Böyük Britaniya, Fransa və Almaniya Səudiyyə Ərəbistanı və Türkiyəni jurnalist Camal Xaşuqçinin yoxa çıxması ilə bağlı etibara layiq istintaqa çağıraraq, insidentə ən ciddi şəkildə yanaşılmasını istəyib.
3 ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, həqiqət aşkarlanmalı, günahkarlar" üzə çıxaırlmalı və onların ədalət məhkəməsi qarşısına çıxarılmasına nail olunmalıdır.
"Biz Səudiyyə Ərəbistanı və Türkiyəni bu sahədə birgə çalışacaqlarını və Səudiyyə hökumətinin tam və dəqiq hesabat verəcəyini gözləyirik. Biz birbaşa o ölkənin rəhbərliyinə müraciət göndərmişik"- deyə, Britaniya naziri Ceremi Hant, Fransa naziri Jan-İv Le Drian və onların alman həmkarı Hayko Maasın bəyanatında deyilir.
Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib. Səudiyyə rəsmiləri itthamları əsasız adlandırıb.
Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş.
Camal Xaşuqçinin nişanlısı onu konsulluq önündə gözlədiyini və onun heç zaman oradan çıxmadığını deyib.
The Washington Post qəzetinə də yazan və ABŞ-da yaşayan jurnalist ötən il Səudiyyə Ərəbistanının dissident səsləri boğmasından sonra vətənini tərk edib.
Keçmiş qəzet redaktoru demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərqli düşünənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?