Təhlükəli dini cərəyan ölkəmizdə necə inkişaf etdi?
Ötən əsrin 90-cı illərindən başlayaraq vəhabilər Azərbaycana ayaq açmağa başladılar. Həmin təriqət hətta ordumuza qədər gəlib çatdı. Bir neçə zabitimiz vəhabiliyi qəbul etdi. Bakı meri Hacıbala Abutalıbovun oğlu İsfəndiyar Abutalıbovun da bu təriqəti dəstəklədiyi qeyd olunur. Vəhabilər o qədər azğınlaşdılar ki, hətta MTN zabitini belə qətlə yetirdilər, Qazaxda bir neçə polisi öldürdülər. Vaxtilə Dini İşlər Üzrə Qurumun sədri olmuş Rafiq Əliyevin də onları dəstəklədiyi qeyd olunan faktlar sırasındadır. Vəhabi təşkilatlarından biri də ADRA təşkilatı idi. Onlar uzun saqqal saxlayır, qısa şalvar geyinirdilər. Bu quruplar Bakıda, Gəncədə özlərinə kirayə ofislər götürmüşdülər. Hətta o vaxtlar onların bir qrupu Mahnı teatrında yerləşirdi. Əslində vəhabilik siyasi bir cəryandır və əgər bu gün Azərbaycanda vəhabilik mövcuddursa, deməli ortada siyasi hədəf var. Hədəf isə mənəviyyatımızı məhv etməkdir. Əgər xatırlayırsınızsa bir neçə il əvvəl Ağır Cinayətlərlə İşlər Üzrə məhkəmədə Qubada iki bacı qardaşı evləndirib, onların kəbinini kəsən vəhabi mollasının məhkəməsi gedirdi. Belə ki, vəhabi molla bacı qardaşı evləndirmiş, bunun halal olduğunu onlara söyləmişdi. Azərbaycana gələn vəhabilər sözsüz ki, öz planlarını həyata keçirtməyə çalışırlar. Azərbaycan nefti ilə bağlı vəhabilərin öz məxfi planları var. Onlar “Bakı – Ceyhan” layihəsini hazırlayan şəxslərə qarşı tədbirlər görməli, “Bakı – Novorossiysk” neft kəmərini dayandırmaq üçün tədbirlər planı həyata keçirməli, Bakı – Qara dəniz əlaqələrini təhlükədə saxlamalı, həmçinin Bakının yanacaq resurslarını, Bank sistemini tənzimləyən infrostrukturları dağıtmalı idilər. Bu gün vəhabizim Azərbaycanın şimal rayonlarının bəzilərində aktivdir, bəzilərində isə passivdir. Balakən, Zaqatala, Qusar, Xaçmaz, Qax rayonlarında vəhabilik daha çox yayılıb. Maraqlıdır ki, vəhabilik bəzi kəndlərdə insanların həyat tərzinə çevrilib. Zaqatalanın Muxax və Çobangöl kəndlərinin damlarından “vəhabilərin qara bayrağı” asılıb. Balakənin Poştbina və Puştaqala kəndlərində bəzi ailələr vəhabilik prinsipləri əsasında qurulur. Vəhabilik Azərbaycana Rusiyanın Dağıstan və Çeçenistan ərazilərindən, Stavropol və Həştərxan vilayətlərindən yayılır. Həştərxanda vəhabilərin hərbi qanadı yaradılıb – “Nurlu İslam”. Maraqlı məqam budur ki, faktlara görə “Nurlu İslam”ın Azərbaycanda Xəzər Dənizçilik İdarəsinin tərkibində də vəhabilərin özəkləri yaradılıb. Onlar Həştərxan – Bakı limanları arasında kommersiya əlaqələri qururlar. 