İllərdir Moskvanın Şeremetyevo aeroportunda saxlanılan 20 milyard avronun kimə məxsus olduğu açıqlandı
Ötən həftə Britaniya mediası sensasion və sirli bir faktın üstünü açıb. Virtualaz.org-un xəbərinə görə, “The Daily Mail” qəzeti yazıb ki, illərdir Moskvanın Şeremetyevo aeroportunda içərisində 15 milyard avro nağd pul olan təyyarə saxlanılır. Bu pulların kimə məxsus olduğu bilinmir.
Ehtimallara görə, pullar keçmiş İraq diktatoru Səddam Hüseynə, yaxud keçmiş Liviya diktatoru Müəmmər Qəzzafiyə məxsus ola bilərdi.
Rusiyanın “Moskovskiy komsomolets” qəzeti isə bu faktı araşdırıb. Qəzetin əməkdaşı Şeremetyevo aeroportunda içərisində milyardlarla avro nağd pul olan təyyarənin saxlanıldığı anqara qədər gedib çıxıb. Virtualaz.org qəzetə istinadən xəbər verir ki, yükün mühafizəsinə cavabdeh olan “kurator” adının açıqlanmaması şərtilə pulların mənşəyi və haradan gəldiyi haqda məlumatları açıqlayıb. O bildirib ki, əslində təyyarənin göyərtəsində 15 milyard yox, 20 milyard avro pul var.
Bəs bu pulların mənşəyi haradandır? “Kurator” danışıb ki, əslində əhvalat lap çoxdan, ABŞ-la İran arasında münasibətlər yaxşı olanda başlayıb. Amerikalılar İrandan neft alıblar və əvəzini nağd dollarla ödəyiblər. Çünki İran neftin pulunun ancaq nağd ödənilməsində israr edirmiş.
Ötən əsrin 90-cı illərinin əvvəllərində amerikalılar onlara dollar daşımaqdan yorulublar və belə bir təklif ediblər: “Gəlin biz Federal Ehtiyatlar Sisteminin iki zabitini dollar çap edən dəzgahla birlikdə İrana göndərək. Siz də nə qədər neft satsanız, onun pulu qədər dollar çap edin”.
İranlılar bu sxemlə razılaşıblar. İranda dollar çapı Tehranın nüvə proqramlarının ABŞ-a maneçilik törətməyə başlamasından sonra dayanıb. Amerikalılar müqaviləni dayandırıblar və dəzgahı götürüblər. Çap edilmiş dollarları isə tanımayıblar və bildiriblər ki, onlar sadəcə olaraq kağızdır.
“Kurator”un danışdığına görə, həmin vaxt İranın əlində çap olunmuş 6 trilyon dollar var idi və onlar bu pullarla nə edəcəklərini düşünməyə başlayıblar.
Uzun məsləhətləşmələrdən sonra Rusiya, Almaniya və İtaliyadan ibarət alyans yaranıb. Həmin ölkələr İrana bu trilyonları hamının xeyrinə realizə etməyə söz veriblər. Nəticədə dollarlar İrandan Almaniyaya daşınıb, Frankfurtda boşaldılıb və avroya çevrilib.
Pulları avroya çevirəndə iranlılar xeyli itiriblər. O vaxtkı kursla 6 trilyon avro 3 trilyon dollar edib. Pullar 500 avroluq kupyurlarda saxlanılıb.
Lakin daha sonra Almaniya hakimiyyəti bu pulların ölkədən çıxarılmasını tələb edib. Avropa Mərkəzi Bankının pul vəsaitlərinin daşınması üzrə yeganə lisenziyalı podratçısı “Brinks” pulları 27 ölkəyə, o cümlədən Ukrayna, Qazaxıstan və Azərbaycana daşıyıb. Hazırda bu pullardan milyardlarla dollar müxtəlif ölkələrdə Mərkəzi Bankın anbarlarında, təyyarələrdə və digər yerlərdə saxlanılır.
Rusiyaya isə pullar 2003-də daxil olub. Pulların bir hissəsi, yəni 20 milyard avro Şeremetyevo aeroportunda, qalanı isə daha iki yerdə saxlanılır. Pulları götürmək səlahiyyətinə ancaq xüsusi seçilmiş üç şəxsin icazəsi var. Onlardan biri Farzin Korrorian Motlanqdır. Lakin Motlanq fırıldaq gəlməyə cəhd edib, pulları İrana aparacağını desə də onlarla birlikdə İsrailə qaçmaq istəyib. Lakin onu Əbu-Dabidə yaxalayıblar və Tehrana aparıblar. Yolda Motlanq “təsadüfən” insult keçirib və hazırda ancaq sağ əli işləyir. Bu əllə o, notarial qaydada təsdiqlənmək üçün barmaq izi verir.
“Kurator” danışır ki, pulların dalınca indiyədək çoxları düşüb, o cümlədən “əl-Qaidə”nin adamları, Ukrayna xüsusi xidmət orqanları, “Malta cəngavərlər ordeni”nin nümayəndələri və digərləri. Şeremetyevo aeroportunda 20 milyard yüklənmiş təyyarə gömrüyə aid anqarda xüsusi mühafizə altında saxlanılır. Pullar xüsusi vakuum qablaşdırmadadır və hər bağlamanın içərisində hərəkəti ötürən ötürücülər var. Bağlama bir neçə santimetrdən çox hərəkət etdirilsə, ötürücü koordinatların dəyişdiyi haqda məlumatı dərhal Almaniyanın Mərkəzi Bankındakı xüsusi adama ötürür.
Belə məlumat var ki, bağlamanın içərisinə xüsusi qaz da doldurulub. Kimsə bağlamanı icazəsiz açsa və pullardan istifadə etmək istəsə, qaz havaya buxarlanır və kupyurlar qara rəngə boyanır. Yəni yararsız olur.
“Kurator” danışır ki, pullardan götürmək üçün etibarnamə və digər sənədlərlə kimsə gəlməli olsa, o, üstəlik xüsusi telefon nömrəsini də bilməlidir. İkincisi, həmin şəxs Rusiya ərazisində hüquqi şəxsi qeydiyyatdan keçirməli və pulları Rusiyada investisiya layihələrinə yatırmalıdır. Üçüncüsü, bu pulları heç kim Rusiyadan çıxarmamalıdır. Nəhayət, pullar yalnız 50-nin 50-yə prinsipi ilə götürülə bilər, yəni yarısı Rusiya xəzinəsinə çatmalıdır.
Hələlik heç kim Farzin Korrorian Motlanqın verdiyi etibarnamə ilə pulları götürə bilməyib. Lakin “kurator” danışıb ki, pulların sadəcə olaraq yoxa çıxdığı hallar da olub.
“Məsələn, Azərbaycanda 500 milyon avro kupyurdan ibarət yük yoxa çıxdı, heç kim baş aça bilmədi ki, bu, necə baş verdi” - deyə mənbə bildirib.
“Kurator” deyib ki, bu kupyurların xüsusi nömrə siyahısı var və onları dövriyyəyə buraxsalar, ABŞ-ın və Avropanın maliyyə sistemi çökər. Bu isə heç kimə lazım deyil. Ona görə də hazırda bu situasiya müəyyən qıcıq yaradır.
Digər tərəfdən, pulları əldə etmək üçün fırıldaqçılar da artır. Onlar cürbəcür saxta sənədlər toplayaraq pulların bir qismini əldə etməyə çalışır.
“Ona görə də yüksək səviyyədə qərar qəbul etməyin vaxtı çatıb” - deyə “kurator” bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?