Farxunda 27 yaşında bir Əfqan qadını idi. İlahiyyat fakultəsinin məzunu idi. Müəllimə olmağa hazırlaşırdı.
19 Mart 2015-ci ildə bir məscidin qarşısında boyunbağı satan bir molla ilə mübahisəsinin cəzasını bir qrup kişi tərəfindən döyülərək ödədi. Daşlar və çomaqlarla şiddətli şəkildə döyüldü, yerdə süründü, bir damdan aşağı atdılar, maşınla üstündən keçdilər və benzin tökülərək yandırıldı. Üstəlik o insanların arasında bu vəhşəti videoya çәkәnlәr də var idi. Məqsəd bütün dünya görüb ibrət alsın, bir qadının bir kişi ilә mübahisəsinin nəticəsini bilsin deyə… Bəs Farxunda nə etmişdi? O, içində dua yazıldığı iddia edilən, pislikləri qova biləcəyi iddia olunan boyunbağıları alan qadınlara həqiqətləri başa salırdı: “Almayın bunları, belə şeylərə pul verməyin, İslamda bunun heç bir nümunəsi yoxdur, bu yalandır” deyirdi. Zavallı insanların kağız parçalarından mədət ummasını istəmirdi. Gedib məscidin qarşısında dindar mollaya başa salmağa çalışmışdı. Pul qazanmaq üçün İslamı alət etməməsini demişdi. Günahdır demişdi… Amma molla nə etdi? "Bu qadın Quranı təhqir edir, yandırır" deyib hay-həşir saldı. İnsanlar isə Farxundanı heç dinləmədi. Ona danışmaq üçün zaman tanımadılar. “Mən müsəlmanam və müsəlman Quranı təhqir etməz” deyə fəryad etsə də, heç kim ona qulaq asmadı. Bu insanlar İslamı yaşadıqlarını düşünürlər. Unudurlar ki, cəhalətə geri dönüblər. Polislər də yardım edə bilmədi. Qara camaat dəmir darvazaları qırdı və qadını ayaqlarından tutub yerdə sürüdü. Maşını üstündən sürdülər, qadını al qana bürüdülər. "Kafir ölsün", dedilər. Farxunda yanıb kül olana kimi gözləmişdi polislər. Sonra atasına zəng edib qızın bir günah işlədi, gəl götür qızını dedilər. “Günah”ı ömürünü “dinə həsr etmiş” mollaya şər atması imiş…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?