1994-cü ildə Dağıstandakı vəhabi təşkilatı ilə Zaqatala və Balakən rayonu ərazisindəki vəhabi təşkilatları arasında “Təmiz qardaşların təmiz İslam”ı adlı bir saziş belə bağlanılıb. Rusiyada 14 “Vəhabi – İslam” təşkilatı qeydiyyatdan keçib. Bunlar arasında “Əl – İğas”, “Dar – Əl – Ver”, “İslam konqresi”, “Sino”, “İslam dünyası”, “Vəhabi tövbəsi”, “Nicat”, “Əl – Xeyriyyə”, “Əl – Həramiyyə” və s. vəhabi cəmiyyət və təşkilatları misal göstərə bilərik. Elə götürək Zaqatalanı. 2000-ci ildə oranın Əliabad kəndində “Əl – İğas” təşkilatının özəyi yaradıldı. 2001-ci ildə Mosul kəndində “Sino” cəmiyyətinin özəyi qoyuldu. 2000-ci ildə Çar kəndində “Nicat” təşkilatının özəyi yarandı. Qaxda da vəziyyət qənaətbəxş deyildi. Belə ki, vəhabilik buranı öz ağuşuna almışdı. 2000-ci ildə oranın məşhur Qum kəndində “İslam dünyası” təşkilatının özəyi qoyuldu. Daha sonra İlisu və Qaşqaçay kəndlərində “Əl – İğas” təşkilatının özəyi yaradıldı. 2003-cü ilin may-iyun aylarından başlayaraq Zaqatala, Xudat, Xaçmazda “İslam uğrunda”, “Əbdül-Vəhabın vəsiyyətləri”, “Əl – Həramiyyənin çağırışı” adlı vərəqələrin yayılması başlandı. Bu vərəqələrdə vəqabilər öz ideyalarını, fikirlərini xalqa yaymaq, beyinlərə hopdurmaq istəyirdilər. Bu məqamda bir məsələ xüsusən qeyd olunmalıdır. Belə ki, vəhabiliyi yayanlar elə adamlar olurdular ki, onlar kütləni ardınca daşımağı, sözləri keçirməyi bacarmalı idilər. Bundan başqa, bu təbliğat kompaniyasında təhsilin də böyük rolu var idi. Belə ki, Zaqatalada ordu quruculuğunda iştirak etmiş şəxslərdən 21, Xaçmazda 15, Qusar 13 nəfər və s. Ərəb ölkələrindəki vəhabi universitetlərində təhsil almaq üçün cəlb edilmişdi. Təhsilə cəlb edilmişlər əsasən “Əl – Əzhər”, “Əl – Zeytun”, “Abi – Nur”, “Peyğəmbər” Universitetlərində təhsil alırdılar. Səudiyyə Ərəbistanının “Ümumdünya İslam təşkilatı”, “İslama Çağırış Komitəsi”, “İslam Xeyriyyə Təşkilatı”, “Beynəlxalq İslama Yardım Təşkilatları” vəhabi təşkilatları idi və onlar Azərbaycanın qaçqın düşərgələrində xeyriyyəçilik tədbirləri adı altında missionerlik fəaliyyətlərini genişləndirirdilər. Onlar heç kimdən çəkinmədən məscidlər belə tikdirirdilər. Balakəndə 8, Zaqatala 7, Qubada 8, Qaxda 6, Xudatda 4, Xaçmazda 6 vəhabi məscidi tikilib və maraqlı məqam budur ki, bu məscidlərdən heç biri rəsmi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərib. Vəhabilər Azərbaycanda mənəvi, psixoloji, iqtisadi, hərbi – siyasi terrora cəhd edirlər. Onlar bu gündə aramızdadırlar və özlərini əsl müsəlman, töhvid əhli hesab edirlər. Onlar Əbdül – Vəhabın inanclarını qəbul etməyənlərə “Hərbi kafir” adlandırır və belə insanların heç bir şəkildə toxunulmazlıq hüququna malik olmadığını bildirirlər. Bu şəxslərin malını, canını, namusunu özləri üçün halal sayırlar. Bir vaxtlar bu təriqəti Rafiq Əliyevin himayə etdiyi deyilirdi. Kim bilir, bəlkə bu ənənə bu gün də davam edir...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?