Xəbər verdiyimiz kimi, səhər saatlarında Türkmənistanda 5 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə nəticəsində ölkəmizdə bir çox vətəndaşın telefonuna zəlzələ məlumatı ilə bağlı bildirişlər gəlib. Bu da insanlarda yenidən həyəcan və stressə səbəb olub. Yüzlərlə kilometr uzaqlıqda baş verən zəlzələ bildirişinin vətəndaşlarımıza gəlməsi nə dərəcə doğrudur?
GundemXeber.Az-ın məlumatına görə, mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Publika.az-a açıqlamasında bildirib ki, texnologiya ona verilən təyinat üzrə hərəkət edir. “Bu sensorlar vasitəsi ilə mərkəzləşdirilmiş və avtomatlaşdırılımış beynəlxalq xidmətdir. Onun vasitəsi ilə yerin hərəkətləri hansı miqyasdadırsa, ölçülür. Daha sonra isə internet vasitəsi ilə mərkəzə yönləndirilir. Oradan da bildirişlər telefonlara ötürülür. Bütün bu prosesdə insan faktoru yoxdur. Bildirişlərdə də bütün meyarların öz əksini tapması mütləqdir. Texnologiya elə qurulur ki, hər bir hərəkət sistemə köçürülsün. Lakin bu texnologiyanı da qurub, yaradan insandır. Burada hər bir iş axınını qurmaq olar”. Mütəxəssis qeyd edib ki, sistemin daxilində olan parametrlərdən zəlzələnin nə qədər uzaqlıqda olduğunu, harada və neçə bal baş verəcəyini tənzimləmək mümkündür: “Lakin "Google" Android üzərindən buraxdığı bildirişlərdə buna icazə verməyib. Meyarları özü qərarlaşdırıb. İnsanların öz öhdəliklərinə buraxılması tədqiqatçılar tərəfindən yəqin ki, düzgün hesab olunmayıb. Buna görə də tənzimləyici yoxdur. Hər bir xidmət buraxılanda onun üzərində tədqiqatlar aparılır, sorğular keçirilir. Əslində tənzimləmələri indi də etmək olar, sadəcə hər hansısa səbəbdən etmirlər”.
Millət vəkili Rüfət Quliyevin sözlərinə görə, zəlzələ ilə bağlı yanlış məlumatlandırma ciddi problemdir: “İnsanları boş yerə qorxuya salmaq olmaz. Bildirişlərin gəlməsi ciddi araşdırılıb, hüquqi qiymət verilməlidir. Rəsmi qurumların verdiyin açıqlama ən doğru açıqlamadır. İstər 1 saat əvvəl olsun, istərsə də 5 saat sonra olsun. Verilən məlumatın doğru olmasından da əminik”. R.Quliyev vurğulayıb ki, Google tərəfindən göndərilən bildirişlərin yanlış olduğu sübut edilib: “Bəs bu göndərilən bildirişlərin məsuliyyətini kim daşıyır? Artıq neçənci dəfədir ki, belə hal baş verir. Bu da getdikcə insanlarda ciddi psixoloji problemə çevrilir. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır ki, bu işə baxılsın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?