Türkiyə polisi “Şeremetyevo”da oğurlanan pulların mənşəyini araşdırmağa çalışır
İki gün əvvəl - noyabrın 27-də səhər tezdən Moskvanın “Şeremetyevo” aeroportunun çıxışında qara maskalı, avtomatla silahlanmış şəxslər tərəfindən Azərbaycan vətəndaşı Zaur Qədimovdan oğurlanan 2,7 milyon dolların mənşəyi naməlum olaraq qalır.
Virtualaz.org saytı “Sabah” qəzetinə istinadla xəbər verir ki, hazırda Türkiyədə bu pulların mənşəyini və onun İstanbul-Moskva reysi ilə uçan təyyarəyə necə keçirildiyini araşdırmağa çalışırlar.
Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşı, 31 yaşlı Zaur Qədimov “Aeroflot” hava yolları şirkətinə məxsus təyyarə ilə İstanbuldan Moskvaya uçub. Milyonlarla dollar nağd pul daşıdığı üçün o, Moskvadakı özəl mühafizə şirkətlərinin birindən təhlükəsizliyinin təmin olunması üçün 3 cangüdən sifariş verib. Cangüdənlər aeroportda sərnişini gözləyərkən qara maskalı, avtomatla silahlanmış 10 nəfər onlara basqın edib.
Polis vəsiqəsi göstərən basqınçılar cangüdənlərin əllərini qandallayaraq “QAZel” avtmobili ilə aeroportdan kənarlaşdırıblar və nəzarət altına alıblar. Qrupun 6 üzvü aeroportun VİP çıxışının qarşısında Z.Qədimovu gözləyib və o, terminaldan çıxan kimi qara maskalıların basqınına məruz qalıb.
Silahlılar Azərbaycan vətəndaşını mikroavtobusla aeroportdan çıxarıblar və əlindəki pulla dolu çantanı alandan sonra maşından yola atıblar. Basqın səhnəsini şahidlərdən biri təsadüfən çəkə bilib.
Polis hadisə ilə bağlı araşdırma aparır. Əsas versiya bundan ibarətdir ki, basqınçılar Z.Qədimovun milyonlarla dollar pulla gələcəyini əvvəlcədən biliblər. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, pulların mənşəyi məlum deyil və görünür, söhbət “çirkli pullar”dan gedir.
“Bu cür iri məbləğdə pul transerində əsas prinsip məbləğin bir nəfərə aid olmamasıdır. Bir neçə iş adamı bir araya gəlir və Rusiyadan hansısa malı almaq üçün öz aralarında pul toplayır. Lakin pulun leqal yolla, bank üzərindən transfer edilməsində maraqlı olmurlar. Çünki bu halda pulun mənbəyi araşdırıla bilər, həm də transfer üçün tələb olunan faiz yüksək olur. Ona görə də çirkli pulların daşınması üçün kuryerlərdən istifadə edirlər. Bu halda kuryerə ümumi məbləğin 0,4 faizini ödəmək lazım gəlir. Bank yolu ilə transfer zamanı isə faiz daha yüksək olur” - deyə mənbə bildirir.
Xəbərlərdə bildirilir ki, qeyri-leqal pul transferi ilə məşğul olan xüsusi qruplar var. Bu halda pullar həmin qrupa işləyən kuryerə təhvil verilir. Kuryer pulu çantaya qoyur və biznes-klasa bilet alır. Pulu təyyarəyə keçirmək üçün gömrükdə rüşvət verilir. Eyni şəkildə Moskva aeroportunda da gömrük işçilərinə rüşvət verilməklə pul ölkəyə daxil edilir və ünvana çatdırılır.
Türkiyə mediası isə bu qədər pulun İstanbul Atatürk hava limanından təyyarəyə necə keçirildiyini sual edir. Pulun gömrükdə bəyan edilib-edilmədiyi də qaranlıq qalır. Həmçinin pulların əsl sahibinin kimliyi də məlum deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?