Rusiyanın Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində baş vermiş sifarişli qətlin üstü açılıb.
Virtualaz.org saytı regional KİV-lərə istinadən xəbər verir ki, bu şəhərin sakini olan 31 yaşlı qadın “şəxsi düşmənçilik zəminində” öz ərinin - 36 yaşlı biznesmen Amiran Aloyanın qətlini sifariş verib.
Məlumata görə, qadın qətl planını bir il əvvəldən hazırlamağa başlayıb. Bildirilir ki, gənc qadının və ərinin ortaq biznesi olub, onlar şəhərdə çörək zavoduna sahib olublar. Qadın ərini öldürmək planını həyata keçirmək üçün həmin zavodda işləyən 31 yaşlı Azərbaycan vətəndaşı ilə anlaşıb. O, qətli həyata keçirmək üçün azərbaycanlıya lüləsi kəsilmiş ov tüfəngi də verib.
Bu il oktyabrın 8-də Azərbaycan vətəndaşı A.Aloyanı güdərək Svirskoy küçəsindəki evlərdən birinin girişində ona atəş açıb. A.Aloyan yerindəcə ölüb.
Hazırda qətlin sifarişçisi və icraçısı həbs olunublar, onlara qarşı sifarişli qətl və qəsdən adam öldürmə maddələri ilə iş qaldırılıb. İstintaq davam edir. İcraçının və sifarişçinin adları göstərilməyib.
Sorğu
Yeni dizaynımız necədir?