İstanbulda Camal Xaşuqcinin geyimində olan səudiyyəli agentin oktyabrın 2-də konsulluq binasını tərk etdiyini göstərən yeni video görüntülər açıqlanıb.
Video görüntülər Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən açıqlanıb və bazar ertəsi günü CNN tele-kanalında nümayiş etdirilib. Bunun jurnalistin qətlini ört-basdır etmək üçün onun “oxşarı”ndan istifadə etmək cəhdi olduğuna inanılır.
Türkiyənin yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, təhlükəsizlik kameralarında Camal Xaşuqcinin qətlində şübhəli bilinən 15 nəfərdən ibarət qrupun üzvlərindən birinin jurnalistin öldürüldüyü gün İstanbulda onun geyimində video görüntüləri qeydə alınıb.
Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gəlişini göstərən video görüntü, 2 oktyabr, 2018. Türkiyə hökumətinin Xaşuqcinin ölümülə bağlı apardığı təhqiqat çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən açıqlanan video görüntülərdə həmin şəxsin Xaşuqcinin geyimində, üzündə saxta saqqal və gözlükdə Səudiyyə Ərəbistanı konsulluğunun binasını arxa qapıdan tərk etdiyi göstərilir.
Video görüntülərdə Xaşuqcinin geyimində olan həmin şəxsin jurnalistin ölümündən bir neçə saat sonra İstanbulun Sultan Əhməd məscidində olduğu göstərilir. Türkiyə rəsmisinin bildirdiyinə görə, videoda göstərilən şəxs Mustafa Əl-Mədənidir. Təhqiqatçılar onun jurnalistin konsulluqda olduğu zaman öldürülməsi üçün göndərilən qrupun üzvlərindən biri olduğunu bildirir.
Yeni video görüntülərin açıqlanması Səudiyyə Ərəbistanı rəsmilərinin ABŞ-da yaşayan 59 yaşlı jurnalistin ölümülə bağlı yeni izahat verdiyi vaxta təsadüf edir. Rəsmi Ər-Riyad əvvəlcə Xaşuqcinin konsulluğu tərk etdiyini bildirmişdi. Lakin bundan sonra jurnalistin konsulluqda baş vermis dava nəticəsində, ən son izahata əsasən isə kömək üçün konsulluğu tərk etməyə çalışdığı zaman boğma nəticəsində öldüyü bildirilib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel bin Əhməd Əl-Cubeyr qətl hadisəsinin böyük bir səhv olduğunu deyib və bu işdə əli olanların məsuliyyətə cəlb ediləcəyinə söz verib. “Bunu edən şəxslər bu işi öz səlahiyyətləri xaricində ediblər”- deyə, nazir bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı bütün detalları çərşənbə axşamı parlamentdə keçiriləcək yığıncaq zamanı açıqlayacağını bildirib.
Xaşuqcinin işi bazar günü Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon söhbəti zamanı diqqət mərkəzində olub. Türkiyənın dövlət xəbər agentliyi hər iki liderin Xaşuqcinin qətli ilə bağlı işin "bütün aspektlərinin açıqlanmalı olduğu" barədə razılığa gəldiyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?