Səlahəddin Özgündüz: " Vəhabilər Azərbaycanda gücləndikdən sonra dövləti yıxmağa çalışacaqlar"
Din xadimi, Türkiyənin Cəfəri İcmasının rəhbəri Səlahəddin Özgündüz salamnews.az saytına müsahibə verib. Müsahibənin bir hissəsini diqqətinizə çatdırırıq: - Siz dekabrda Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmisiniz. Forumda hamı Azərbaycanı dünyaya tolerantlıq nümunəsi kimi göstərmişdi. Sizin Azərbaycanda dövlət-vətəndaş-din münasibətləri haqqında fikirləriniz necədir? - Azərbaycandakı soydaşlarımızın duyğuları mənim duyğularımdır. Sizin ideallarınız tamamilə bizim ideallarımızdır. Lakin fikirlərimiz metodoloji və strateji baxımdan fərqlidir. Birincisi, Azərbaycan şiə ölkəsidir. Hər halda mən belə bilirəm. Lakin mənə məlumat verilir ki, son zamanlar bu baxımdan vəziyyət dəyişir. Əgər dəyişiklik olubsa, onda özünüzü bir də diqqətdən keçirməlisiniz. Hər şeyə "mən nə etdim?" və ya "mən nə edə bilərdim, etmədim?" deyib baxmaq lazımdır. Azərbaycan vətəndaşı öz məmləkətində özünü yadlaşdırırsa, əcnəbiləşdirirsə, başqası gəlib sənin yerində, yurdunda yerli kimi davranırsa, onda məmləkət həmin adamın məmləkətinə çevrilər və o şəxs səndən çox tərəfdar tapar. Deməli, sən haradasa səhv etmisən və özünü yenidən diqqətdən keçirməlisən. İkincisi, Azərbaycan ərazilərinin 20%-i erməni işğalı altındadır, 1 milyon məcburi qaçqın, köçkün, yüzlərlə dərd var. Onların hamısı bizim üçün mühümdür. Amma bu dərdlərimizə dərman tapmaq üçün nədən başlamalıyıq? Bunların arasında ən böyük dərdimiz hansıdır? O sıralamada kimsə desə ki, Vətənin işğalına son qoymaqdan daha mühüm şey var, o zaman öz həmvətənləri üçün yad olar. Əsas məsələ Qarabağ məsələsi olmalıdır. Milli məsələlərdən uzaqlaşsan marginallaşar, qrupçu, öz Vətənində qərib, məzlum olarsan.Mən Azərbaycanda xüsusən iki şeyə önəm verirəm. Birincisi, işğal olunan torpaqlarımızı düşməndən azad etməliyik. Yoxsa, dünyada nə qədər azərbaycanlı varsa, hamısı başıaşağı olacaq. "Ermənilərin arxasında ruslar, amerikalılar var" kimi bəhanələrdən artıq vaz keçmək lazımdır. Sənin arxanda Allah var. Ondan böyük güc yoxdur. İkincisi, Azərbaycanın dini demoqrafik tərkibinin qorunmasıdır. Yəni kim necə varsa, elə də qalsın. Şiəsi şiə, sünnisi sünni qalsın. Buranın 2/3-i şiədirsə, elə qalsın. Bu da mənim Qarabağ qədər önəm verdiyim şeydir. Yox, əgər Azərbaycan şiə-azəri məmləkəti olmaqdan çıxsa, o zaman bura artıq mənim məmləkətim olmayacaq. - Bu demoqrafik tərkib qorunmasa, nə baş verəcək? - Azərbaycana sünnilik adı ilə əslində yalnız vəhabilik idxal olunur. O zaman Azərbaycan dönüb olacaq Səudiyyə Ərəbistanı və ya onun bir şöbəsi. Burda çoxluq vəhabi olandan sonra başlayacaqlar şiələri qovmağa. - Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə vəhabilərin sayı kifayət qədər artıb. Amma Azərbaycan müstəqillik əldə etdiyi zaman burada vəhabilik olmayıb. Sizcə, bu nə ilə əlaqədardır? - Özlərini sələfi adlandıran vəhabilər təzə məskən saldıqları ölkələrdə özlərini əvvəlcə quzu kimi aparır, dövləti tərifləyir və bundan istifadə edərək çoxalırlar. Elə ki, gücləndiklərini hiss etdilər, dönürlər canavara. Onlar Azərbaycanda hələ yeni yuva qurmağa başlayıblar. Ona görə də hələ dövləti tumarlayırlar, amma bir müddət sonra onu yıxacaqlar. Biz artıq başqa yerlərdə bu təcrübəni yaşamışıq. Azərbaycanda da tumarlaya-tumarlaya sonda dövləti yıxmağa çalışacaqlar. - Məgər Azərbaycanda vəziyyət o dərəcəyə çata bilər? - Əlbəttə, onların bir strategiyaları var - Azərbaycana gələndə rəsmi şəxslərin yanında ümummilli lider Heydər Əliyevə dua edirlər, ölkədən çıxan kimi deyirlər ki, onlar kafirdirlər və başlayırlar dövlət əleyhinə işlər görməyə. Bu dövlət Azərbaycan vətəndaşlarının dövlətidir. Vətəndaş dövlətlə bərabər ölkəyə əcnəbi zehniyyətini soxmağa çalışanlara qarşı birgə mübarizə aparsa, daha yaxşı olar. Hələ də gecikməyibsiniz. Qoymayın əcnəbilər gəlib, sizi aldadıb dövlətinizi yıxsınlar. - Əcnəbi deyərkən konkret kimi nəzərdə tutursunuz? - Əlbəttə ki, vəhabiləri.
Sorğu
Yeni dizaynımız necədir?