Böyük Britaniyanın xüsusi xidmət orqanları səudiyyəli müxalif jurnalist Camal Kaşoqiyə qarşı planlaşdırılan ssenari barədə 3 həftə əvvəldən məlumatlı olub.
Bu barədə “Daily Express” qəzeti Britaniya kəşfiyyatındakı mənbədən məlumat əldə edib.
Qeyd olunub ki, Britaniya kəşfiyyatı Ər-Riyadın Yəməndə kimyəvi silah tətbiq etdiyi barədə ciddi araşdırma aparmağı planlaşdıran Kaşoqinin oğurlanmasilə bağlı plandan xəbərdar olub. Belə ki, onlar Səudiyyə Ərəbistanı kəşfiyyatı əməkdaşlarının telefon danışıqlarını izləyərkən bu barədə informasiya əldə ediblər.
Həmin söhbətlərdə Səudiyyə kəşfiyyatçılarına “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşoqinin oğurlanması və Ər-Riyada gətirilməsinə dair əmr verildiyi üzə çıxıb. Britaniya kəşfiyyatı onu da bildirib ki, Kaşoqinin Səudiyyə kəşfiyyatı əməkdaşlarına müqavimət göstərəcəyi təqdirdə “manevr üçün yer qoymaq” da tapşırılıb.
Həmçinin, Səudiyyə kəşfiyyatı əməkdaşlarının söhbətlərindən belə anlaşılıb ki, Kaşoqi ilə bağlı əmr vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən yox, onun ətrafındakı başqa biri tərəfindən verilib.
Kaşoqinin təhlükəsizlik məqsədilə adının çəkilməsini istəməyən ən yaxın dostu da “Daily Express”ə bildirib ki, qətlə yetirilən səudiyyəli jurnalist Ər-Riyadın Yəməndə kimyəvi silah tətbiq etdiyini sübuta yetirəcək sənədlər əldə edəcəyinə ümid edirdi.
Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.
Hadisənin üstündən 18 gün keçdikdən sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, konsulluqda olarkən Camal Kaşoqi ilə onun Səudiyyəyə dönməsində israr edənlər arasında dava yaranıb və nəticədə insident jurnalistin ölümünə səbəb olub. Kaşoqinin qətli ilə bağlı Səudiyyədə açılan cinayət işi çərçivəsində 18 nəfər həbs olunub, kəşfiyyat orqanının 5 nəfər vəzifəlisi isə işdən kənarlaşdırılıb. /azvision.az
Sorğu
Yeni dizaynımız necədir?