Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun gəlini turizm biznesinə girib və varlılar üçün dünya turu təşkil edir.
Gundemxeber.Az virtualaz.org-a istinadən xəbər verir ki, Alisa Ələkbərovanın “President Travel” adlı turizm şirkəti müştərilərə “sensasion səyahət” vəd edir.
Belə ki, müştərilər üçün fərdi dünya turu təşkil edən şirkətin saytında istənilən zövqdə və ölçüdə lüks yaxta kirayələmək olar. (Uzunluğu 20 metrdən 100 metr və daha çox). Habelə müştərilərə vertolyotlar və özəl təyyarələr də təklif olunur ki, onlar bu hava nəqliyyatı vasitələri ilə birbaşa kirayələdikləri adalara uça bilərlər. Həmçinin müştərilərə yaşamaq üçün dəbdəbəli qəsrlər də təklif olunur.
Lakin bütün bu dəbdəbəyə baxmayaraq şirkət ziyanla işləyir və deyəsən bu işdə neftdən fərqli olaraq böyük pullar yoxdur. 2018-ci ildə şirkətin hasilatı cəmi 3.3 milyon rubl olub. “President Travel” agentliyinin hüquqi şəxsi “NaKurorte” adlı şirkətdir. Bu şirkət hələ 2014-cü ildə yaradılıb, o vaxt Alisa hələ Ələkbərovun gəlini deyildi (Alisa Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərovla 2016-cı ildə ailə qurub - red.).
“NaKurorte” şirkəti yaxtaları sahiblərindən kirayələyir və cəmi 1675 yaxtanı müştərilərə təklif edir. Onların arasında ən bahalısı “Lurssen Quattroelle”dir, bir həftəlik kirayəsi 1 milyon dollardır. Adaları isə müştərilər özləri seçməlidir. Həmin adaya ya yaxta ilə, ya təyyarə ilə getmək mümkündür. Vahid Ələkbərovun öz təyyarələrini gəlini şirkət vasitəsilə kirayəyə çıxarmayıb.
Müştərilər barədə məlumatlar isə məxfi saxlanılır. “Çox güman ki, söhbət “Lukoyl” şirkətinin top-menecerlərindən və onların dostlarından gedir”, - Ivashkevich Hospitality şirkətinin sahibi Stanislav İvaşkeviç deyir.
Turizm sektorundakı başqa mənbə də hesab edir ki, Alisanın biznesi elə-belə, baş qatmaq üçündür:
“O, öz dostlarını, dostlarının dostlarını səyahətə aparır. Şirkət çox güman ki, Alisanın oyuncağıdır. İstənilən xərci istənilən vaxt ödəniləcək”.
2013-cü ildə Vahid Ələkbərov “Lukoyl” şirkətinin səhmlərini oğluna vəsiyyət edib, bir şərtlə ki, səhmlər gələcəkdə satılmayacaq. Hazırda bu səhm paketinin bazar dəyəri 23 milyard dollara yaxındır. Yusuf Ələkbərov hazırda digər biznes sahələri ilə məşğuldur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?