Nərmin adı ilə təqdim edən xanım firmanın adını deməkdən boyun qaçırdı və “necə istəyirsiz elə də edin. Bizdən sizə heç bir açıqlama verilməyəcək” deyib dərhal telefonu söndürdü. Yəqin ki, artıq bu firmanın nə qədər səmimi olduğu ilə bağlı əlavə şərh verməyə ehtiyac yoxdur. Hüquqşünas Xəyal Bəşirov deyir ki, firmaların bu şəkildə fəaliyyəti, istehlakçıların aldadılması və onlara düzgün olmayan məlumat vermək kimi qəbul olunur. İnzibati Xətalar Məcəlləsinə bu yolla vətəndaşa 100 manata qədər zərər vurulursa fiziki şəxslər 350 manatdan-550 manata qədər, hüquqi şəxslər isə 4000 manatdan 6000 manata qədər cərimə olunmalıdırlar. Əgər bu hal kütləvi xarakter daşıyırsa və vurulan ziyan 100 manatı ötürsə, onda belə şəxslər cinayət məsuliyyəti də daşımış olurlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?