Təxminən 2 aydır ki, Azərbaycanda yeni biznes növü - çirkli pampers alış-verişi geniş vüsət alıb. Hətta bu pampersləri toplayanlar sosial şəbəkələrdə elanlar da yerləşdirirlər. Onlar istifadə olunmuş, çirkli pampersləri 0.03 qəpikdən yığırlar. Deyilənə görə, bu pamperslərdən parniklərdə, bağ-bostan işlərində istifadə edilir. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.
Bəs çirkli pamperslərdən bu cür istifadə Azərbaycanda qanunidirmi? Çirkli pamperslərdən istifadə olunan parnik və bağ-bostan məhsullarının insan sağlamlığına hansı təsirləri ola bilər?
Gundemxeber.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli pamperslərdən bu cür istifadənin absurd olduğunu deyib:
“Bu cür mövzuların nə elmi, nə iqtisadi, nə də gigiyenik əsası var. Bu məsələni biz Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu ilə müzakirə etmişik. Sonra mən şəxsən, özüm böyük istixana işlədən 3 sahibkarla müzakirə etmişəm. Bu absurd bir şeydir. Bunun heç bir izahı da ola bilməz. Bu gün istixana texnologiyaları o qədər mürəkkəb, o qədər çeşitlidir ki. Lap elmi qırağa qoyuram, məntiqlə düşünək. Kənd təsərrüfatında xəstəliyə ən həssas sahələr quşçuluq və istixanadır. İstixanaya girənlər bilir ki, adamı yuyundurub ora salırlar. Hər insan istixanaya girə bilməz. Çünki hər insanda virus mənşəli xəstəliklər var, paltarından və ya nəfəs yolu ilə keçə bilər. Bu müəssisələr qorunan, qapalı müəssisələrdir. Necə ola bilər ki, bura kirli pampers girsin? Nəmi özünə çəkirmiş, bu nə deməkdir? Bu gün istixanada o qədər nəm çəkən texnologiyalar var, müasir kompüterlərdən istifadə edirlər. Kompüterlər hər bitkinin neçə damcı nəmə ehtiyacı varsa, onu verir, hətta rütubəti də özü tənzimləyir. Çirlki pampersləri istixanaya aparmaq olar? Axı bu başdan ayağa infeksiya mənbəyidir. Bu işi bilən insanlar belə işə girə bilməzlər, bu işdə nəsə fırıldaq var”.
Ekspert pamperslərin tərkibindəki toksiki maddənin də təhlükəsindən bəhs edib:
“Burda belə bir ehtimal var ki, hansısa internet saytında yayılıb ki, məsələn, Hollandiyada istixanalarda pampers texnologiyası çıxıb. Bu texnologiyanın xarakteri ola bilər. İndi bunu kimsə oxuyub yazıb ki, pampersi istixanada istifadə edirlər. Bu absurddur, mümkün deyil belə bir şey. Hər şeyi kənara qoyuram, bu pampersin tərkibində toksiki maddələr var. Adı çəkilən hidrogel özü bir toksiki maddədir, nəmi özündə tutub saxlayır, onu bir dəfə evdə yandırın, görün evdə dura biləcəksinizmi? O toksiki maddələr özü zəhərdir, onu necə istixanaya buraxmaq olar? Bu çox böyük bir sabotajdır. Çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına müraciət edilsin və bu məsələ araşdırılsın”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?