Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsi ilə vidalaşacağı və istefaya göndəriləcəyi yenidən gündəmi zəbt etdiyi məqamda, siyasi müşahidəçilərin də rəyləri və ehtimalları dövriyyəyə girib.
Adının açıqlanmasını istəməyən millət vəkilinin bildirdiyinə görə, Bakı meri Hacıbala Abutalıbovun əvəzlənməsi ilə bağlı ictimaiyyətə ötürülən xəbərlər heç də əsassız deyil. Çünki H.Abutalıbov hakim komandanın ən sadiq kadrlarından biri sayılsa da, gələn il artıq 70 yaşını tamamlayacaq: “Həm də nəzərə alın ki, 2014-cü ilin yanvarında H.Abutalıbovun mer təyinatının 13 ili tamam olur. Bu isə az zaman deyil, ona etimadın göstəricisidir. Ancaq yaş öz sözünü deyir. Ölkə rəhbərliyi komandasının gəncləşməsində maraqlıdır və təsadüfü deyil ki, Əmək Məcəlləsində vəzifəli şəxsin də son yaş həddi ilə bağlı dəyişiklik edildi. Bu baxımdan Hacıbala Abutalıbovun 2014-cü ilin mayına qədər (mayın 13-ü H.Abutalıbovun 70 yaşı tamam olur) istefaya gedəcəyi gözləniləndir”.
H.Abutalıbovu kimin əvəzləyəcəyi məsələsinə gəldikdə isə son sözün Prezident tərəfindən deyiləcəyini söyləyən müsahibimiz bu gün yayılan xəbərə də münasibət bildirdi: “Bu gün yayılan məlumatda Abşeron rayonun icra başçısı Zakir Fərəcovun adı real namizəd olaraq çəkilib. Bu ehtimal ümumiyyətlə dövriyyədə yoxdur və belə versiyanın mediada necə yayıldığını izah etməkdə çətinlik çəkirəm”.
Həmsöhbətimiz mer vəzifəsinə namizədlər sırasında 4 nəfərin adını çəkdi: “Maraqlıdır ki, Bakının 12 rayonundan birinin icra başçısının şəhər meri gətiriləcəyi barədə yekdil fikir var. Adı sadalanan namizədlər içərisində ən şanslısı isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir”.
Millət vəkilinin sözlərinə görə, cəmi 46 yaşı olan A.Fərzəliyevə gənc yaşından etimad göstərilib: “YAP Siyasi Şurasının və MOK İcraiyyə Komitəsinin üzvüdür, sadiq və işini bacaran kadrlardan hesab olunur. Avtobioqrafiyası və hazırkı statusu, həmçinin Bakının iki rayonunda icra başçısı işləməsi səbəbindən paytaxtın problemlərini bilməsi onu namizədlər sırasında hələlik favoritə çevirib”.
- See more at: http://axar.az/news/3645#sthash.6QehzgMy.dpuf
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?