2017-ci il mayın 15-nə keçən gecə Rusiyanın Stavrapol vilayətinin Pyatiqorsk şəhərində, Engels küçəsində yerləşən fərdi evlərdən birində xüsusi qəddarlıqla qətl törədilib. İdmançı cüssəli şəxs-23 yaşlı Karen Xaratyan evin 35 yaşlı sahibi Valeri Parseqovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Və bir neçə gün sonra Rusiyanı tərk edərək Azərbaycanın işğal altındakı ərazilərində gizlənib.
gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, ermənilərin sıx məskunlaşdığı Stavrapolda bir erməninin digərini öldürməsinin motivi biznes üstündə yaranan münaqişə olub. Belə ki, Parseqovla Karen Xaratyanın atası Eduard (onu Stavrapolda “Pistolet” ləqəbi ilə tanıyırlar) bir vaxtlar ortaq biznesə malik olub. Amma Valerinin anası Anait tezliklə biznesi təkbaşına davam etdirməyi qərara alıb, Eduard isə hesab edib ki, qadın ona borcludur. Və Anaiti və ailəsini təhdid etməyə başlayıb, bir dəfə onların həyətinə döyüş qumbarası da atıb. Nəhayət Anait pul toplayıb Eduardın haqqını verib. Buna baxmayaraq düşmənçilik aradan qalxmayıb.
Nəhayət həmin gün axşam saatlarında kimsə Valeri Parseqovun evinin darvazasını döyüb. Ev sahibi qapını açan kimi idmançı cüssəli şəxs bıçaqla ona hücum edib və dalbadal zərbələr endirməyə başlayıb.
Parseqovun arvadı Asya hadisəni belə xatırlayır: “Mən ərimlə həyətdə idim və gördüm ki, tanımadığım şəxs ona hücum edib bıçaqla vurmağa başladı. Bədən hərəkətlərindən başa düşdüm ki, o idmançıdır, hazırlıqlıdır. Başa düşmürdük ki, kimdir, ona nə lazımdır, amma məqsədinin öldürmək olduğu aydın idi. Əlimə keçən əşyaları ona tərəf atdım, bu vaxt mənə tərəf dönüb “indi səni də öldürəcəyəm” dedi...”
Asya evə tərəf qaçır, həmin vaxt yuxarıda onların südəmər körpəsi yatırdı. Qadın qorxub ki, qatil onu da körpəni də öldürər. Asya görəndə ki, həmin adam onun ərini bıçaqlamaqda davam edir və qəssab kimi bıçaqla silahlanmış bu adamı dayandırmaq gücündə deyil, qarşısında diz çöküb və ərini öldürməməsi üçün yalvarıb. Bu vaxt qan içində olan Valeri arvadına qışqırıb ki, tez evə qaçıb tapançanı ona gətirsin. Qatil bunu eşidəndə hasardan aşaraq qaçıb, Asya travmatik tapançanı ərinə versə də Valeri qatilin arxasınca qaça bilməyib. Huşunu itirərək yıxılıb və xəstəxanada ölüb.
Yerli hüquq-mühafizə orqanları bu qətli araşdırmağa o qədər də meylli olmayıblar. Hücum edənin kimliyini ailə özü müəyyənləşdirib-videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən qatil Eduard Xaratyanın oğlu Karen idi.
Buna baxmayaraq hüquq-mühafizə orqanları hadisədən bir neçə gün sonra Karenin barəsində federal axtarış elan ediblər. Həmin vaxt o artıq Stavrapolu tərk etmişdi və Parseqovun yaxınları qatilin Qarabağda gizləndiyini dəqiqləşdiriblər, bu haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.
Parseqovun ailəsi Karenin Qarabağda olduğu haqda məlumat versələr də onun tutulması üçün tədbir görülməyib. Ailənin çoxsaylı şikayətlərindən sonra işi Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin şəxsi nəzarətinə götürüb və Karen tutularaq Rusiyaya təhvil verilib. Lakin onun ekstradisiyasının hansı formada baş tutduğu məlum deyil, Dağlıq Qarabağ qondarma “respublikası” cinayət törətmiş şəxslərin ekstradisiyasına dair prosesdə hüquqi subyekt kimi çıxış edə bilməzdi.
Karen tutulsa da Rusiyada onun işini yüngülləşdiriblər və qətlin “affekt vəziyyətində törədildiyi” barədə rəy veriblər. Bu maddə ilə qatili cəmi 3 il həbs gözləyir. Karen 1 ildir həbsdə olduğu üçün istisna deyil ki, onu hökmün elan edilməsindən sonra məhkəmə zalından buraxacaqlar...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?