Dünən Bakıda baş verən dəhşətli qətllə bağlı yayılan rəsmi açıqlamanı kim oxuyub?
Dünən Rusiya Səfirliyinin yaxınlığında 6 saylı sərnişin avtobusunda adam güllələndi və bu günün əsas xəbəri oldu. Bildirildi ki, bu güllə ehtiyatsızlıqdan açılıb. “Qafqazinfo” dünən baş verən cinayət hadisəsindən sonra yayılan rəsmi açıqlamanın ortaya çıxardığı zidiyyətləri təqdim edir. Əvvəlcə gəlin baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunun dünən günün sonunda yaydığı açıqlama ilə tanış olaq.
Diqqətlə baxın: - Açıqlamada bildirildi ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar Xəlilov tərəfindən polietilen torbaya bükülmüş lüləsi kustar üsulla kəsilmiş qoşalülə ov silahından açılmış atəş nəticəsində paytaxt sakini, 1975-ci il təvəllüdlü Vəfadar Məmmədov aldığı xəsarətdən ölüb. Eyni zamanda o da qeyd olundu ki, A.Xəlilovun idarə etdiyi «Toyota Corolla» markalı, 90-HS-359 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun yük hissəsində 1 ədəd «Vinçester» markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. Fakt üzrə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmə, saxlama, gəzdirmə), 229.1 (qanunsuz olaraq silah hazırlama) və 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, hadisənin şahidləri müəyyən edilərək dindirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib. İlkin məlumata əsasən, A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır.
İndi sual olunur.
1) Bu hadisə sərnişin avtobusunda necə ehtiyatsızlıqdan baş verə bilər? Əgər ehtiyatsızlıqdan baş veribsə onda niyə 120.2.4 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılır?
2) Açıqlamada bildirilir ki, A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır. Yaxşı bu adam ruhi xəstədirsə və qeydiyyatdadırsa əlində silah sərnişin avtobusunda nə gəzir?
3) Yaxud necə olur ki, ruhi xəstənin “Toyota Corolla” markalı 90-HS-359 qeydiyyat nişanlı maşını olur? Hamı bilir ki, sağlamlıq kağızı olmadan nə maşın, nə də sürücülük vəsiqəsi almaq olmur. Axı əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunan və qeydiyyatda qalan xəstəyə necə sürücülük vəsiqəsi verilib?
4) Və ya məlumatda deyilir ki, onun maşınından 1 ədəd «Vinçester» markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. Axı bu necə ruhi xəstə ola bilər ki, az qala bir cəbbəxana silah saxlayıb?
Səngərdə bir əsgərin əlində güllə açılıb o birinə dəyən kimi, az qala dünyanı dağıdırlar, amma şəhərin mərkəzində, ən populyar sərnişin avtobusunda, günün günorta vaxtı və nəhayət yuxarıda sadalanan bu qədər ziddiyyətin müqabilində kimsə danışmır. Bəlkə qətli törədənin kimin oğlu olduğu açıqlana?..
Sorğu
Yeni dizaynımız necədir?