Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu birjadaxili ticarət qaydalarını pozmaq ittihamı ilə həbs edildikdən sonra zaminə buraxılıb.
Qahirə məhkəməsi Mübarək qardaşlarının həbs olunmaları əleyhinə verdikləri iddianı təmin edib və onlar zamin pulu olaraq adama 5570 dollar ödəməklə sərbəst buraxılıb.
Zəngin biznesmen Alaa Mübarək və bir zamanlar atasının siyasi varisi sayılan Gamal Mübarək birja səhmlərinin qanunsuz manipulyasiyasında iştirak edərək bundan təxminən 30 milyon dollar əldə etməkdə ittiham olunur.
İki qardaş 2011-ci il Ərəb baharı inqilabı zamanı ataları ilə birlikdə həbs edilmişdilər. Bu xalq həyəcanları Hüsnü Mübarəkin 29 illik hakimiyyətinə son qoymuşdu.
Üçlük bunun ardınca prezident sarayının saxlanması üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham edilərək üç il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Oğullar 2015-ci ildə, ataları isə ötən il azad olunmuşdu.
Hüsnü Mübarəkin hakimiyyəti illərində oğlu Gamal hakim partiyanın mərkəzi komitəsində mühüm postlar tuturdu və atasının varisi hesab olunurdu.
Alaa siyasətdən kənarda qalsa da, atasının əlaqələrindən sərvət toplamaq üçün istifadədə ittiham edilirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?