Moskvada quldarlığa görə həbs edilən milyonçu Quba yəhudisidir
Moskvada 700-dən çox Vyetnam vətəndaşını qul kimi istismar etməkdə şübhəli bilinərək həbs olunan biznesmen əslən Azərbaycandandır. Virtualaz.org-un araşdırmasına görə, Januko Rafailov milliyyətcə dağ yəhudisidir. 1960-cı ildə Quba rayonunda, məşhur Qırmızı Qəsəbədə anadan olub və çoxsaylı biznes aktivlərinə malik milyonçudur. Həmçinin o, Azərbaycan əsilli digər yəhudi biznesmen Telman İsmayılovun keçmiş ortağıdır və onun sahibi olduğu şirkətlər qrupuna daxil olan “AST Kargo”nun direktorudur.
Hərçənd ki, T.İsmayılov özü bu şirkətin onun sahibi olduğu “AST” şirkətlər qrupuna bağlılığını inkar edir. Bununla belə T.İsmayılov J.Rafailovu tanıdığını və onunla münasibətlərinin olduğunu təsdiqləyir.
J.Rafailovun həbsi qeyri-leqal miqrasiya və qul əməyindən istifadə üzrə qaldırılmış cinayət işinin əsasında aparılıb. Vyetnam vətəndaşlarının qul kimi istismar olunması faktı Rusiyada prezident Vladimir Putinin tapşırığı ilə qeyri-leqal miqrantlara qarşı başladılan irimiqyaslı əməliyyatlar zamanı ortaya çıxıb. Bu reydlər zamanı Moskvanın İrtışsk keçidi ərazisindəki anbar komplekslərində qeyri-qanuni yaşayan 1400-ə yaxın miqrant aşkarlanıb. 900-ə yaxın polisin keçirdiyi əməliyyat zamanı saxlanılan miqrantlardan 700-dən çoxunun Vyetnam vətəndaşı olduğu müəyyən edilib.
Məlum olub ki, onlar anbarlarda zorla saxlanılır və qeyri-leqal tikiş sexlərində işlədilir. İşin əvəzində “qullara” yalnız yemək verilib və digər zəruri ehtiyacları ödənilib. Faktla bağlı cinayət işi qaldırılıb və qul əməyindən istifadəni təşkil edən mütəşəkkil dəstənin 6 üzvü, o cümlədən bir Azərbaycan vətəndaşı həbs olunub.
Cinayət işinin istintaqı zamanı məlum olub ki, sözügedən anbarları “AST” şirkətlər qrupu icarəyə götürüb. Lakin həbs xəbərinin yayılmasından sonra T.İsmayılov bəyanatla çıxış edərək bildirib ki, Rafailovu tanısa da həmin şəxs onun şirkətində heç vaxt işləməyib. İsmayılov Rafailovun onun adamı kimi təqdim olunmasını “təxribat” adlandırıb.
Rusiya hüquq-mühafizə orqanları isə bildirir ki, J.Rafailov keçmişdə “AST Cargo” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. Lakin hazırda Rafailovun T.İsmayılovla hansısa biznes bağlılığının mövcud olduğu dəqiq deyil. Bununla belə J.Rafailov özü də kifayət qədər imkanlı adamdır, multimilyonerdir və çoxsaylı şirkətləri var. O, tikinti, neft hasilatı və ticarətlə məşğul olur. J.Rafailov “AST Group” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və səhmdarlarından biridir. Həmçinin “Evroliqa” korporasiyasının, “Straxovoye edinstvo”, “Blaqovest”, “Evroliqa-Timan” və digər şirkətlər ona məxsusdur. “Evroliqa” korporasiyası tikinti, topdansatış ticarəti, o cümlədən yanacaq, müxtəlif metallar, neft və qaz hasilatı kimi çoxsaylı biznes növlərində fəaliyyət göstərir.
T.İsmayılov isə bildirir ki, “AST Group” Qapalı Səhmdar Cəmiyyəti onun sahibi olduğu “AST” şirkətlər qrupuna bağlı deyil. İndi istintaq eyni ad altında iki müxtəlif şirkətin necə fəaliyyət göstərdiyini araşdırmalıdır.
J.Rafailov məhkəmədə barəsində həbs qərarı çıxarılarkən bildirib ki, o hər hansı qanunsuz iş görməyib: “Biz anbarları leqal fəaliyyət göstərən Suriya firmasına icarəyə vermişik. Və 20 gün sonra bütün bunlar baş verdi. Sahibkarlığı kimsə qadağan edib? Biz ancaq obyekti icarəyə vermişik. Mənim hərəkətimdə qanunsuz nə var? Mən özüm orada olmuşam, həmin qeyri-leqal miqrantları görmüşəm, onlarla söhbət etmişəm, o ərəbləri də görmüşəm”.
İş üzrə məhkəmə prosesi sentyabrın 2-də olacaq.
İnternet mənbələrindən məlum olur ki, həbs edilən şəxsin adı tam olaraq Januko Simonoviç Rafailovdur. Üç uşaq atasıdır, Azərbaycanda anadan olub, hazırda Moskvada yaşayır və işləyir. İxtisasca hüquqşünasdır, Komi Muxtar Respublikasında neft hasilatı biznesi var. Onun T.İsmayılovla vaxtilə biznes ortağı olduğu barədə bir neçə mənbədə məlumatlar yer alır.
Digər maraqlı məqam budur ki, J.Rafailov vaxtilə özünü prezident Putinin tərəfdarı elan edib. İki il əvvəl o vaxt baş nazir olan Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi ictimai hərəkatını yaradanda J.Rafailov da bu hərəkata qoşulub. O vaxt Londonda yaşayan Rafailov özünün rəhbərlik etdiyi “Blaqovest” fondu vasitəsilə Ümumrusiya Xalq Cəbhəsinin London bölməsini yaratmaq üçün işə başlayıb. Elan edib ki, Londonda yaşayan minlərlə rusiyalı bu hərəkata qoşulacaq (J.Rafailov həm də “Blaqovest” portalının baş redaktorudur).
Məlum olur ki, J.Rafailov Kremlə simpatiyasını heç vaxt gizlətməyib, hakim Vahid Rusiya Partiyası ilə sıx bağlıdır və Rusiya hakimiyyətinin xaricdəki lobbiçilik fəaliyyətinə dəstək verənlərdən biridir. Ancaq indi ona kifayət qədər ağır maddə - qul əməyindən istifadə maddəsi üzrə cinayət işi qaldırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?