gundemxeber.az Əvvəllər dərs ili başlanandan bir qədər sonra müxtəlif adlar altında müəllimlərdən pul tutulardı. İndi isə müəllimlərin «böyük aclıq» adlandırdıqları avqust ayında yeni sağlamlıq kartı üçün hər müəllimdən, eləcə də, xidmət sahəsində çalışan işçilərdən banka 8 manat pul köçürmək tələb olunur. Üstəgəl, həmin kart üçün şəkil də çəkdirməli, şəxsiyyət vəsiqəsinin surətini verməlisən. Yəni bu kart sənə azı 10 manata başa gələcək. 8 manatlıq «Sağlamlıq kartı» ilə hər rayonun Sanitar Epidemioloji Stansiyası məşğul olur. Belə bir kartın alınması artıq «legitimləşdirilib» də. Belə ki, müəllimlərə bu prosesin qanuna əsasən aparıldığı bildirilir: «Nazirlər Kabineti yanında Tarif Şurasının qərarı var ki, bütün müəllimlər, eləcə də, xidmət sahəsinin işçiləri məcburi qaydada tibb kart almalıdırlar. Bu karta görə Kapital Bankın rayon şöbəsinə vətəndaşlar 8 manat ödəməlidir. Bu ödəmə digər illərdə təkrarlanmayacaq, yəni birdəfəlikdir.» Məlumat üçün bildirək ki, sözügedən kartda hər işçinin şəkli olur və onun adı mərkəzləşdirilmiş kompüter sisteminə qoşulur. Yəni mərkəzdə oturub, biləcəklər ki, filan rayonun filan təşkilatında 20 işçidən 10-u bu kartı almayıb, yaxud həmin şəxsin xəstəlik tarixçəsində nələr var. Bəs bu kart vətəndaşa nə verəcək? Müəllimlər arasında bu kartla bağlı maraklı reklam kampaniyası aparılır. Onlara bildirilir ki, kartda vətəndaşın xəstəlik tarixçəsi öz əksini tapacaq və onlar ildə 2 dəfə pulsuz olaraq bütün tibbi yoxlamadan pulsuz keçə biləcək. Halbu ki, bizdə onsuz da rəsmiyyətdə bütün tibb xidmətləri pulsuzdur. İkinci bir məqam sual doğurur ki, 30 dekabr 2009-cu ildə verilmiş bu qərarın icrasına niyə indi başlanılır? Təxmini hesablamalara görə respublikada yarım milyona yaxın təhsil işçisi var ki, onlar da bu kartları almalıdırlar. Bu isə ümumilikdə respublika üzrə 4 milyon manat pul deməkdir. Maraqlıdır ki, məktəb direktorları və yerli təhsil şöbəsinin rəhbərləri müəllimləri ilin sonuna kimi bu kartı almayanların iş yerinə buraxılmayacağı ilə hədələyir. Lakin Nazirlər Kabinetinin müvafiq məktubunda nə konkret müddət, nə cərimə, nə də digər qadağalar haqqında məlumat yoxdur. Bir sözlə məşhur təmsildə deyildiyi kimi «əlbir olub bir nazir o biri ilə..».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?