Bu il attestat qiymətləri yaxşı olan abutiriyentlərə qəbul imtahanlarında asan “A” variantı salınıb
Bu il ali məktəblərə tələbə qəbulu prosesi TQDK sədri Məleykə Abbasadənin sabiq təhsil naziri Misir Mərdanova qarşı qərəzini ortaya qoyub. Avropa.info-nun əldə etdiyi məlumata görə, builki test imtahanlarında qiymətləri yaxşı olan abuturiyentlərə məqsədli şəkildə nisbətən asan variantlar salınıb. Misir Mərdanov təhsil naziri olan zaman TQDK bunun əksini edirdi. Məsələn, attestat qiymətləri “beş” olan abutriyentlərə qəbul imtahanlarında ən çətin variant (D variantı) salınırdı. Bu il isə attestat qiymətləri yaxşı olan abutiriyentlərə qəbul imtahanlarında nisbətən asan “A” və bəzi hallarda isə “C” variantları salınıb. Məqsəd isə əlaçı orta məktəb məzunlarının qəbul imtahanlarında daha yaxşı nəticə göstərməsinə hesablanıb. Bu bir növ TQDK-nın yeni təhsil naziri Mikayıl Cabbarovla Misir Mərdanova münasibətindəki fərqi göstərir. Xatırladaq ki, qəbul imtahanlarında test kitabçaları qruplar üzrə 4 variantda hazırlanır. Ən çətin variant isə D variantı hesab olunur. Bu variantda sualların çətinlilik dərəcəsi və dolaşıqlıq səviyyəsi A, B, C variantlarına nisbətən çətin olur. Bu məqamı təhsil ekspertləri də təsdiqləyir. Misir Mərdanovun vaxtında əlaçı orta məktəb məzunlarının qəbul imtahanlarında zəif nəticə göstərməsinin əsas səbəbi bu amillə bağlı idi. Qeyd edək ki, Misir Mərdanov nazir işlədiyi müddətdə hər il tələbə qəbulunun nəticələrindən sonra tənqid hədəfinə çevrilirdi. Orta məktəblərin buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanlarının nəticələri arasında kəskin fərqlər ortaya çıxırdı. Bunun fonunda da Misir Mərdanov kəskin tənqid olunurdu. Bu il isə TQDK-nın qəbul imtahanlarında taktikanı dəyişməsi Mikayıl Cabbarovun xeyrinədir. Düzdür, M.Cabbarov təzə nazir olduğundan təhsil göstəricilərinin pis və ya yaxşı olmasına görə onu tənqid etmək düzgün olmazdı. Ən azından 2-3 ildən sonra təzə nazir təhsil göstəricilərinə görə qınaq obyektinə çevrilsə, bu, obyektiv hesab oluna bilər. Söhbət isə burada TQDK rəhbərliyinin Misir Mərdanova qarşı qərəzli olmasından getməlidir. Misir Mərdanovun vaxtında iki qurum arasında münasibətlərin tam çılpaqlığı ilə mətbuat səhifələrinə çıxırdı, bu da sabiq təhsil nazirinin xeyrinə olmurdu...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?